Milli Şura daha bir zərbə aldı
10:08 23-10-2013
İQTİSADİYYAT
Milli Şura daha bir zərbə aldı
Lalə Şövkət hələ seçkilərdən əvvəl bu qurumdan istefa veribmiş
Azərbaycan Liberal Partiyasının (ALP) sədri, Milli Şuranın üzvü Əvəz Temirxanın açıqlamasına görə, “Lalə Şövkət Milli Şuradan istefa verib”.
Onun sözlərinə görə, ALP lideri Lalə Şövkət hələ prezident seçkilərindən əvvəl Milli Şuradan istefa verib: “Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin namizədliyi irəli sürüləndən sonra Lalə Şövkət Milli Şuradan istefa verdi. Lakin seçkiqabağı kampaniya olduğundan, Cəmil Həsənlinin kampaniyasına zərər vurmamaq üçün Lalə Şövkətin istefa məsələsini qabartmadıq”.
Əvəz Temirxanın “Unikal”a söylədiyinə görə, “Müxalifətə ziyan vurmamaq üçün bu qərarı gec elan etdik. Biz ALDP olaraq hesab edirik ki, Milli Şuranın fəaliyyət mexanizminin daxili, yəni mətbuatdan qapalı müzakirəsinə ciddi ehtiyac var. Lakin təəssüf ki, bir neçə dəfə cəhd etsək də, buna nail ola bilmədik”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Unikal”la bölüşdüyü fikirlərə əsasən, “Sözügedən qurum Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə Milli Şura adlandırılmışdı. Onun seçkilərdən əvvəl Bakıya qayıdıb prezident seçkilərinə qatılması baş tutmayandan sonra “Milli Şura” adı dəyişdirilməliydi. Bunu o vaxt etmədilər və ad mahiyyətə uyğun olmayanda istər-istəməz iflas baş verməlidir ki, hazırda da bunu müşahidə edirik. Yəni Milli Şura artıq dağılmağa başlayıb”.
Partiya sədri hesab edir ki, “Milli Şura təzə yarananda iki əsas qüvvədən təşkil olunmuşdu. Birincilər milli-demokratik hərəkatdan gələnlər idi ki, onlar daha çox qisasçılıq hissi ilə yaşayırdılar. İkinci tip qüvvələr isə sonradan müxalifətə qoşulmuş Rəsul Quliyev, Eldar Namazov və Lalə Şövkət kimi keçmiş iqtidar mənsubları idilər. Lalə xanımın istefasından sonra Rəsul Quliyev istefa verib, çox güman ki, Eldar Namazov da bu qurumu tərk edəcək. Yəni faktiki olaraq bu gün Milli Şura adı altında İctimai Palatanı təşkil edən qüvvələrin fəaliyyət göstərdiyini görürük. Belə olan halda niyə onlar Milli Şuranı buraxıb yenidən İctimai Palata kimi meydanda görünməsinlər?”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Unikal”a dediyinə görə, “Lalə xanım Milli Şuradan istefa qərarını seçkilərdən sonra elan etməklə yüksək siyasi əxlaq nümayiş etdirib. Hələ seçkilərdən əvvəl onun Milli Şuranın işi ilə bağlı bəyanatı olmuşdu və hiss edilirdi ki, Lalə xanım proseslərin gedişi ilə barışmaq niyyətində deyil. Hətta həmin bəyanatda Milli Şuranın iş üslubu iqtidarın iş üslubu ilə müqayisə edilmişdi”.
Partiya sədrinin fikrincə, “Lalə xanımın bu addımı o deməkdir ki, o bu qurumda fəaliyyət göstərməyi özünə layiq hesab etmir. Fikrimcə, prezident seçkilərinin uğursuz nəticələrindən sonra müxalifətin yenidən differensiallaşması prosesi baş verməlidir. Yəni hər bir partiya beşillik fəaliyyətini saf-çürük edib yeni istiqamətlər axtarmalıdır”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20