Moskvada qadın bağ sahəsində işləyərkən nişan üzüyünün hasara ilişməsi nəticəsində adsız barmağını demək olar ki, tamamilə qoparıb.
"Unikal" xəbər verir ki, bu barədə “Moscow Medicine” Telegram kanalı məlumat yayıb.
Hadisə zamanı qadının üzüyü hasarın çıxıntısına ilişib. O, əlini qəfil çəkərkən üzük barmağı güclü dartaraq adsız barmağın demək olar ki, tam qopmasına səbəb olub.
Zərərçəkən təcili olaraq Yeramişantsev adına Şəhər Klinik Xəstəxanasının Əl Mikrocərrahiyyəsi Mərkəzinə çatdırılıb. Həkimlər mürəkkəb əməliyyat zamanı zədələnmiş sümükləri, vətərləri, sinirləri, qan damarlarını və yumşaq toxumaları mərhələli şəkildə bərpa ediblər. Əməliyyat uğurla başa çatıb.
Hazırda qadın reabilitasiya mərhələsindədir. Həkimlər xatırladıblar ki, travma riski olan hər hansı işə başlamazdan əvvəl bütün üzükləri çıxarmaq lazımdır. Çünki güclü dartılma zamanı üzük barmaqdan sürüşmür, əksinə, toxumaları ciddi şəkildə zədələyə bilər.
Seymur Əli










































