Kərəm Həsənovun acı məğlubiyyəti
12:22 25-10-2013
CƏMİYYƏT
Kərəm Həsənovun acı məğlubiyyəti
Onun öz komitəsini böyütmək planı iflasa uğradı
Azərbaycanda yeni hökumətin tərkibi açıqlandı. Kimlər üçünsə bu, ikiqat sevinc oldu, kimlərsə də yenidən hökumətin tərkibində yer almağın sevincini yaşamaqla kifayətləndi.
Məsələn, iqtisadi inkişaf naziri Şahin Mustafayev yenə də bu postu qoruyub-saxlamaqla bərabər, həm də səlahiyyətlərinin daha da artırılmasının sevincini yaşayır. Belə ki, onun nazirliyi artıq İqtisadiyyat və Sənaye Nazirliyi adlanacaq.
Sənaye və energetika naziri Natiq Əliyev isə yalnız nazir postunda qalmasından məmnun ola bilər, çünki onun nazirliyi faktiki olaraq kiçildildi, sənaye sahəsi ondan alınaraq Şahin Mustafayevə verildi.
Əldə etdiyimiz məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov da ancaq öz postunda saxlanılmasından məmnundur. Ümumilikdə isə o, xəyal qırıqlığı yaşayır. Çünki Həsənov səlahiyyətlərinin genişləndiriləcəyini
gözləyirmiş. Söhbət Qərib Məmmədovun sədri olduğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunacağı və səlahiyyətlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə veriləcəyinə dair Kərəm Həsənovun gözləntisindən gedir.
Qeyd edək ki, hələ uzun müddətdir mətbuat yazırdı ki, K. Həsənovla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov arasında münaqişə günü-gündən güclənməkdədir. Çünki Həsənov bu qurumun Əmlak Məsələləri Dövlət Komitəsinə birləşdirilməsinə çalışır.
Bundan başqa iki qurum arasında gedən rəqabətin əsas motivi qeydiyyatsız evlərin sənədləşdirmə işlərinin hansı quruma həvalə ediləcəyi ilə bağlıdır. Hazırda ölkə üzrə 500 min belə ev var. Bunun da 300 mini paytaxtın payına düşür. Bu məsələ ilə bağlı xüsusi qanunun qəbul edilməsi gözlənilir. K.Həsənov çalışır ki, bu "rentabelli" işin icrası rəhbərlik etdiyi komitəyə tapşırılsın. Bu iş ilkin olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmişdi. Komitə də qeydiyyatsız evlərin siyahıya alınmasına başlamışdı. Ancaq K.Həsənovun səyləri nəticəsində bu məsələ Əmlak Məsələləri Dövlət Komitəsinin kurasiyasına keçib.
Ancaq K.Həsənov yaxşı anlayır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi prosesdən tam kənarda qala bilməz. Ən azı torpaq sahələrinin özəlləşdirilməsi bu qurumun funksiyalarına daxildir. Ona görə də bu qurumun ləğv edilərək funksiyalarının rəhbərlik etdiyi komitəyə verilməsinə çalışır. Bununla bağlı təcrübəsi də var -
Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti müstəqil qurum kimi ləğv edildi və komitənin idarəetməsinə verildi. Bu quruma 20 il rəhbərlik edən Arif Qaraşov isə oyundankənar vəziyyətdə qaldı. K.Həsənovun indi eyni aqibəti Q.Məmmədova da yaşatmaq istədiyinə dair KİV-də çoxsaylı məlumatlar yer alırdı.
Amma "əmlak şefi"nin planı baş tutmadı. Həm Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müstəqil qurum olaraq mövcudluğunu saxladı, həm də onun sədri Qərib Məmmədovun görəvindən alınacağına dair iddialar təsdiqini tapmadı. Bunun da Kərəm Həsənovda ciddi məyusluq yaratdığı bildirilir.
Onun bundan sonra da Məmmədovun komitəsini özünə tabe etdirmək istiqamətində cəhdlərini davam etdirib-etdirməyəcəyi məlum deyil. Bircə o məlumdur ki, Həsənovun prezident seçkilərindən sonra yeni hökumətin tərkibi formalaşdırılarkən ikiqat sevinc yaşamaq niyyəti reallaşmayıb. Bunu isə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin həm Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin sədrinə, həm də ümumiyyətlə, onun iqtidar daxilindəki rəqiblərinə acı məğlubiyyəti kimi qiymətləndirmək yanlış olmazdı.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49