Oqtay Şirəliyev üçün “Səfər Əbiyev ssenarisi”
10:06 31-10-2013
İQTİSADİYYAT
Oqtay Şirəliyev üçün “Səfər Əbiyev ssenarisi”
Səhiyyə naziri təcili təsirli addımlar atmasa, nə baş verə bilər?
Son günlər Azərbaycanda həkim səhlənkarlıqları ucbatından səs-küylü ölüm halları, digər arzuolunmaz nəticələrə gətirib çıxaran hallar artıb. Cəmiyyətdə ciddi rezonans doğuran, narahatlıqlara yol açan belə faktların artması, eyni zamanda səhiyyə sahəsindəki çatışmazlıqları və bu sahəyə məsul naziri və nazirliyi də iradların hədəfinə çevirib.
Təkcə onu xatırladaq ki, qısa fasilələrlə son bir ayda iki jurnalistin ailəsində itki yaşanıb. Onlardan biri jurnalist Anar Nİftəliyevin xanımı, Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı, digəri telejurnalist Afət Telmanqızının qardaşı Anar Cəfərovun həyat yoldaşı Pərvinə Hüseynovanın ölümüdür. Hər iki halda ailələr həkim səhlənkarlığını əsas gətirir.
Bundan başqa, bir neçə gün əvvəl Qubanın Amsar kəndində yaşayan Zərbəliyevlər ailəsi 6 yaşlı övladlarının həkim səhlənkarlığı ucbatından lal-kar olduğunu bildirərərək, uşağın müailicəsində dövlət qurumlarından kömək istəyiblər. Qədir Zərbəliyev 6 yaşlı nəvəsi Rəvanın həkim səhvi səbəbindən danışıq və eşitmə qabilliyyətini
itirdiyini deyib. Onun sözlərinə görə 2010-cu il mart ayının 11 də Rəvan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində qasıx yırtığından həkim Nurəddin Abdurrzayev tərəfindən əməliyyat edilib. Əməliyyatdan 2 ay sonra uşağın lal-kar olduğunu müşahidə ediblər. Bu faktı paytaxtdakı özəl kilinikalarda və Ə.Qarayev adına respublika uşaq xəstəxanasında da təsdiq ediblər.
Təxminən, iki ay əvvəl isə Azərbaycanda 6 yaşlı uşaq ilan vurması nəticəsində ölüb. Burada da səhiyyə sistemimizdəki çatışmazlıq öz sözünü deyib. Belə ki, Salyan rayonunun Şəkərli kəndində 2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovanı yaşadığı evin həyətində oynayarkən ilan vurub. Balaca qızcığacı dərhal Salyan Mərkəzi Xəstəxanaya çatdırıblar, lakin orda zərdab olmadığından Bakı şəhərinə göndəriblər, nəticədə isə bütün səylərə baxmayaraq onun xilas etmək mümkün olmayıb.
Başqa bir fakt. Bir neçə ay əvvəl Respublika Perinatal Mərkəzində ana və uşaq ölümü faktı qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Ümidvar qızı əməliyyat zamanı vəfat edib. Respublika Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı zamanı xəstə Hüseynova Maral Ümidvar qızının ölüm faktı ilə bağlı cinayət işi başlanılıb. Həmin vaxt Maralın ailəsinin vəkili mətbuata açıqlamasında bildirib ki, bu işlə bağlı məhkəmə tibb ekspertizası keçirilib. Ekspertizanın rəyinə əsasən ölüm faktı həkimin səhlənkarlığı nəticəsində baş verib.
Bu ilin mayında da həkim səhlənkarlığı ölüm faktına yol açıb. Belə ki, 3 saylı şəhər xəstəxanasının doğum şöbəsində uşaq ölümü faktı qeydə alınıb. 8 aylıq hamilə Xuraman Məmmədova həkim müayinəsi üçün xəstəxanaya müraciət edib. Müayinə zamanı həkimlər hamilənin yaxınlarına ana bətnindəki körpənin ürəyinin zəif döyündüyünü, təcili olaraq ana üzərində əməliyyat keçirilməli olduğunu deyiblər. Bu məqsədlə hamilə doğum şöbəsinə göndərilib. Şöbənin həkimi əməliyyata ehtiyac olmadığını, təbii doğumla körpəni dünyaya gətirəcəyini bildirib. Zərərçəkmişin qohumları həkimin təbii doğum üçün xəstənin qohumlarından 300 manat pul istədiyini deyib. Məlumata görə, qarşılıqlı razılıqdan sonra hamilə qadın səhər saatlarında şöbəyə qəbul olunsa da, axşama kimi nə əməliyyat, nə də təbii doğuş aparılmayıb. Günün sonuna yaxın məlum olub ki, xəstə qeysəriyyə əməliyyatına götürülüb. Nəticədə uşaq ölüb. Hamilənin qaynanası Nazxanım Hüseyinlinin sözlərinə görə, gəlinini xəstəxanaya gətirəndə heç bir narahatlığı olmayıb.
Analoji hadisə daha əvvəl Ağdaş, Ucar, Sabirabad, Zaqatala və Azərbaycanın digər rayonlarında baş verib.
Ümumiyyətlə, ictimai rəydə Azərbaycanda həkim səhlənkarlığı nəticəsində faciəi və xoşagəlməz halların yaşanması xeyli adiləşib, əksəriyyət Azərbaycanda həkim diaqnozlarına etibar etmir. Səhiyyə sahəsinə külli miqdarda vəsait ayrılmasına rəğmən belə bir mənzərənin yaranması isə, əlbəttə, ürək ağrıdır və təcili müdaxilə tələb edir.
Xüsusən səhiyyə naziri Oqtay Şirəliyev son vaxtlar həkim səhlənkarlıqlarının çox sayda ölüm faktlarına və digər neqativ hallara yol açmasına birbaşa münasibət bildirməli, vəziyyətə müdaxilə edərək bu durumun davam etməsinin önünə keçilməsi üçün zəruri addımların atılmasına göstəriş verməlidir. Əks halda bəzi ekspertlər bunun Şirəliyev üçün ciddi başağrısı yaradacağını istisna etmir və sabiq müdafiə naziri Səfər Əbiyevin taleyini misal göstərirlər. Belə ki, orduda geniş yayılan əsgər ölümləri və bunun cəmiyyətdə yol açdığı narazılıqlar, etirazlar keçmiş müdafiə nazirinin yeni hökumət kabinetindən kənarda qalmasının əsas səbəbi kimi göstərilir. Və istisna olunmur ki, indi səhiyyə sistemində həkim səhlənkarlığının yol açdığı ölümlərin artması, bunun ictimai rəydə ciddi rezonans və təpkilər doğurması da qısa müddətdən sonra Oqtay Şirəliyev üçün eyni karyera sonluğuna gətirib çıxara bilər.
Hesab edilir ki, səhiyyə naziri yenidən bu posta təyin edilməsinə arxayın olub, hələ xeyli müddət vəzifəsində qalacağına ümid edərək yaranmış problemlə bağlı təcili və təsirli addımlar atmağa yubanmamalıdır. Çünki təcrübədə 2003-cü il prezident seçkilərindən sonra hökumət kabinetinin tərkibində saxlanılan o vaxtki rabitə naziri Nadir Əhmədovun heç bir il keçmədən postundan uzaqlaşdırılması nümunəsi vardır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17