Azərbaycanlılar Rusiyadan deportasiya olunur
11:46 29-10-2013
İQTİSADİYYAT
Azərbaycanlılar Rusiyadan deportasiya olunur
“Pokrov" bazasından sonra , azərbaycanlı milyarderin "Sadovod" Ticarət Mərkəzidə bağlandı
Artıq bir həftədən çoxdur ki, Rusiyada azərbaycanlılara qarşı "səlib yürüşü" aparılır və demək olar ki, addımbaşı təhqir olunaraq,fiziki işgəncəyə məruz qalırlar. Çox maraqlıdır ki, öncələr bunu rus millətçiləri edirdisə,indi polis sistemidə bu işə cəlb olunub və Rusiya siyasətçiləri bu addımları sadəcə olaraq dəstəkləyirlər.
Hətta iş o yerə çatıb ki, azərbaycanlılar saat 7-dən sonra şəhərə çıxmağa risk etmir,bəzi bölgələrdən isə köçürlər. Hadisələrin inkişaf etdiyi bir vaxtda azərbaycanlılara növbəti zərbəni "OMON" vurdu. Belə ki, Moskva şəhərinin ən böyük ticarət mərkəzlərindən biri olan "Sadovod"da Rusiya xüsusi təyinatlı polisi əməliyyat keçirib. Moskva Baş Polis İdarəsindən verilən məlumata görə, saxlanılan miqrantlar arasında Azərbaycan vətəndaşları da var. Saxlanılan bütün miqrantlar yaxınlıqdakı polis bölmələrinə aparılıblar. Onların sənədləri və hər hansı cinayətdə iştirak edib-etmədikləri yoxlanılacaq. İdarədən o da bildirilib ki, "OMON"un keçirdiyi reyd paytaxt bazarlarının kriminaldan təmizlənməsi çərçivəsində həyata keçirilir.
Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı xüsusi nümayəndəsi, polkovnik Eldar Səmədov isə deyib ki, "OMON"un keçirdiyi reyd Azərbaycan vətəndaşlarına qarşı yönəlməyib və bütün miqrantlar yoxlanılır: "Kimin sənədi qaydasında deyilsə, onun barəsində tədbir görülür. Miqrantların hansısa cinayətdə iştirak edib-etmədikləri də araşdırılır".
Qeyd edək ki, "Sadovod" Ticarət Mərkəzi Azərbaycanın Quba rayonunda doğulmuş dağ yəhudisi Qod Nisanova məxsusdur. Bu ticarət mərkəzində xeyli sayda azərbaycanlı çalışır.
Moskvada yerləşən "İzmaylov" bazarı kimi tanınan "İzmaylov" Kompleks Qapalı Səhmdar Cəmiyyətinin sahibi Aydın İsayev həbs edilib.
A.İsayev iqtisadi cinayətkarlıqda ittiham edilir.
"İzmaylov" Kompleksinə gələn Moskva polisinin əməkdaşları Aydın İsayevlə yanaşı, səhmdar cəmiyyətin baş mühasibini də həbs ediblər.
A.İsayev miqrantların qeyri-qanuni əmək fəaliyyətinə cəlb edilməsində təqsirləndirilir.
Məlumata görə, "OMON"çular dünən eyni zamanda səhmdar cəmiyyətin yaxınlığında yerləşən və A.İsayevə məxsus olduğu bildirilən "Bilyard kafe"ni də bağlayıb.Bu arada aydın olub ki, Orxan Zeynalovun həbsindən sonra Rusiyadan 100 azərbaycanlı deportasiya olunub.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiyadakı son hadisələrlə əlaqədar yaradılmış İşçi Qrupun rəhbəri, komitənin I ərazi (Rusiya, Ukrayna, Belarus və Moldova) şöbəsinin müdiri Rizvan Əliyev açıqlamasında bildirib ki, evlərdə və bazarlarda aparılan bu reydlər nəticəsində indiyədək Rusiyadan təxminən 100 azərbaycanlı deportasiya olunub.
Onun sözlərinə görə, hər həftənin cümə günü Rusiya Daxili İşlər Nazirliyi tərəfindən miqrantlarla bağlı evlərdə aparılan reydlər daha da güclənib. Artıq elə azərbaycanlılar var ki, sənədlərinin düzgün olmadığından, deportasiya olunmaq təhlükəsindən ehtiyat edərək özləri ölkədən çıxırlar: "Bu yaxınlarda Rusiya dövlət orqanları deportasiya olunanların konkret sayı ilə bağlı məlumat verəcəklər". İşçi Qrupunun rəhbəri bildirib ki, hazırkı məlumata görə, azərbaycanlılar həmişə deyildiyi kimi, artıq heç də Rusiyada say tərkibinə görə yaşayan birinci etnik xalq deyil: "Hazırda Rusiyada yerli vətəndaşlığı olan 629 930 nəfər azərbaycanlı yaşayır. Miqrantların sayını da bura əlavə etsək, ümumilikdə Rusiya üzrə 2 milyon 200 min azərbaycanlı yaşayır. Bu rəqəm ötən illə müqayisədə azalıb. Məsələn, hazırda Rusiyadakı özbəklərin sayı 2,5 milyondan çoxdur".
Komitə rəsmisi onu da bildirib ki, məlum hadisədən sonra Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) vasitəsi ilə Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların şikayəti daxil olmaqdadır: "Daha çox miqrasiya problemi ilə bağlı incidilmələrlə yanaşı, yerli millətçilər tərəfindən də narazılıqlar var. Bu, Moskvadan başqa əsasən azərbaycanlıların daha çox yaşadığı Sverdlovsk və Sankt-Peterburq vilayətlərindəndir: "Noyabrın 4-də Rusiya üzrə millətçilərin digər xalqlara qarşı "Rus marşı" adı altında kütləvi aksiyalar keçirməsi elan olunub. Əgər Rusiya dövlət orqanları bunun keçirilməsinə rəsmi razılıq versələr, o zaman biz milli zəmində keçirilən hər bir toplantını qəbul olunmaz hesab edəcəyik. Biz bunu bütün hallarda yolverilməz hesab edirik".
R.Əliyev O.Zeynalov ilə bağlı son durumdan da danışıb: "Orxan Zeynalovun tutulmasında hüquq-mühafizə orqanlarına kömək edənlərin azərbaycanlı olması haqqında məlumatlar təsdiqini tapmayıb. Hazırda istintaq gedir. Lakin əsas odur ki, artıq Rusiya dövlət və hüquq-mühafizə orqanları bununla bağlı baş verən rezonansdan təşviş içindədirlər və məsələnin tam hüquqi müstəvidə başa çatacağı əminliyi var. Biz nəzarəti elə qurmuşuq ki, əgər yenə bu məsələdə hüquqi zidd hadisə baş versə, dərhal müdaxilə edəcəyik. Azərbaycanın Rusiyadakı səfirliyindən daxil olan informasiyalar üzərində işimizi qurmalı olduq. Bundan irəli gələrək mütəmadi olaraq regionlarda qubernatorlar, merlər və milli məsələlər üzrə məsul olan digər rəsmi şəxslər səviyyəsində işləyirik. Onların faktiki münasibəti belədir ki, hər bir məsələ Rusiya qanunları çərçivəsində həll olunmalıdır. Hesab edirik ki, əgər dövlət tərəfindən hansısa xalqa qarşı qeyri-hüquqi, qeyri-obyektiv münasibət sərgilənsə, o zaman Rusiyada bu xaosun qarşısını almaq olmayacaq".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53