Hüseynqulu Bağırovun Bakıdakı “yaşıl soyqırımı”ndan xəbəri varmı?
22:44 26-10-2013
İQTİSADİYYAT
Hüseynqulu Bağırovun Bakıdakı “yaşıl soyqırımı”ndan xəbəri varmı?
Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin müəmmalı susqunluğu
Son vaxtlar Bakıda yaşıllıqların məhv edilməsi ilə bağlı xəbərlər intensivləşib. Mütəmadi şəkildə paytaxtın rayonlarında ağacların kəsilməsi faktları ortaya çıxsa da, Hüseynqulu Bağırovun rəhbərlik etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin problemə müdaxiləsi hiss olunmur.
Gəlin əvvəlcə təkcə son günlər Bakıda yaşıllıqların məhvi ilə bağlı hansı ciddi faktların baş verdiyini xatırlayaq. Məsələn, Nəsimi rayon 5-ci mikrorayon ərazisində yerləşən Asif Məhərrəmov küçəsi 28, 32 saylı binaların qarşısındakı yaşıllıq kütləvi şəkildə məhv edilib. “Bank of Baku”nun yanında yerləşən bu yaşıllığa seçki ərəfəsində divan tutulub və şəhərin mərkəzində yüzə yaxın ağac bir gecənin içində kəsilib. Bu isə həmin ərazidə yaşayan sakinlərin ciddi etirazına səbəb olub. Onlar ölkə rəhbərliyinə, ayrı-ayrı səlahiyyətli qurumlara müraciətlər ediblər. Hətta sakinlər onu da bildiriblər ki, etirazlarına məhəl qoyulmasa aksiya keçirib yolu bağlayacaqlar.
Düzdür, Bakıda ağaclara soyqırım edilməsi birinci hadisə deyil. Amma gəlin razılaşaq ki, belə hal əvvəllər də mövcud idi və ölkə prezidentinin 2009-cu ildə keçirdiyi müşavirədən sonra kimsə sağlam ağacları kəsməyə özündə cürət tapmırdı. Ən yaxşı halda isə ağaclar dövlətin sifarişi əsasında - strateji obyektlər tikiləndə, yol çəkiləndə, park və ya bulvar salınanda aktlaşdırılaraq kəsilirdi. Özü də əsasən ömrünü başa vurmuş ağaclar qırılırdı, sağlam ağaclara isə ya toxunulmur ya da başqa yerə köçürülürdü.
Asif Məhərrəmov küçəsindəki ağacların kəsilməsində isə vəziyyət tamamilə başqa cür olub. Əvvəla ona görə ki, kəsilən ağacların heç biri sıradan çıxmış sayılmırdı, əksinə tam sağlam idi. İkincisi, ölkə prezidentinin qəti göstərişinə əsasən yaşıllıqların qırılmaması, əksinə yaşıllıqların salınmasına qərar verdiyi halda bu işin həyata keçirilməsi bağışlanılmazdır. Nəzərə alınsa ki, yaşıllığın məhv olunması heç də dövlət obyektlərinə görə deyil, ticarət obyektləri tikmək üçün edilib, onda vəziyyət daha da qəlizləşir. Məlumatlara görə, tam sağlam ağacların kəsilməsi və ondan doğan ciddi narazılıq aranı əməlli-başlı qarışdırıb. Hətta bu məsələyə görə, yaxın günlərdə kimlərinsə cəzalandırılması barədə sərəncamların olacağı gözlənilir.
Başqa bir fakt isə Yasamal rayonunda qeydə alınmışdı. Belə ki, rayon ərazisindəki 158 nömrəli məktəbin həyətindəki ağaclar kəsilmişdi. “Yaşıl və cavan ağaçlar kəsilərək doğranıb maşınlara yükləyib daşıyırlar. Fəhlələr ağacın kəsilməsini heç nə ilə əsaslandırmadılar. Onlar “ağa deyir sür dərəyə, biz də sürürük dərəyə” dedilər. Soruşanda məlum oldu ki, “ağaları” burada yoxdur. Tapşırığını verib gedib” - deyə həmin vaxt KİV yazmışdı.
Təxminən bir ay əvvəl isə Nizami rayonu, Ə.Kürçaylı küçəsi 9 ünvanında yerləşən 145 saylı orta məktəbdə uşaqları birinci sinifə qəbul edilməyən valideynlərlə görüş zamanı saytlardan birinin əməkdaşı ağacların kütləvi kəsilməsinin şahidi olub və məsələni ictimailəşdirib. Məlum olub ki, budama adı ilə aparılan proses zamanı məktəbin həyətində və bayır tərəfində bir neçə ağac kəsilib. Dibindən kəsilən ağacların yerinin bilinməməsi üçün üzəri torpaqla örtülüb. Ağaclar xırda hissələrə doğranaraq yaxınlıqdakı çay evinin qarşısına yığılıb. Məktəb rəhbərliyi ağac kəsilməsi faktını inkar edərək bunu budama kimi qələmə verib.
Bunlar son bir ayda Bakıda yaşıllıqların məhvi ilə bağlı çoxsaylı hallara dair sadəcə, üç faktdır və problemin ciddiliyindən xəbər verir? Maraqlıdır ki, Hüseynqulu Bağırovun nazirliyi paytaxtda yaşıllıqlara qarşı bu amansız müharibəni dayandırmaqda niyə çarəsizdir? Söhbət daha çox həmin nazirliyə tabe olan Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti rəhbərliyinin bu cür faktlar qarşısında müəmmalı susqunluğundan gedir. Faktlar artır, amma yeni rəhbərliyin bu problemi aradan qaldırmaq istiqamətində ciddi həmlələrinin şahidi olmuruq.
Hətta belə iddialar da var ki, bir çox hallarda yaşıllıqlar nəyinsə müqabilində adıçəkilən departamentin icazəsi ilə kəsilir, kimlərsə onların yerində özləri üçün müxtəlif ticarət obyektləri tikirlər. Bunu ölkə başçısı bir müddət əvvəl çıxışlarının birində qeyd etsə də və belə hallarla bağlı sərt xəbərdarlığını bildirsə də, prosesin məsul şəxslərin gözü önündə hələ də davam etməsi heyrət yaradır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20