İcra başçıları “kasıblıq təhlükəsi”nin bir addımlığında
11:29 18-10-2013
İQTİSADİYYAT
İcra başçıları “kasıblıq təhlükəsi”nin bir addımlığında
Onların ən çox pul gətirən səlahiyyətlərindən biri əllərindən alına bilər
Azərbaycanda lisenziyalaşdırma ilə bağlı müəyyən islahatların həyata keçirilməsi mümkündür. Bu xüsusilə yerli icra hakimiyyəti orqanları tərəfindən verilən lisenziyalarla bağlıdır.
Belə ki, yerli icra hakimiyyəti orqanları tərəfindən verilən lisenziyaların ya hamısının, ya da bir qisminin bələdiyyələrə transfer edilməsi təklif olunur. Bu təklifi əksər iqtisadçı-ekspertlər müdafiə edirlər. İstisna olunmur ki, həmin təklif hökumətin özündə də diqqəti cəlb etsin və sonda müsbət qərar qəbul olunsun.
Əgər təklif reallaşarsa, bu, avtomatik olaraq yerli icra hakimiyyətlərinin ciddi səlahiyyət itkisi ilə üzləşəcəyi anlamına gəlir. Məsələ
burasındadır ki, hazırda Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının verdikləri icazə və lisenziyalar da vardır ki, bunların da sayı 12-dir.
İqtisadçı ekspertlərin qənaətinə görə, bələdiyyələrin maliyyə təminatının gücləndirilməsi və tənzimləyici səlahiyyətlərinin artırılması baxımından yerli icra hakimiyyəti orqanlarının verdikləri aşağıdakı lisenziyalardan hansıların bələdiyyələrin səlahiyyətinə verilməsi məsələsi araşdırılmalıdır:
* Mövsümi ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə;
* Ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin qeydiyyat şəhadətnaməsi;
* Tütün məmulatının satışına lisenziya;
* Etil spirtinin və alkoqollu içkilərin satışına lisenziya;
* Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi;
* Bələdiyyə torpaqlarına dair rəy məktubu;
* Torpaq sahəsinin ayrılması;
* Obyektlərin yenidən qurulmasının memarlıq-planlaşdırma həlli layihəsinin razılaşdırılması;
* Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin memarlıq-planlaşdırma həlli layihəsinin razılaşdırılması;
* Yaşayış sahəsinin yenidən qurulması, yenidən planlaşdırılması;
* Obyektin tikinti-quraşdırma işlərinin aparılmasına icazə;
* Mühəndis kommunikasiya xətlərinin təmiri və çəkilişi üçün sərəncam.
Əksər mütəxəssislərin fikri ondan ibarətdir ki, qeyd olunan səlahiyyətlərin bələdiyyələrə verilməsi mümkündür. Əslində bir çox Avropa ölkəsində müxtəlif fəaliyyət növlərinə lisenziyaların verilməsi yerli icra hakimiyyətlərin səlahiyyətindədir. Əsas məsələ bələdiyyələrə real hakimiyyət statusunun verilməsidir. Bələdiyyələrin statusu və səlahiyyət problemlərinin həlli ciddi islahatların aparılmasını tələb edir. Bunun üçün bu instituta münasibətdə köklü dəyişiklik olmalıdır.
Həmin köklü dəyişikliklərdən biri isə məhz lisenziyalaşdırma ilə bağlı yerli icra hakimiyyətlərinin əlində cəmləşən səlahiyyətlərin bələdiyyələrə verilməsidir.
Bir çox ekspertlər bunu bir qədər çətin proses hesab edir. Belə ki, lisenziyalaşdırma ilə bağlı səlahiyyətlərin əlindən alınması icra başçıları üçün olduqca ciddi səlahiyyət itkisi olmaqla bərabər, həm də onların qeyri-leqal yollarla pul əldə etmək imkanlarının azalmasıdır. Söhbət ondan gedir ki, hazırda yerli icra hakimiyyətləri lisenziyaların verilməsini əsl rüşvət mənbəyinə çeviriblər. Həmin səlahiyyət onlardan alınarsa, bu, icra
başçılarının xeyli “kasıblaması” anlamına gələcək.
Ona görə də ehtimal etmək mümkündür ki, icra başçıları məlum təklifin reallaşmasına var gücləri ilə müqavimət göstərəcəklər. Nəzərə alsaq ki, əksər icra başçılarının arxasında güclü himayədarlar dayanır; onda onların həmin himayədarlar vasitəsilə sözügedən təklifin hökumətin gündəminə gəlməməsi, gələcəyi təqdirdə isə müsbət rəy qazanmaması üçün əllərindən gələni edəcəklər.
İstənilən halda demək lazımdır ki, reallaşıb-reallaşmayacağından asılı olmayaraq hazırda icra başçılarını gözləyən ciddi bir təhlükə - səlahiyyət itkisi riski var.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20