Mingəçevir Dövlət Universitetində universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, iş dünyası ilə əlaqələrin tələbə və məzunların karyera inkişafına yönəldilməsi, eləcə də tərəfdaşlıq imkanlarının daha səmərəli şəkildə idarə olunması məsələləri müzakirə edilib.

"Unikal" xəbər verir ki, müzakirələr zamanı MDU-nun İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini Qurban Qurbanzadə təqdimatla çıxış edərək universitetin tərəfdaşlıq ekosistemi, indiyədək həyata keçirilmiş fəaliyyətlər və növbəti dövr üçün planlaşdırılan təşəbbüslər haqqında ətraflı məlumat verib.

Təqdimatda bildirilib ki, Mingəçevir Dövlət Universiteti hazırda 450-dən çox müəssisə və təşkilatla əməkdaşlıq əlaqələrinə malikdir. Universitetin tərəfdaşlıq şəbəkəsinə özəl şirkətlər, dövlət və publik hüquqi şəxslər, qeyri-hökumət təşkilatları, assosiasiyalar, biznes birlikləri, media qurumları, təhsil müəssisələri və beynəlxalq təşkilatlar daxildir.

Təqdimatda tərəfdaş müəssisə və təşkilatların informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, təhsil və təlim, insan kapitalının inkişafı, kənd təsərrüfatı və aqrobiznes, tikinti, mühəndislik, sənaye, energetika, maliyyə, bank, sığorta, audit, media və kommunikasiya, ekologiya, su resursları, dayanıqlı inkişaf, turizm, hotelçilik, logistika, nəqliyyat, reklam və kreativ sənayelər daxil olmaqla geniş fəaliyyət istiqamətlərini əhatə etdiyi diqqətə çatdırılıb.
Qurban Qurbanzadə çıxışında vurğulayıb ki, universitet-sənaye əməkdaşlığı yalnız tərəfdaşların sayının artırılması ilə məhdudlaşmamalı, tələbə və məzunlar üçün konkret və ölçülə bilən nəticələrə çevrilməlidir. Bu baxımdan tərəfdaş müəssisələrin təqdim etdiyi istehsalat təcrübəsi imkanlarının ixtisaslar üzrə xəritələndirilməsi, vakansiyaların tələbə və məzunlara operativ çatdırılması, şirkət rəhbərləri, insan resursları üzrə mütəxəssislər və texniki ekspertlərlə mentorluq görüşlərinin təşkili əsas fəaliyyət istiqamətləri kimi qeyd olunub.

Bildirilib ki, indiyədək əməkdaşlıq çərçivəsində tələbələrin istehsalat və təcrübə proqramlarına cəlb edilməsi, müəssisələrə sənaye səfərlərinin təşkili, işəgötürənlərlə görüşlərin keçirilməsi, karyera və məşğulluq imkanlarının təqdim olunması, təlim, seminar və ustad dərslərinin təşkili, vakansiya məlumatlarının paylaşılması, eləcə də müxtəlif sosial, elmi və innovativ layihələrin icrası istiqamətində mühüm işlər görülüb.
Universitetin tərəfdaşlıq portfelinin tədris prosesinin praktiki məzmunla zənginləşdirilməsinə də imkan yaratdığı diqqətə çatdırılıb. İş dünyasının nümayəndələrinin tədris prosesinə, ustad dərslərinə, seminar və görüşlərə cəlb olunması tələbələrin real iş mühiti, müasir texnologiyalar, istehsalat prosesləri və əmək bazarının tələbləri ilə yaxından tanış olmalarına şərait yaradır.

Təqdimatda universitet-sənaye əməkdaşlığının tətbiqi tədqiqatların inkişafı baxımından da əhəmiyyəti qeyd edilib. Energetika, informasiya texnologiyaları, süni intellekt, su ehtiyatları, ekologiya, dayanıqlı inkişaf və regional iqtisadiyyat istiqamətlərində tərəfdaş müəssisələrlə birgə tədqiqatların, innovativ layihələrin və praktiki həllərin hazırlanmasının qarşıdakı dövrün prioritetləri sırasında olduğu bildirilib.
Növbəti mərhələdə MDU-nun tərəfdaşlıq bazasının müasir və ölçülə bilən idarəetmə modelinə keçirilməsi planlaşdırılır. Bu məqsədlə müəssisələrin fəaliyyət sahəsi, əlaqələndirici şəxslər, əməkdaşlığın mövcud vəziyyəti, təqdim edilən təcrübə proqramları və vakansiyalar haqqında məlumatların vahid elektron bazada toplanması nəzərdə tutulur.

Müzakirələrdə qeyd olunub ki, Mingəçevir Dövlət Universitetinin 450-dən çox müəssisə və təşkilatı əhatə edən tərəfdaşlıq ekosistemi universitetin təhsil, tədqiqat, innovasiya, karyera və regional inkişaf fəaliyyətini dəstəkləyən mühüm strateji resursdur. Bu potensialın tələbə və məzunların peşəkar inkişafına, məşğulluq imkanlarının artırılmasına və əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına yönəldilməsi universitetin əsas prioritetlərindən biri olaraq qalır.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti universitet-sənaye əməkdaşlığının davamlı şəkildə genişləndirilməsi, işəgötürənlərin təhsil prosesində iştirakının artırılması və tərəfdaşlıq əlaqələrinin real karyera, məşğulluq və innovasiya nəticələrinə çevrilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.