Misir Mərdanov yenidən hədəfə gətirilir
12:53 09-11-2013
CƏMİYYƏT
Misir Mərdanov yenidən hədəfə gətirilir
Keçmiş təhsil nazirinin başı korrupsiyaya görə çox ağrıya bilər
İki gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov Respublika Baş Prokurorluğunun onun nazir olduğu dövrd Təhsil Nazirliyində 2010-2013-cü illərdə 43 min ABŞ dollarının təyinatı üzrə xərclənməməsi barədə açılan cinayət işinə münasibət bildirdi.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB-nin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.Maliyyə pozuntularına yol verilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Onu da bildirək ki, Mərkəzin proqram rəhbəri Elmina Kazımzadə həm də Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının sədridir.Elmina Kazımzadə sabiq Təhsil naziri Misir Mərdanovun əsas kadrlarından biri idi. O, 2008-ci ildən ictimai əsaslarla Dərnəklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində çalışır.
Sabiq təhsil naziri M.Mərdanov açılan cinayət işi ilə bağlı deyib: “Mən o qadını yaxşı tanıyıram. İnanmıram ki, o bu cür hallara yol versin. Başqa adam haqqında desəydilər mən inanardım. Ancaq o qadının bu cür hallara yol verməsinə mən inanmıram. Çünki o qadın çox beynəlxalq təşkilatlarla işləyib. Onun rəhbəri olduğu qurum qeyri-hökumət təşkilatıdır. Əgər yol veribsə belə, o zaman bu onun öz işidir və buna görə o qanun qarşısında cavab verəcək. Onun bizə heç bir aidiyyatı yoxdur və ola da bilməz”.
Artıq 7 aydır ki, Təhsil Nazirliyində təhvil-təslim işini başa çatdırdığını vurğulayan M.Mərdanov qeyd edib ki, nazir olduğu vaxtı Təhsil Nazirliyində mütəmadi olaraq araşdırmalar aparılıb: “Mən nazir olan vaxtı ən azı ildə bir dəfə Hesablama Palatası tərəfindən rəsmi araşdırma aparılıb”.
Sabiq təhsil nazirinin dediklərinə rəğmən, onun rahat olmadığı elə açıqlamadan da aydın görünür. Əvvəla, Mərdanovun bu məsələyə münasibət bildirmək məcburiyyəti hiss etməsinin özü həmin narahatlığın ifadəsidir. Sabiq təhsil naziri bu işin onunla heç bir əlaqəsi olmadığını, onu maraqlandırmadığını deməklə kifayətlənə bilərdi. Amma sabiq nazirin geniş izahat verməyə ehtiyac hiss etməsi Misir Mərdanovun sözügedən cinayət işi ilə bağlı məmnuniyyətsizliyini ortaya qoyur.
İkincisi, Mərdanov nazir kimi fəaliyyətinin vaxtilə mütəmadi araşdırıldığını, Hesablama Palatasının ildə bir dəfə yoxlamalar aparmasını da, fikrimizcə, səbəbsiz yerə xatırlatmır. Aydın görünür ki, o, bu cinayət işinin bir ucunun da sonda ona toxunacağı qənaətindədir və indidən bununla bağlı mesaj verib demək istəyir ki, əgər nazir kimi fəaliyyətində qanunsuzluqlar olubsa, həmin yoxlamalar zamanı ortaya çıxardı. O bu cür gedişlə özünə qarşı hər hansı təhlükəni elə vaxtilə aparılan audit və yoxlamaların nəticələri ilə dəf edə biləcəyini göstərir.
Bəzi ekspertlər də hesab edirlər ki, ölkənin ən çox korrupsiyalaşmış sahələrindən birinə uzun illər rəhbərlik etmiş Misir Mərdanovu cəzalandırmaq ehtimalının tamamilə aradan qalxdığını demək olmaz: “Baxmayaraq ki, o, bu vəzifədən artıqi 7 aydır uzaqlaşdırılıb və AMEA-da vəzifə təyinatı alıb, amma bütün bunlar sabiq naziri vaxtilə təhsil sistemindəki nəhəng qanunsuzluqlarla bağlı məsuliyyətdən azad etmir. İstisna deyil ki, iqtidar kulislərində Mərdanovun daha ciddi cəzalandırılmasını, onun hətta AMEA-da institut direktoru olaraq da qalmayıb tamamilə “ofsayd”a salınmasını istəyən rəqibləri var, onlar da keçmiş naziri korrupsiya məsələlərinə görə narahat edərək, sonda ümumiyyətlə, uzaqlaşmasını, kölgəyə çəkilməsini təmin etmək istəyirlər. Mərdanovun digər bir çox sabiqlərlə müqayisədə, “vurulmasına” rəğmən əvvəlki vəzifəsindən kiçik də olsa bir posta gətirilməsi anti-Mərdanovçular üçün narahatlıq doğurur. Onlar keçmiş nazirin hər hansı bir müddətdən sonra özünün yeni karyera yüksəlişinə başlaya biləcəyi ehtimalını nəzərə alır, beləliklə də, ümumiyyətlə sıradışı qalmasını arzulayırlar. Bu təxminlərə əsaslansaq, sabiq təhsil naziri ilə bağlı arzuolunmaz addımların atılması mümkün görünür”.
Yeri gəlmişkən, o da maraqlıdır ki, Misir Mərdanovun adı bu şəkildə gündəmə gəldikdən sonra o, yeni vəzifəyə təyin olunub. Belə ki, "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının redaksiya heyətinin tərkibində dəyişiklik edilib. Bu barədə AMEA-dan məlumat verilib.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, riyaziyyat üzrə elmlər doktoru Misir Mərdanov "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru təyin olunub.
Vəfatı ilə əlaqədar olaraq AMEA-nın müxbir üzvü Bala İsgəndərov, riyaziyyat üzrə elmlər doktoru Məlik-Baxış Babayev və riyaziyyat üzrə fəlsəfə doktoru İsak Məmmədov jurnalın redaksiya heyətinin tərkibindən çıxarılıb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında da qəbul olunub.
Misir müəllimə növbəti yeni işində uğurlar!
Günel Əkbər
Digər Xəbərlər
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10
2024-12-23 13:01:36
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40
2024-12-23 12:33:48
2024-12-23 12:27:41
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:59:10
2024-12-23 11:48:54
2024-12-23 11:22:47