Aydın Bəşirovun sevincinin müdhiş pərdəarxası
11:52 29-10-2013
İQTİSADİYYAT
Aydın Bəşirovun sevincinin müdhiş pərdəarxası
“Gəmiçilik şefi” öz yerinə Rauf Əliyevin təyinatını niyə toy-bayramla qarşılayıb?
Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDG) rəisi Aydın Bəşirovun “vurulacağı” ilə bağlı iddialar reallaşdı. Bəşirov görəvindən ayrıldı. Belə ki, oktyabrın 22-də prezident Xəzər Dəniz Gəmiçiliyi ilə Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılması haqqında sərəncam imzalayıb.
Prezidentin növbəti sərəncamı ilə Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib.
Bəşirovla bağlı maraqlı nüans isə onun “vurulması”nın elə ertəsi gün həbs edildiyinə dair xəbərin yayılması oldu. Həmin xəbər öz təsdiqini tapmasa da, XDGİ-də korrupsiya faktına görə həbs edilənlərin olduğu təsdiqləndi.
Dünən isə Aydın Bəşirovla bağlı həbs təhlükəsinin real olduğuna dair KİV-də yeni iddialar yer alıb. Bu iddialar özlüyündə kifayət qədər maraqlı məqamlardan xəbər verir. Məsələ burasındadır ki, XDGİ indiyədək ölkədə ən çox korrupsiyalaşmış qurumlardan biri kimi göstərilirdi. Əksər qaynaqlar belə hesab edirlər ki, adıçəkilən idarədə kiçik bir yoxlama kifayətdir ki, iri korrupsiya faktlarının üstünü açmaq mümkün olsun.
Aydın Bəşirovun fantastik sərvətə malik olması, oliqarxlaşması həmin korrupsiya faktlarının məntiqi sonluğu sayılır. Onun həmçinin bir çox şirkətləri var və iddia olunur ki, sabiq “gəmiçilik şefi” bu şirkətləri məhz bir neçə gün əvvəl azad edildiyi vəzifənin hesabına qazanıb. Aydın Bəşirovun şəxsi biznesi onun oğlu tərəfindən idarə olunur. Məsələn, mətbuatda bildirildiyinə görə, sabiq “gəmiçilik şefi”nin oğlu İlqar Bəşirovun Bakıda Alpaslan Karoat adlı Türkiyə vətəndaşı ilə şərikli tikinti şirkəti var. Həmin şirkət XDGİ-nin işçiləri üçün ayrılan torpaq sahələrini ələ keçirərək orada binalar tikib və şəhərin mərkəzində, dənizə yaxın ərazilərdə inşa olunan həmin binalardakı mənzillərin bir kvadrat metri 5-6 min manata satılır. XDGİ-nin işçiləri isə onlara ayrılan torpaq sahələrinin İ.Bəşirov tərəfindən ələ keçirilməsindən şikayətçidirlər və bununla bağlı iddia qaldırmağa hazırlaşırlar.
Bundan başqa İ.Bəşirovun Türkiyədə də böyük biznesi var. Onun başqa bir biznesi isə Salyanın keçmiş icra başçısı olan əmisi Rasim Bəşirovun oğlu Fuad Bəşirovun adına sənədləşdirilib. “Xəzər Yaxt Servis” MMC adlanan bu şirkət Xəzərdə turist gəzintiləri həyata keçirir. Bu MMC-nin də fəaliyyətində ciddi qanun pozuntularının olduğu bildirilir.
İndi isə gələk əsas məsələnin üstünə. Aydın Bəşirov “vurulduqdan” iki gün sonra maraqlı açıqlamalarla çıxış etdi. Onun açıqlamaları arasında xüsusilə diqqət çəkən sabiq XDGİ rəisinin “varisi” Rauf Vəliyevin təyinatı ilə bağlı dedikləri idi. Gəlin həmin fikirləri bir daha xatırlayaq: “Biz Rauf Vəliyevlə qardaş kimiyik, dostuq, problem yoxdur. Mən şadam ki, belə oldu”.
Keçmiş XDGİ rəisinin öz yerinə təyinat alan şəxs barədə belə sevincli açıqlama verməsinin səbəbi nədir? Bu barədə “Unikal”a danışan mənbə deyib ki, Vəliyev Azərbaycanda gəmiçilik sahəsində uzun illər çalışmış, təcrübəli bir kadrdır, eyni zamanda o, uzun illər Aydın Bəşirovla birgə çalışıb: “Həqiqətən də Vəliyevlə Bəşirovun yaxşı münasibətləri var. Belə bir şəxsin gəmiçilik sahəsinin başına gətirilməsinə sabiq XDGİ rəisinin bu qədər sevinməsinin səbəbi isə onun haqqında korrupsiya iddiaları ilə bağlıdır. Yəni sabiq “gəmiçilik şefi” ümid edir ki, Rauf Vəliyev uzun müddət davam edən dostluqları, tanışlıqları səbəbi ilə Aydın Bəşirovun zamanındakı korrupsiya faktlarına laqeyd münasibət sərgiləyəcək, belə faktların araşdırılaraq lazımi tədbirlər görülməsinə göz yumacaq. Bu da keçmiş XDGİ rəisini sevindirir”.
Amma mənbəmiz Bəşirovun sevinməsi üçün bir o qədər ciddi səbəb olmadığına əmindir: “Vəzifədən azad edildiyi gündən bəri adı ətrafında həbs xəbərləri səngiməyən Aydın Bəşirovun barəsindəki korrupsiya ittihamlarının üstündən sakit keçiləcəyi heç də inandırıcı görünmür. Hesab etmək olar ki, həmin həbs xəbərləri də bir siqnaldır ki, sabiq “gəmiçilik şefi” ilə bağlı iqtidar kulislərində fərqli planlar var. Bəşirovun öz yerinə uzun illər dostluq etdiyi şəxsin gətirilməsinə sevinməsi isə ən azı ona görə yetərli deyil ki, əgər sabiq XDGİ rəisinin keçmiş fəaliyyətinin araşdırılması və cəzalandırılması ilə bağlı hər hansı siyasi qərar olarsa, Rauf Vəliyev həmin qərara tabe olacaq, onu yerinə yetirəcək. Yəni Aydın Bəşirovun belə həddən artıq optimist olmasına bir o qədər də əsas yoxdur”.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20