İsmət Abbasov haqqında müdhiş iddia təsdiqlənirmi?
12:00 19-10-2013
İQTİSADİYYAT
İsmət Abbasov haqqında müdhiş iddia təsdiqlənirmi?
“Şmallenberq” müəmması haqqında deyilənlərə yenidən baxış
Respublika üzrə bunyavirus ailəsinə məxsus “şamonda”, “akabena”, “aina” viruslarının qarışığından yaranan “şmallenberq” virus xəstəliyinə yoluxan heyvanların sayı həm aparılan müalicə-profilaktik tədbirləri nəticəsində, həm də havaların sərinləşməsi ilə əlaqədar sıfıra enib. Bunu Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.
O bildirib ki, xəstəlik yekunlaşsa da, ehtimal olunur ki, bu xəstəlik yaz fəslində yenidən başlasın, elə buna görə də indidən lazımi tədbirlər görülür.
Qeyd edək ki, sözügedən xəstəlik Azərbaycanda iyulun 28-də qeydə alınıb. 255 000-dən çox heyvan bu xəstəliyə yoluxub. 160 baş iribuynuzlu heyvan bu xəstəliklə yanaşı inkişaf edən qan-parazitar xəstəliyindən tələf olub.
Maraqlıdır ki, aşkarlandığı ilk günlərdə ətrafında çox ciddi ajiotaj yaradılan, az qala Azərbaycanda heyvandarlığın sonuna çıxacağı deyilən məlum xəstəliyin çox keçmədən unudulması, indi isə belə xəstəliyə yoluxan bir heyvanın belə qalmadığının açıqlaması yada ilginc bir iddianı salır. Həmin iddia sözügedən virusun geniş yayıldığı yönündə ajiotajın ən güclü vaxtlarında gündəmə gətirilmişdi.
Əvvəlcə gəlin olaylar.az-da yer alan və sonradan əksər KİV-lərdə əksini tapan həmin iddianı xatırlayaq: “Adətən insan və heyvanlar arasında yeni virusların yayılması xəbəri əvvəlcə Avropa ölkələrindən, sonra yaxın qonşu ölkələrdən gəlsə də Azərbaycanda belə məlumatlar təkzib edilir. Hətta belə faktlar təsdiqini tapsa da ictimaiyyətdən gizlədilir, oxşar təkzibedici məlumatlarla vətəndaşların narahatçılığının aradan qaldırılmasına cəhd edilir. Ancaq nədənsə bu məlumat birdən-birə dövriyəyə buraxıldı ki, nəticədə insanlar arasında “virus xofu” yaradılmasına nail olundu. Belə bir məlumatın isə məqsədli şəkildə ortaya atıldığı bildirilir.
Məlumat yayıldıqdan sonra qısa müddət ərzində atılan addımlar səslənən iddianın həqiqiliyini təsdiqləməyə imkan verir. Xüsusən Kənd Təsərrüfatı Nazirliyi və qurum təmsilçilərinin canfəşanlığı şübhələri bir az da artırır. Kiçicik bir müqayisə yayılan xəbərin əsil mahiyyətinə aydınlıq gətirir. Vaxtilə “quş qripi” virusu ilə bağlı yayılan məlumatda bildirilirdi ki, sözügedən virus ev və çöl quşları ilə təmasdan belə insanlara keçə bilər, iribuynuzlu heyvanlar arasında yayıldığı iddia olunan məlumatda isə qeyd olunur ki, bu virusun insanlara keçmə ehtimalı sıfıra bərabərdir. Ancaq nədənsə cənab nazir “quş qripi” kimi təhlükəli virusun yayıldığı zaman belə narahat görünmürdü. Deməli, aysberqin görünməyən tərəfində sirli olan məqamlar mövcuddur. Ancaq onu da qeyd edək ki, “quş qripi” virusuna qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrılmasına nail olundu. Və indi yaranan situasiyanı boşuna vermək istəmir. Elə nazir İsmət Abbasovun da tələsik yeni virusa qarşı mübarizə məqsədilə dövlət büdcəsindən vəsaitin ayrılması üçün müraciət etməsi bir çox mətləblərə aydınlıq gətirir.
Məlumat üçün qeyd edək ki, İsmət müəllimin sözügedən virusa qarşı mübarizə məqsədilə dövlət büdcəsindən vəsaitin ayrılması müraciətinə Nazirlər Kabineti tərəfindən müsbət reaksiya verilib. Nazirlər Kabinetinin sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə zəruri olan xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicəvi dərmanların, dezinfeksiya və dezinseksiya maddələrinin alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat məbləğində vəsait ayrılıb. Ancaq nədənsə İsmət Abbasovun nazirlik “karyerasında” yaranan buğda çatışmazlığı dövründə belə çanfəşanlıq etməsinin şahidi olmamışıq. Ona görə də bu prosesdə iki meyarın qiymətləndirilməsi zərurəti yaranır: Necə oldu ki, birdən-birə belə bir xəbər meydana çıxdı və virusa qarşı aparılan mübarizə niyə effekt vermir? Əslində bu sualların cavablandırılması elə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinə qiymət vermiş olur. Belə bəlli olur ki, ya nazirlik yayılan virusa qarşı effektli mübarizə apara bilmir, ya da məqsədli şəkildə cəmiyyətdə “virus xofu” yaratmağa cəhd edir. Məntiq göstərir ki, nazirliyin fəaliyyəti ikinci versiyanı hədəf kimi seçib. Nazirliyin müvafiq qurumunun fermerlərə müraciəti də dediklərimizin təsdiqinə bir daha əsas verir. Məsələ orasındadır ki, nazirlik yaranmış vəziyyətdən maksimim istifadə etmək niyyətindədir. Əks halda Azərbaycanda belə bir virusun geniş yayılma ehtimalı olduqca azdır. Ölkədə qlobal ekoloji problem yox, isti, quraqlıq müşahidə olunmur, heyvanlar əsasən yerli məhsullarla yemlənir. Belə halda məlum olur ki, virus barədə yayılan məlumatlar elə də təhlükəli hesab olunmur. Məqsəd isə nəyin bahasına olursa olsun dövlət büdcəsindən maksimum dərəcədə vəsait əldə etməkdir”.
Belə görünür ki, bu iddianı ortaya atanlar haqlı imişlər. Əks halda ətrafında olduqca ciddi ajiotaj yaradılan, “böyük bəla” kimi qələmə verilən məlum xəstəlik niyə qısa müddət sonra unuduldu, indi isə rəsmi şəkildə həmin xəstəliyə yoluxan bir dənə də mal-qara qalmadığı açıqlanır?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20