"Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk. Hibrid sortlar daha çox məhsuldardır, daşınmaya davamlıdır, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur, iri ticarət şəbəkələrinin tələblərinə uyğun gəlir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

"Əlbəttə, hər bir dövlət xaricdən aqrar texnologiyaya idxal edir. Fransanın, Hollandiyanın, İtaliyanın, Türkiyənin, İsrailin, ABŞ-ın toxumçuluq sahəsində qazandığı nailiyyətlərdən bəhrələnmək gərəkdir. Lakin qanun layihəsi yerli seleksiya məktəbinin bərpasına, toxumçuluq üzrə elmi institutların və təcrübə təsərrüfatlarının gücləndirilməsinə, azad edilən ərazilərdə müasir toxumçuluq və seleksiya mərkəzlərinin yaradılmasına, yerli sortların dövlət reyestrinin və milli genetik ehtiyatların mühafizəsinə xidmət edir. Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır. Onun 4,8 milyon hektarı kənd təsərrüfatına, 1.8 milyon hektarı isə əkinə yararlıdır. Göründüyü kimi, münbit torpağımız qeyri-məhdud deyil - ona görə məhsuldarlığın əsas mənbəyi keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyadır.

Torpaqların birləşdirilməsinə hazırkı layihə ilə vahid məqsədlə baxdıqda tam əmin oluruq ki, dövlətimiz aqrar sferada çoxdan gözlənilən mühüm addımları atır. Ola bilsin kimsə, kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsini sovet dövrünün kolxozlaşma siyasəti ilə müqayisə etsin. Lakin bütün faydalarına rəğmən kolxozlaşma hərəkatı xüsusi mülkiyyətin ləğvi və torpaqların dövlət nəzarəti altında kollektivləşdirilməsi üzərində qurulmuşdu. Təklif olunan layihələr isə tam əksinə, xüsusi mülkiyyət hüququnu qorumaqla, torpaq sahiblərinin razılığı və ekvivalent bazar dəyəri prinsipi əsasında parçalanmış torpaq sahələrinin daha səmərəli istifadəsinə xidmət edir. Torpaq konsolidasiyası Avropada artıq 100 ildən çoxdur tətbiq olunur", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev