Ölkəsini satıb özünü almaq istəyənlər
10:15 31-10-2013
İQTİSADİYYAT
Ölkəsini satıb özünü almaq istəyənlər
Ermənistan son günlərdə bir sıra ağır zərbələr alıb. Həmin zərbələrin səbəbkarı isə prezident Serj Sarkisyanın ermənilərin maraqlarından fasiləsiz danışan, amma ölkə əhalisinə qənim kəsilmiş rejiminin idiotik siyasətidir.
Rəsmi Yerevan gün keçdikcə daha ağır vəziyyətə düşür. ABŞ və Avropa Birliyi ilə münasibətləri sərinləyən, bölgədəki qonşu dövlətlərlə münasibətləri həddən ziyadə pis olan, asılı qaldığı Rusiyanın artan tələbləri və ağırlaşan şərtləri qarşısında dalana dirənən Ermənistanın xarici siyasəti marazm həddinə çatdığından son günlərdə maraqlı olaylar yaşanıb.
Onlardan ilki MDB dövlətlərinin Gömrük Birliyi və ya Avrasiya İqtisadi Komissiyası adlı qurumla bağlıdır.
MDB ölkələrinin Gömrük Birliyinin Minskdə keçirilmiş toplantısı Ermənistan üçün çox pis nəticələndi. Serj Sarkisyan hakimiyyəti bu toplantıdan maksimum yararlanmağa çalışaraq Moskva qarşısındakı yeni öhdəliklərin müqabilində daha "ciddi mükafat" gözləyirdi.
Rəsmi Yerevan Gömrük Birliyinə qoşulmaqla hakimiyyətin möhkəmləndirilməsi prinsipləri kimi qələmə verilən, əslində isə Serj Sarkisyan bandokratiyasının iqtidarda saxlanması ilə bağlı Moskvadan təminat almağa çalışırdı.
Rusiya erməniləri bu Birlikdə görməkdə o qədər də maraqlı deyil.
Ermənistan dövlət müstəqilliyi qazanan gündən indiyədək fasiləsiz olaraq Rusiyanın nəzarətindədir.
Yerevanın yürütdüyü xarici siyasət Moskvanın maraqları çərçivəsindən kənara çıxa bilməz, daxili siyasət də Rusiyanın mənafelərinə zərər vurmamaq şərtilə həyata keçirilir.
Ermənistanda prezidentlər və iqtidarda olan siyasi qüvvələr dəyişsələr də, Moskvanın bu ölkədəki hadisələrə təsir imkanları və rıçaqları sabit qaldığından erməni siyasətinə əlavə, ağır təzyiqlərə o qədər də ehtiyac duyulmurdu. Lakin Ermənistandakı son prezident seçkilərindən sonra Sarkisyan rejimi hakimiyyətini Qərbin nəzərində legitimlşədirmək məqsədilə Avropa Birliyi və ABŞ ilə bəlli danışıqlara başlamışdı. Danışıqların məqsədi Serj Sarkisyanın iqtidarının Qərb tərəfindən qəbul olunması və xüsusilə də Avropa Birliyinin postsovet məkanındakı ölkələrlə "qonşuluq siyasəti" çərçivəsində həyata keçirdiyi proqramlardan kənar qalmamaqdı.
Vəziyyət ağırdı, çünki Avropa Birliyi və ATƏT Ermənistandakı seçkilərin nəticələrini rəsmi olaraq tanısalar da, Serj Sarkisyan rejimi ilə aləqələri soyutmağa və azaltmağa başlamışdılar. Üstəlik, ABŞ da rəsmi Yerevana aşkar şəkildə bildirirdi ki, belə davam edərsə, dəstəyini, ümumiyyətlə, kəsə bilər.
Avropalılar və amerikalıların arxa çevirəcəyi təqdirdə isə Ermənistan "hamisi" Rusiyadan daha ağır və məşəqqətli asılılığa düşərək faktiki şəkildə Moskvanın neomandat ərazisinə dönəcəkdi.
Sarkisyan məhz bu məqsədlə Minskə yollanaraq, orada Gömrük Birliyinə qoşulmaq adı ilə Rusiyanı sakitləşdirməyə, həlimləşdirməyə və məruz qalacağı sərt təzyiqləri şərtləndirməyəcək vəziyyət yaratmağa can atırdı.
Minsk toplantısı isə Ermənistan xarici siyasətinin tam fiaskosu, rüsvayçılığı və biabırçılığı sayıla bilər.
Belə ki, Ermənistan "Gömrük Birliyinin maraqlarına zidd olan addımlar atmamaq və bəyanatlar verməmək"lə bağlı öhdəlik götürdü. Bu barədə "Ermənistan Respublikası və Avrasiya İqtisadi Komissiyası" arasında əlaqələrin dərinləşdirilməsi haqqında" memorandumda deyilir.
Sənədi Ermənistanın baş naziri Tiqran Sarqsyan və komissiyanın sədri Viktor Xristenko imzalayıblar.
Bu həmin Xristenkodur ki, "Ermənistan da eynən Kalininqrad vilayəti kimi Rusiyanın eksklavı olacaqdır" demiş, ermənilərin dövlətini Rusiyanın vilayətinə bərabər tutmuş və bununla da Ermənistanın müstəqilliyi ilə suverenliyinin əslində yalnız kağız üzərində olduğuna işarə vurmuşdu.
Beləcə, Ermənistanın hakimiyyət dairələri Gömrük Birliyinə daxil olan ölkələrin maraqlarına zidd ola biləcək bəyanatlar verməklə yanaşı, addımlar atmaq və qərarlar qəbul etməkdən çəkinməlidir.
Gömrük Birliyinə daxil olan ölkələr isə Ermənistanla bağlı belə öhdəlik daşımırlar və onlar Serj Sarkisyan rejimi ilə bağlı istədikləri addımları ata bilərlər.
Bundan başqa, Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki sammit ərəfəsində bəyan etdi ki, Ermənistanın Gömrük Birliyinə üzvlüyü məsələsində Azərbaycanın mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır.
Göründüyü kimi, Ermənistan birtərəfli öhdəliklər və vədlər verməyə məcbur edildi. Gömrük Birliyinin üzvləri isə Ermənistanla bağlı heç bir siyasi öhdəlik götürmədilər.
Ekspertlər hesab edirlər ki, Ermənistanın Minksdə imzaladığı sənədlər faktiki olaraq hərbi kapitulyasiya sayıla bilər. Erməni müxalifəti bu sənədləri imzalamış Serj Sarkisyan iqtidarının istefa verməsini tələb edirlər, çünki Rusiyadan asılılığı daha da artıran rəsmi Yerevan ölkənin dövlət nüfuzu və suverenitetini ayaqlar altına atdı.
Ermənistan Konstitusiyası hakimiyyətə ölkənin müstəqilliyini təmin etmək səlahiyyətlərini verdiyi halda Sarkisyan rejimi ölkəni diskreditasiya edir, Rusiyanın müstəmləkəsinə çevirir.
Rəsmi Yerevanın xarici siyasətinin zəlil durumda olduğunu göstərən ikinci məqam isə Avropa Parlamentinin qəbul etdiyi qətnamədir. Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramına daxil olan dövlətlərlə münasibətləri barədə olan sənəd əslində AB-nin şərq qonşularına olan mövqeyini ortaya qoydu.
Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin bir hissəsinin erməni işğalında olmasından da bəhs edilən sənəddə Avropa Birliyinin bu problemlərin dinc danışıqlar yolu ilə nizamlanması prosesində daha aktiv iştirakının vacibliyi vurğulanır, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi xatırlanır.
Ermənistanın Avropa Birliyi ilə assosiativ əməkdaşlıq proseslərini sürətlə zəiflətməsi, sonra da MDB-nin Gömrük Birliyinə can atması təbii ki, Avropa Birliyini narahat etməyə bilməzdi.
Avropa Parlamenti, ATƏT, ATƏT-in Parlament Assambleyası Rusiyanın Ermənistana təsir rıçaqlarının gün keçdikcə daha da artmasıdan kəskin narazıdırlar. Bu narazılıq Avropanın parlament müstəvisində aşkar bəyan ediləndən sonra indi də icraedici strukturların sənədlərində özünü göstərir.
Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda aktivləşmək istədiyini vurğulayır. Belə aktivləşmə ATƏT-in Minsk Qrupunda özünü göstərəcək, yoxsa avropalılar aktivləşmənin və fəaliyyətin başqa variantlarını seçəcəklər – hələ məlum deyil. Amma istənilən halda regional proseslər baxımından mühüm məsələdir.
İş ondadır ki, Avropa Birliyinin danışıqlara cəlb olunması Minsk Qrupu təki "qapalı klub"da rokirovka və yerdəyişmələr – məsələn, Fransanın həmsədrlikdən çıxarılması kimi – vasitəsilə reallaşmaqla yanaşı, avropalılar problemi çözmək üçün tam yeni modelə, yaxud metoda əl ata bilərlər.
Avropa bunu etməsə, keyfiyyət baxımından heç bir dəyişikliyə nail olmayaraq vasitəçilik formatında səthi, nominal yerdəyişmələrlə kifayətlənəcək və bu da təbii ki, Ermənistana təsir imkanlarını daha da zəiflədəcək.
Ermənistan Rusiyaya yaxınlaşdıqca regiondakı vəziyyət Qərbin əleyhinə dəyişəcək və deyəsən, avropalılar çox gec olsa da, bunu yaxşı anlamağa başlayıblar. Bəhs etdiyimiz səbəbdən Yerevandakı hakimiyyət əvvəlki illlərdən tam fərqli olaraq indi Avropanın çox sərt təzyiqlərinə məruz qalacaq.
Serj Sarkisyan rejiminin Ermənistanın müstəqillik və suverenliyini satışa çıxardığını görürük.
Gömrük Birliyinə hələ qəbul edilməyən Ermənistan boynuna birtərəfli öhdəlikləri götürürsə, bu quruma üzv olandan sonra Yerevan qarşısında daha ağır şərtlərin qoyulacağı şübhəsizdir. Faktiki olaraq Gömrük Birliyi vasitəsilə Rusiya Ermənistana nə etmək və nəyi də etməmək barədə göstərişləri artıq legitim qaydada verir. Göründüyü kimi, Ermənistan xarici siyasətini bütünlüklə Rusiyaya bağışlayır.
Belədə, Ermənistan Xarici İşlər Nazirliyinin binasının otelə çevirməklə bağlı layihənin başlanması təəccüb doğurmur.
Ermənistanın XİN başçısını bu binaya inzibatçı və ya gözətçi təyin etmək olar.
Ya da ən yaxşısı – giriş qapısının önündəki qarovulçu...
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53