Əvəz Temirxan İsa Qəmbər və Arif Hacılını təxribatçı adlandırıb
13:27 03-11-2013
CƏMİYYƏT
Əvəz Temirxan İsa Qəmbər və Arif Hacılını təxribatçı adlandırıb
“Onlar həm keçmişlərini, həm də indilərini unutmasınlar...”
“Lalə Şövkətin müxalifətə keçməsi öz vicdanından və Allahdan başqa heç kimdən asılı olmayıb”. Bunu Liberal Partiyanın sədri Əvəz Temirxan söyləyib.Qeyd edək ki, Arif Hacılı “Facebook” sosial şəbəkəsində sərt ittihamla çıxış edib. Partiya lideri yazıb:-“ Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı öz Facebook səhifəsində bəzi tanınmış simaların ünvanına sərt ifadələr işlədib: - “Biz zamanında çox güzəştlərə getdik.
Xalqımızı naqis, “bədbaxt” hesab edib yadların köləsi olanlara bəzən özümüz bu güzəştlərə getməməyi mümkünsüz saydıq, bəzən də ictimai təzyiqə davam gətirə bilmədik. Amma heç zaman bu güzəştlərdən fayda görmədik. Bizim zaman-zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi. Hələ Vaqif Hüseynov, Abbas Abbasov kimilərinin də sevdalıları onları bizə pərçimləmək xəyallarındadır.
Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdı. Vəziyyətdən faydalanmaq istəyənlər çoxdur.
Real fəaliyyət vəziyyəti dəyişdirmək istəyənlərə, buna qadir olanlara istinad etməklə qurulacaq!”.
Əvəz Temirxan isə bildirib ki, kiminsə Lalə Şövkəti və Liberal Partiyanı müxalifət sayıb-saymaması onlar üçün əhəmiyyət kəsb etmir: “Yaxşı olar ki, onlar həm keçmişlərini, həm də indilərini unutmasınlar. Arif Hacılı bizə qarşı tənqidi mövqe ortaya qoymazdan əvvəl onun başqanı İsa Qəmbər cəmiyyətə izah etsin görək, niyə 1998-ci ildə nüfuzu sayəsində siyasətə, Ali Sovetin sədri vəzifəsinə gəldiyi Əbülfəz Elçibəyin 2 illik keçid dövrü üçün vahid namizədliyini dəstəkləmədi? 10 il əvvəl mətbuatda İsa Qəmbərin ünvanına “Molotov” ləqəbli, 0579 nömrəli “KQB agenti” informasiyası yayan adamı indiyədək niyə məhkəməyə vermədiyini cəmiyyətə izah etsin, onu məhkəməyə versin. 2003-cü ildə İsa Qəmbərə səslərin xeyli hissəsinin Rəsul Quliyevə görə verildiyini niyə unudurlar? 2005-ci ildə imzasına sadiq qalan Lalə Şövkət deputat mandatından imtina edəndə Müsavatın deputatları Milli Məclisə gedərək, Avropa Şurası Parlament Assambleyasında 24-ün 22-nə nisbətində bu iqtidarın xeyrinə qərar çıxarılmasına və saxta parlamentin legitimləşməsində niyə həlledici rol oynadılar?
Niyə İsa Qəmbər, Arif Hacılı və Rauf Arifoğlu o saxta parlamentdə iştirakı müdafiə etdilər? Niyə İsa Qəmbərin təbliğatçısı Rauf Arifoğlu Milli Şuraya qoşulmadı, onu baltaladı, son zamanlar isə onun “vəkili”nə çevrilib? Arif Hacılı niyə ən axırıncı məqamda Milli Şuraya qoşuldu? Niyə İsa Qəmbər Milli Şuranın yerli şöbələrinin, İdarə Heyətinin, Məşvərət Şurasının yaradılmasına mane oldu? Niyə İsa Qəmbər siyasi liderlərdən birinin konsensusla vahid namizəd olmasına imkan vermədi, bununla da, müxalif partiyaların bir araya gəlməsini və xalqın müxalifətə inamını xeyli zəiflətdi? Axı, bu müxalifəti daha sıx toplayardı. Bu il avqustun 21-də 6 partiya rəhbərinin görüşündə Lalə Şövkətin və Rəsul Quliyevin seçkilərdə vahid namizəd kimi iştirak etmək iddiasında olmadıqlarını və siyasi liderlərdən birinin namizədliyini dəstəkləyəcəklərini bəyan etdikləri halda, niyə İsa Qəmbər o namizədin ya konsensus, ya da Milli Şurada reytinq səsverməsi ilə müəyyən olunmasına imkan vermədi? Hətta o görüşdə mən təklif etmişdim ki, qələbə qazanılacağı halda, reytinq səsverməsində ikinci yeri tutan siyasi lider baş nazir və sonra da vitse-prezident olsun”.
Ə. Temirxan Müsavat Partiyasını Milli Şuranın sədri Rüstəm İbrahimbəyov və Liberal Partiyanın əleyhinə fəaliyyət göstərdiyini bildirib: “Liberal Partiya partiyalararası narazılıqları qabartmadığı halda, niyə Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri olan Arif Hacılı partiyamızın nümayəndələrinin Seçki Qərargahından təcrid edib, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi seçki prosesində iştirakının qarşısını alıb? Niyə Arif Hacılı hətta Müsavat Partiyasının yerli şöbələri ALP-nin nümayəndələrinin səlahiyyətli nümayəndə kimi namizədliklərini irəli sürəndə belə, onların sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) verməyib? Niyə Cəmil Həsənlinin tapşırığına baxmayaraq, mənim, Milli Şuranın üzvləri, bölgədə nüfuz sahibləri olan Liberal Partiyasının Quba rayon təşkilatının sədri Hacıağa Dadaşov və Qusar rayon təşkilatının sədri İlham Murtuzayevin Cəmil Həsənlinin vəkili olmasına mane olub, sənədlərimizi MSK-ya təqdim etməyib? Niyə mənim İctimai Radioda Cəmil Həsənlinin xeyrinə çıxış etməyimə imkan verməyib? Niyə İsa Qəmbər “Rusiya proyektini Azərbaycan proyektinə çevirdik” deyərək, Milli Şura daxilində təxribat törədib? Niyə İsa Qəmbərin yaxın adamları bu gün də sosial şəbəkələrdə Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən uzaqlaşdırılmasını gündəmə gətirirlər? Niyə İsa Qəmbrə yaxın “Yeni Müsavat” qəzeti Milli Şura və onun sədrinə hücum etməkdə davam edirlər? Niyə Cəmil Həsənlinin seçki kampaniyasının xeyli sönük aparılmasında öz günahlarını etiraf etmirlər? İndi bütün bunlardan sonra kim zəmanət verir ki, haqqında iqtidarın əlində “Molotov” dəyənəyi olan İsa Qəmbər və onun ən yaxın ətrafı müxalifət daxilində iqtidarın tapşırığını yerinə yetirmirlər?”
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10