Azərbaycan “AvroNest”dən çıxmayacaq
Azərbaycan “AvroNest”dən çıxmayacaq

Amma narazılıqlar qüvvəsində qalır

Milli Məclisin növbəti iclası olub və əsas müzakirə olunan məsələlər beynəlxalq təşkilatlarla əlaqələr mövzusu olub.“Azərbaycan heç bir ölkədən təcrid olunmamalıdır. Müxtəlif rəylər ola bilər. Amma Azərbaycan Avroatlantik məkana inteqrasiya prosesini davam etdirməlidir. Biz israrla Avropa Birliyinin Şərq Tərəfdaşlığı Çərçivəsini davam etidmrəyik.Avronestdə fəaliyyətimizi davam etdirməliyik. Azərbaycan heç bir beynəlxalq təşkilatdan təcrid olunmamalıdır”.Bu sözləri Milli Məclisin iclasında deputat İqbal Ağazadə bildirib. O qeyd edib ki, Avropa Birliyinin Qarabağ münaiqşəsi ilə bağlı verdiyi bəyanata görə minnətdar olmalıyıq.

YAP “Sərbəst toplaşmaq haqqında” qanunu
dəyişdirməyi təklif edir

Çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Sərbəst toplaşmaq haqqında” qanuna yenidən baxılmasını təklif edib.Deputat Avropa Parlamentinin seçki ilə bağlı son rəyini “ölkədə qarşıdurma yaratmaq” kimi qiymətləndirib.
“Azərbaycanda müşahidə aparan Avropa Parlamentinin üzvləri çox müsbət qərar verdilər. Amma indi seçkidə iştirak etməyən şəxslər buna rəy verirlər. Onlar nəyə əsasən bu cür bəyanatı yayırlar?”-deyə deputat qəzəblə bildirib.
S.Novruzovun sözlərinə görə, bu münasibət ATƏT-in Avropa Birliyinin Azərbaycana qarşı qərəzli mövqeyinin nümayişidir.
“Onlar hər zaman deyirdlər ki, müxalifətə mitinq üçün yer verilmir. Amma müxalifət indi şəhərin mərkəzində də, istədikləri yerdə aksiya keçirirlər. Avropa Parlamenti sadəcə ölkədə qarşıdurma yaratmaq istəyir. “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna yenidən baxılsın”-deyə deputat təklif edib.

“Ölkəmizə qarşı
təzyiq artmaqdadır”

“Azərbaycan nə qədər güclənirsə, ölkəmizə qarşı təzyiq artmaqdadır. Bu təzyiqin mənbəyi erməni lobbisidir. Bu lobbi özlərinin mövqelərini Avropa təşkilatlarının mövqeyi kimi təqdim etməyə çalışır”.
Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti bu gün həm Avropada, həm dünyada özünə yer qazanıb və nəticələri göz qabağındadır. “Əminəm ki, Azərbaycana qarşı yönəldilən bu təzyiqlər bir müddətdən sonra inkar ediləcək. Azərbaycan Avropaya Avropa dəyərləri üçün gedib. Ona görə bu istiqamətdə aparılan iş Azərbaycan xalqı tərəfindən dəstəklənir. Xalqa qarşı isə heç bir təşkilat çıxa bilməz”-deyə S. Seyidov vurğulayıb.

“Bu, prezidentin
işinə müdaxilədir”

“9 oktyabr seçkiləri tarixdə qaldı, xalq öz seçimini etdi. Beynəlxalq təşkilatların artıq nəsə deməsi heç bir əhəmiyyət kəsb etmir”. Bu sözləri Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətini prezident müəyyən edir.
“Avropa Parlamenti seçkilərlə bağlı deklarativ bəyanat qəbul edib. Avropa Parlamenti onlarla belə bəyanat qəbul edir. Ona görə bunun ətrafında ajotaj yaratmağa ehtiyac yoxdur”-deyə M.Qurbanlı bildirib. Deputat Avronest-dən çıxmaqla bağlı mövqeyi dəstəkləməyib. “Biz Avronestin üzvüyük və Şərq Tərəfdaşlığında yaxından iştirak edirik. Biz tribunalardan istifadə etməliyik. Avropa parlamentində kiminsə səyi ilə nəsə qəbul edirsə biz AVRONEST-də fəaliyyətimizi dayandırmamalıyıq”-deyə o bildirib. M. Qurbanlı bu qurumdan çıxmaqla bağlı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi bəyanatı ciddi tənqid edib.
“Həmkarlarımız inciməsin. Bəzən elə çıxış edirlər ki, bu prezidentin siyasətinə müdaxilədir. Biz fikir bildirməliyik. Xarici siyasətlə bağlı danışanda ehtiyatlı olmalıyıq. AVRONEST-lə bağlı çağırışlar yerində deyil. Bu parlamentin səlahiyyətindədir”-deyə M.Qurbanlı vurğulayıb.

“Azərbaycan
Avronestdən yalnız
parlamentin qərarı
ilə çıxa bilər”

“Seçkilər bitdi və xalq öz fikrini bildirdi. Bu haqda artıq kənar təşkilatların rəyini müzakirə etməyə ehtiyac yoxdur”-fikirləri isə Milli Məclisin sədri Oqtay Əsədova məxsusdur. Spiker Avropa Parlamentinin seçkilərə bağlı açıqladığı son rəyini tənqid edərək deyib ki, bu beynəlxalaq təşkilat əvvəlcədən belə bir mövqeyə hazırlıq görüb.
“Avropa Parlamenti ATƏT kimi əvvəl Azərbaycana nümayəndə heyəti göndərmək istəmirdi. Amma sonra məcbur oldular. Seçkilərdən əvvəl onlar burada iclaslar keçirirdilər. Biz o zaman bildirdik ki, burada nəsə məsələlər hazırlanır. Ancaq bunun nəticələrini indi gördük. Çox təəssüf olsun ki, Avropa Parlamenti kənar təşkilatın verdiyi rəyləri qəbul etdi”.
Spiker həmçinin "AvroNest"lə bağlı münasibətini açıqlayıb. O.Əsədovun sözlərinə görə, "AvroNest" PA yaradılanda Azərbaycan onun təşəbbüskarlarından, həm də işçtirakçılarından olub.
“Avropa Parlamentində "AvroNest"in hansısa çağırışının eşidildiyini görməmişik. Bu o deməkdir ki, "AvroNest" PA öz işini yerinə yetirə bilmir”.
Buna baxmayaraq spiker qurumu tərk etmək barədə çağırışa etiraz edib.
“Azərbaycan "AvroNest"ə parlamentin qərarı ilı daxil olub və parlamentinin qərarı ilə də çıxa bilər. Azərbaycan beynəlxalq təşkilatlarda fəaliyyəti genişləndirməlidir”.

“Tibbi sığorta
modelinin tətbiqinə süni əngəl yaradılır”

“Azərbaycanda tibbi sığorta modelinin tətbiqinə süni əngəllər törədilir. “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul edilsə də, qanunun reallaşması gecikir”. Bu sözləri Milli Məclisin iclasında deputat İlyas İsmayılov deyib. Deputat qeyd edib ki, tibbi sığortanın tətbiq edilməməsi üzündən vətəndaşlarımız müalicə üçün xaricə gedirlər.
“Bu qanun xəstənin xəstəxana xərclərinin ödənilməsinə, dərmanların alınmasına kömək edərdi. Amma bu gün qanun reallaşmır. “Dövlət Sığorta Agentliyinin yaradılması haqqında” prezidentin sərəncamı var, amma fəaliyyət göstərmir. Bunu araşdırdım və məlum oldu ki, məsələnin kökündə agentliyin tabeçilik məsələsi durur. Səhiyyə Nazirliyi agentliyin öz tabeçiliyinə verilməsinə, Nazirlər Kabineti isə hökümətə bağlı müstəqil fəaliyyət göstərməsini istəyir. Zənnimcə Nazirlər Kabinetinin qərarının üstündə durmaq lazımdır”-deyə İ.İsmayılov vurğulayıb.
Deputatın sözlərinə görə, nə qədər ki dövlət və özəl təşkilatlarda “qara maaş” məsələsi var və nə qədər özəl təşkilatlar yoxlamalara görə qeyri-qanuni haqq ödəyəcək, bu məsələ öz həllini tapmayacaq.
“Zənnimcə tibbi sığortanın tətbiq edilməməsinin səbəbi korrupsiya və kölgə iqtisadiyyatının genişlənməsidir. Bu da əhalinin ekstrasenslərə, İrana və türkə-çarəyə qaçmasına səbəb olur”.
“Bizim ölkəni Brilyovdakı meyvə bazarına
çevirmək istəyirlər”

“QHT kimi fəaliyyət göstərən ATƏT-in Demokratik Təsisatlar Bürosu üzərinə düşən öhdəlikləri tam yerinə yetirə bilmir. Azərbaycan 20 ildən çox ATƏT-in üzvüdür. Bu Büroda azərbaycanlı yoxdur, amma orada 4 erməni fəaliyyət göstərir. Azərbaycanın inkişafı bir çox dövlətləri narahat edir”-deyə deputat Asim Mollazadə də etirazını bildirib.
Onun sözlərinə görə, bu maraqlı qüvvələrin öz məqsədləri var: “Onlar Azərbaycanı Brilyovdakı meyvə bazarına çevirmək istəyirlər. Azərbaycanın inkişaf yolunun qarşısını almaq niyyətindədirlər”-deyə deputat vurğualyıb.
A.Mollazadə bildirib ki, ölkəmizin milli təhlükəsizlik konsepsiyasında Azərbaycanın strateji inkşafında Avroatlantik inteqrasiya prosesi öz əksini tapıb. “Azərbaycan parlamentinin əlaqə saxladığı beynəlxalq parlament qurumları seçkilərlə bağlı müsbət rəy verdi. Bu onu göstərir ki, Azərbaycan parlamenti bu təşkilatlarla necə illər tərəfdaşlıq edə bilər”.

Vitse-spiker və deputat sığorta şirkətlərini
“topa tutdular”

“Sığorta şirkətləri inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki onlar insanlarda inamsızlıq yaradırlar. Belə ki, onlar vətəndaşların haqlı ödənişlərini etmirlər”.
Deputat Fəzail Ağamalı “Əhalinin sağlamlığı haqqında” qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı belə deyib.
Deputat qeyd edib ki, sığorta şirkətləri vətəndaşların sığorta ilə bağlı alacaqlarına mane olarsa, süründürməçilik yaradılarsa, cinayətə cəlb edilməlidirlər.
Vitse-spiker Ziyafət Əsgərov Fəzail Ağamalı ilə razılaşıb. O qeyd edib ki, bu gün insanların sığorta şirkətlərinə inamı azdır.
“Qaldırılan problemlər olduğu üçün vətəndaşlar sığorta şirkətləri ilə müqavilə bağlamağa ehtiyac duymur”-deyə Z.Əsgərov bildirib.
“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində uşaqlar üçün nəzərdə tutulan sanator-kurort xərclərinin artırılmasına ehtiyac var”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli söyləyib.
DSMF-nin büdcəsinin hiss olunacaq dərəcədə artdığını bildirən H.Rəcəbli deyib ki, gələn il uşaqların sanator-kurort xərcləri üçün 288 min manat nəzərdə tutulub: “Uşaqların sanator-kurort xərcləri üçün nəzərdə tutulan vəsaitin 500 min manata qədər artırılmasını təklif edəcəyik. Çünki uşaqlar üçün sanator-kurort xidmətlərinin genişləndirilməsi ilə bağlı yeni qanunlar qəbul etmişik, bu sahəyə daha çox vəsaitin yönəldilməsinə ehtiyac var”.
H.Rəcəbli bildirib ki, bu illə müqayisədə DSMF-nin büdcə layihəsində 300 milyon manat artım nəzərdə tutulub. Artım bu, əsasən məcburi dövlət sosial sığorta yığımları hesabına təmin ediləcək və pensiyaların baza hissəsinin artımına yönəldiləcək. Ümumiyyətlə, DSMF-nin gəlir və xərcləri 2 milyard 929 milyon manat proqnozlaşdırılır. Bunun 1 milyard 780 milyon manatı məcburi dövlət sosial sığorta yığımları hesabına formalaşacaq.
Gələn il ehtiyac meyarının 100 manat, yaşayış minimumunun 125 manat nəzərdə tutulduğunu qeyd edən Sosial siyasət komitəsinin sədri bu göstəricilərin qaneedici səviyyədə olduğunu vurğulayıb: “Bu göstəricilər 10 il əvvəlki göstəricilərlə müqayisə edilə bilməz. Digər tərəfdən, ehtiyac meyarı və yaşayış minimumunun zaman-zaman artması gözlənilir. Bu il də artım olub və bu, müsbət haldır”.
Hüseyn İsgəndərov