Nazir oğlunun istintaqa ifadəsi yayıldı
11:30 18-10-2013
İQTİSADİYYAT
Nazir oğlunun istintaqa
ifadəsi yayıldı
“Guya hadisə vaxtı İsmayıllıda olmağım barədə məlumatlar tamamilə yanlışdır”
Bu ilin yanvarında İsmayıllı rayonunda baş verən hadisələrlə bağlı Azərbaycanın Əmək və əhalinin social müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun istintaqa verdiyi ifadəsi aşıqlanıb.
Yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib.
Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun (Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı) istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun ifadəsindən:
Zərərçəkmiş şəxs Ələkbərov Vüqar Füzuli oğlu ifadəsində İsmayıllı şəhəri Nizami küçəsi, 21 ünvanında yerləşən “Çıraq” otelinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mülkiyyət hüququnu təsdiq edən 9 mart 2011-ci il tarixli 0162374 nömrəli şəhadətnaməsinə əsasən xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alındığını, həmin otelin yerləşdiyi ərazi və tikilinin fiziki şəxsdən satın alındığını, otelin 01.08.2011-ci il tarixdə istifadəyə verildiyini, Mədəniyyət və Turizm Nazirliyindən lisenziya aldığını, 25.07.2011-ci il tarixli icarə müqaviləsinə əsasən otelin “VAFİ Turizm” MMC-yə icarəyə verildiyini, otelin inzibatçısı vəzifəsinə “VAFİ Turizm” MMC-nin direktorunun əmrinə əsasən Emil Şəmdinovun təyin olunduğunu deyib. Vüqar Ələkbərov “VAFİ Turizm” MMC-nin idarəçiliyinə müdaxilə etmədiyini, Emil Şəmdinovu “Çıraq” otelinə vəzifəyə təyin olunandan sonra tanıdığını, onunla münasibətlərinin xidməti olduğunu, otelin işlədilməsinə, iqtisadi fəaliyyətinə hər hansı qarışacağının olmadığını, 23.01.2013-cü il tarixdə İsmayıllı şəhərində baş vermiş hadisələrə qədər Emil Şəmdinovun İsmayıllı rayonu ərazisində işlədiyi müddətdə hansısa qanunsuz hərəkətlərə yol verməsi barədə ona hər hansı məlumat daxil olmadığını, bu barədə heç nə eşitmədiyini, əksinə, onun bacarıqlı menecer xüsusiyyətlərinə malik olmasına dair məlumatları olduğunu, otel istifadəyə verildikdən sonra dəfələrlə həmin oteldə qaldığını, orada işləyənlərdən və ya qalanlardan, həmçinin İsmayıllı rayon sakinlərindən otelin fəaliyyəti, Emil Şəmdinovun hərəkətləri ilə əlaqədar ona hər hansı şikayətlər edilmədiyini əlavə edib.
Nazir oğlu 23.01.2013-cü il tarixdə Bakı şəhərində olduğunu, Bakı şəhərini tərk etmədiyini, hadisə barədə təxminən 23 radələrində İsmayıllı rayonunda Cüdo Federasiyasının inzibati binasının inşasında briqadir işləyən Anar Əlizadənin telefonla zəng vurub verdiyi məlumat əsasında xəbər tutduğunu, onun sözlərindən və sonradan digər mənbələrdən də öyrəndiklərindən hadisənin “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun otelin yaxınlığında idarə etdiyi avtomaşınla avtonəqliyyat hadisəsi törətməsi və daha sonra maşının sürücüsü və hadisə yerinə yığılmış şəxslərlə mübahisə edib dalaşması, onların ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən baş verdiyini, həmin hadisələrdə iştirak etmədiyini, hər hansı bədən xəsarəti almadığını, guya hadisə vaxtı İsmayıllı rayonunda olması barədə məlumatların tamamilə yanlış olduğunu, “Çıraq” otelinin yandırılması nəticəsində otelin içində məhv edilmiş, yandırılmış, talan edilmiş bütün avadanlıq, mal, əşya və bir ədəd “Chevrolet-Niva” markalı avtomaşının “VAFİ Turizm” MMC-yə məxsus olduğunu, yandırılmış “Hummer” markalı avtomaşın isə onun mülkiyyətində olsa da, həmin maşının alındığı vaxtdan, yəni 2011-ci ilin axırlarından “Çıraq” otelinin istifadəsinə verildiyini və orada saxlanıldığını, İsmayıllı şəhəri R.Teyyubzadə küçəsi, 8 saylı ev və orada yandırılan avtomaşınların isə qohumu Elxan Ələkbərovun (Nizami Ələkbərovun oğlu) mülkiyyətində olduğunu göstərmişdir.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53