Təpiklə çiliklənmiş arzular ölkəsi: onlar nə düşünürlər?
12:02 19-10-2013
İQTİSADİYYAT
Təpiklə çiliklənmiş arzular ölkəsi: onlar nə düşünürlər?
Belçikanın paytaxtı Brüsseldə Avropa Ermənilərinin 3-cı Forumu keçirildi.
Gözlənilən oldu və müxtəlif ölkələrdə yaşayan ermənilərin diaspor təşkilatları Ermənistan prezidenti Serj Sarkisyanın hakimiyyətini, onun yürütdüyü uğursuz və bivec siyasəti sərt tənqid etdilər.
Avropa ölkələrində yaşayan ermənilərin dediklərinə görə, Ermənistanda korrupsiya, rüşvətixorluq dözülməz həddə çatıb, ölkəni tərk edənlərin formalaşdırdıqları mühacirət dalğası milli fəlakətə çevrilib. Rəsmi Yerevanın yürütdüyü xarici siyasət isə ümumiyyətlə, az qala söyüş və təhqir obyektinə çevrilib.
Forumda Ermənistan parlamentinin spikeri Ovik Abramyan da iştirak edib. Onun toplantı ilə bağlı təəssüratlarını bilmək üçün Yerevana çatan kimi jurnalistlərə verdiyi açıqlamasındakı cümlələrə fikir vermək yetər: "Forumdan çox narazı qaldım. Ermənistan hakimiyyətini belə əsassız tənqid edənlər əslində düşmən dəyirmanına su tökürlər".
Bu sözlər Serj Sarkisyan və onun dəstəsinə, bir də iqtidarın ölkə daxilindəki olmayan "imic"inin daha ağır zərbələrə tuş olmaması üçün hakimiyyətin nəzarətindəki mediaya hesablanıb. Gerçəkdə isə Ovik Abramyan Brüsselə yığışmış ermənilərin tənqidlərinə sevinir: axı Ermənistanda hakimiyyət Serj Sarkisyanın əlindədir və deməli, erməni diasporunun kəskin narazılığı spikerə yox, prezidentə yönəlib.
Brüsseldəki forumun iştirakçılarının heyəti də maraqlı idi. Toplantıya qatılanlar arasında Dağlıq Qarabağdakı terrorçu rejimin lideri Bako Saakan, Kilikiya Erməni Patriarxlığının katolikosu 1-ci Aram, Erməni Apostol Kilsəsinin Fransa yeparxiyasının arxiyepiskopu Norvan da vardı.
Arxiyepiskop Norvan tutduğu postdan istefa versə də, Eçmiədzin onun istefasını, hələ ki, qəbul etməyib.
Forumdakı çıxışlar və ümumiyyətlə, toplantının ab-havası əvvəlki diaspor yığıncaqlarından çox fərqləndi. Belə ki, Avropa ölkələrində yaşayan erməni diaspor təşkilatlarının Ermənistan prezidenti Serj Sarkisyana qarşı alyans yaratmaq, birləşmək cəhdləri aşkar sezildi. Bütün ermənilərin katolikosu 2-ci Qareginin Yerevandakı iqtidarı dəstəklədiyini xatırlasaq, Brüsselə yığışmış ermənilər arasındakı keşişlərin də 2-ci Qareginə qarşı çıxmağa başladıqlarını demək olar.
Ermənistan dövlət müstəqilliyi qazanan ilk gündən bəri erməni diasporu ölkədəki proseslərə fəal müdaxilə edib və əksər hallarda həmin proseslər xaricdəki erməni təşkilatlarının ssenarisi əsasında başlanaraq, idarə olunub. Ölkənin ilk prezidenti Levon Ter-Petrosyan və onun xələfi Robert Köçəryanın hakimiyyəti illərində diaspor hətta Yerevanda mənzil-istismar kontorunun rəisi vəzifəsinə təyinatlara da qarışırdı: o ki ola xarici siyasət və ya parlamentdə qanunların qəbul edilməsi.
Lakin son illərdə vəziyyət dəyişib. Daha doğrusu, Serj Sarkisyan prezident "seçilən" ilk aylardan başlayaraq rəsmi Yerevan ölkənin daxili və xarici siyasətindən diasporu kənarlaşdırmağa başlayıb.
5 il əvvəl Sarkisyan Diaspor və Turizm Nazirliyi yaradaraq faktiki olaraq diaspordakı erməniləri etnik turistlər kimi səciyyələndirdi.
O vaxtdan bəri Sarkisyan rejimi xarici ölkələrdəki ermənilərin diaspor təşkilatlarını ölkə siyasətindən maksimum dərəcədə uzaqda tutmağa çalışır.
Erməni diasporunun siyasi təşkilatları çoxdur və onların arasında Erməni İnqilabi Federasiyası-Daşnaksutyun ilə Hnçak Partiyası xüsusi yer tutur. Serj Sarkisyan iqtidarı da məhz bu səbəbdən daşnaklarla "hnçakan"ları Yerevandakı siyasi proseslərdə zəiflətməyə can atırdı və demək olar ki, istədiyinə çatıb.
Hakimiyyətinin ilk illərində daşnaklara bol vədlər verən, Robert Köçəryan iqtidarı zamanı təqiblərə məruz qalmış Daşnaksutyuna iqtidarda koalisiya ortağı qismində yer ayıran Serj Sarkisyan diasorun maliyyə axınlarını gücləndirməsinə nail olmuşdu. Ən müxtəlif infrastruktur, bərpa və rekonstruksiya, təmir və inşaat layihələri adı ilə alınan pullar Yerevandakı hakimiyyətin dayaqlarının möhkəmləndirilməsinə sərf olundu.
Eyni zamanda Dağlıq Qarabağ məsələsində diasporun dəstəyindən məharətlə yararlanan Serj Sarkisyan ölkə daxilindəki narazı kütləni "dünya erməniləri bizi dəstəkləyir" idefiksi ilə sakitləşdirməyə çalışdı və diasporun özündə "Qarabağla bağlı danışıqlarda bir addım geri çəkilməyəcəyəm" vədi verdi.
Fəqət, sonradan əvvəlcə Rusiya, sonra Qərbin təzyiqlərinə davam gətirməyən Sarkisyan diasporla münasibətləri köklü şəkildə dəyişməyə başladı. Yerevandakı hakimiyyətlə diaspor arasındakı münasibətlərdə dərin uçurum isə Türkiyə ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarının imzalanmasından sonra yarandı. Serj Sarkisyanın bu sənədləri imzalamasını xəyanət kimi dəyərləndirən diaspor ona arxa çevirdi, Yerevandakı iqtidar da ölkə siyasətinə diasporun təsir rıçaqlarını həddən ziyadə zəiflətdi.
Baş verənlər Sarkisyanın siyasəti yox, onun siyasətinin fiaskosu idi.
Sürix protokolları Qərbin təzyiqi ilə imzalansa da, Sarkisyanın Rusiya və Qərb arasında barraj edərək hər iki tərəfdən faydalanmaq cəhdləri puç olmuşdu.
Çünki Qərb ermənilərdən Rusiyanın təsirindən qurtulmağı, Rusiya isə Yerevandan Qərbin dediklərini qulaqardına vurmasını tələb edirdi.
İki əks tələblər arasında qalan Yerevan iqtidarı hər iki tərəfin dəstəyini itirdi - axı iki ağanın qulluqçusu olmaq mümkün deyil.
Bəhs etdiyimiz səbəblərdən diasporda Sarkisyanla bağlı narazılıqlar artırdı və indi xaricdəki ermənilərin təşkilatları Yerevan iqtidarını az qala milli maraqlara xəyanətkarlar yığını hesab edirlər.
Bu baxımda əsla istisna deyil ki, Qərbin S.Sarkisyana potensial rəqib qismində hazırladığı şəxs ölkədə keçiriləcək növbəti prezident seçkilərində diaspor dairələrinin kritik narazılıq potensialından yararlanacaq. Ermənilərin dünyəvi, siyasi və kilsə təşkilatları Sarkisyandan beziblər.
Eyni zamanda, Daşnaksutyunun da rəhbərliyinə dəyişikliklər, bu partiyanı Yerevan iqtidarına qarşı daha sərt mövqe tutmuş adamların idarə etmələri istisna deyil.
Nə də olsa, erməni diasporunun Brüssel forumu göstərdi ki, xaricdə yaşayan ermənilər Yerevandakı iqtidara təsir yolları arayırlar. Axtarışlar bundan sonra da davam edəcək və onlar çox mürəkkəb olacaq.
Səbəb isə Ermənistanın siyasi müstəvisində indi Serj Sarkisyana qarşı aşkar rəqabətə çıxan və sərt qarşıdurmaya hazır insanların faktiki olaraq yoxluğudur.
Üstəlik, Sarkisyan rejimi ilə mübarizə aparmaq üçün heç olmasa, kiçik ictimai dayaq və platformaya ehtiyac duyulur.
Nədən ki, "erməni siyasəti" ifadəsi artıq "holland xəstəliyi" və ya "Şimali Koreya marazmı" kimi beynəlxalq kateqoriyaya çevrilir.
"Erməni siyasəti" dedikdə ölkənin müstəqilliyi, azadlığı və suverenliyinin, daxili və xarici siyasətinin hakimiyyətdəki rejimin maraqlarının təminatı üçün daha güclü dövlətə peşkəş edilməsi nəzərdə tutulur.
Serj Sarkisyan illərdir ki, ermənilərə "kiçik dövlət böyük siyasət yürüdə bilməz" fikrini aşılamağa çalışır və israrla bildirir ki, Ermənistan təki "müşkül geosiyasi vəziyyətdə olan ölkə mütləq şəkildə Rusiyanın dəstəyinə arxalanmalıdır".
Fəqət, kiçik ölkə belə konformizm, təşəbbüsün, ümümiyyətlə, gözə dəyməməsi, müstəqilliyin tapdanması və hakimiyyətdə hansısa məsuliyyətin yoxluğundan ibarət siyasət yürütdüyünə görə utanmalıdır.
İş o yerə çatıb ki, beynəlxalq toplantılarda və yüksək səviyyəli görüşlərdə Ermənistan prezidenti Serj Sarkisyan lağa qoyulur, ona məsxərə ilə gülürlər. Gülənlər arasında Yerevandak rejimi himayə edən Rusiyanın siyasətçiləri də var.
Ermənistanın MDB Gömrük Birliyinə "könüllü" daxil olmasından sonra isə dünya birliyi bu ölkəni istənilən istiqamətə təpiklə vurub yönləndirməyə mümkün futbol topu sayır.
Bəla odur ki, belə təpiklənmək, deyəsən, topun xoşuna gəlir.
Ermənistandakı Serj Sarkisyan bandokratiyası hakimiyyətdən kənarlaşdırılmayınca vəziyyət belə davam edəsidir.
Ermənilər bu acı həqiqəti artıq dərk etməlidirlər.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-29 12:34:39
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34