Almaniya tərəfdən keçmiş kansler Angela Merkel dövründə Federal Kansler İdarəsinin rəhbəri olmuş Ronald Pofalla və Brandenburq əyalətinin sabiq baş naziri Matias Platsek, Rusiya tərəfdən isə Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev və keçmiş baş nazir Viktor Zubkov Bakıda gizli görüş keçiriblər.
12-14 iyul tarixlərində Bakıda baş tutan bu gizli görüş təkcə iki ölkənin nümayəndələrinin qeyri-rəsmi təması kimi qiymətləndirilə bilməz. Hadisə beynəlxalq münasibətlər sistemində paralel diplomatiyanın, qeyri-rəsmi siyasi kanalların və Azərbaycanın artan geosiyasi rolunun növbəti göstəricisi kimi diqqət çəkir.
Bu şəxslər hazırda dövlət vəzifəsində olmasalar da, hər biri öz ölkələrinin siyasi elitasında ciddi nüfuza və hakimiyyət dairələri ilə yaxın əlaqələrə malik fiqurlar hesab olunur. Xüsusilə Viktor Zubkov və Valeri Fadeyev uzun illərdir Vladimir Putinin siyasi komandasının etibarlı nümayəndələri kimi tanınırlar. Ronald Pofalla isə Almaniyanın təhlükəsizlik və dövlət idarəçiliyi sisteminin ən mühüm simalarından biri olub.
Belə bir tərkib göstərir ki, söhbət təsadüfi şəxslərin görüşündən deyil, siyasi mesaj daşıyan qeyri-rəsmi diplomatik təmasdan gedir.
Mövzunun əsas diqqətçəkən tərəfi Prezident İlham Əliyevin Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər oldu.

Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan tərəfi bu görüş barədə əvvəlcədən məlumatlandırılmayıb və məlumat yalnız beynəlxalq mətbuatdan əldə etdikdən sonra araşdırma aparılıb. Prezident həmçinin qeyd etdi ki, ölkə ərazisindən xəbərsiz istifadə olunub.
Bu açıqlama bir neçə mühüm siyasi məqamı ortaya qoydu:
Birincisi, Azərbaycan öz suverenliyinə aid məsələlərdə tam şəffaf mövqe nümayiş etdirdi. Prezident gizli görüşün təşkilatçısı kimi görünmək əvəzinə, əksinə, dövlət institutlarının araşdırma apardığını bəyan etdi. Bununla Bakı beynəlxalq ictimaiyyətə göstərdi ki, Azərbaycan hansısa gizli danışıqların təşəbbüskarı və ya vasitəçisi olmayıb.
İkincisi, Prezident Dövlət Sərhəd Xidmətindən xüsusi məlumat tələb etdiyini açıqlamaqla dövlət nəzarət mexanizmlərinin işlədiyini nümayiş etdirdi.
Üçüncüsü, "uçuş statistikası belə görüşün keçirildiyini deməyə əsas verir" ifadəsi Azərbaycanın hadisəyə emosional deyil, faktlar əsasında yanaşdığını göstərdi.
Fridrix Merts isə mətbuat konfransında həmin görüş barədə məlumatsız olduğunu bildirmişdi. Lakin Prezident İlham Əliyevin uçuş məlumatlarına və aparılmış araşdırmaya istinad etməsi vəziyyəti fərqli müstəviyə çıxardı və Almaniya Kansleri çətin vəziyyətdə qaldı.
Mertsin həqiqətən məlumatlı olub-olmadığını qəti şəkildə təsdiqləmək mümkün deyil. Bununla belə, siyasi baxımdan onun "məlumatım yoxdur" cavabı Prezident Əliyevin açıqladığı faktlarla uzlaşmadığı üçün Almaniya hökumətinin mövqeyi əlavə suallar doğurdu. Xüsusilə də Almaniyanın siyasi sistemində belə yüksək səviyyəli keçmiş dövlət rəsmilərinin beynəlxalq səfərlərinin tamamilə diqqətdən kənarda qalması inandırıcı görünmür.
Bu səbəbdən məsələ Almaniya daxilində də siyasi və media müzakirələrinin predmetinə çevrilə bilər.
Niyə məhz Bakı?
Son illər Azərbaycan həm Qərblə, həm Rusiya ilə, həm Türkiyə ilə, həm də digər regional aktorlarla işləyə bilən nadir ölkələrdən biridir.

Bakının üstünlükləri kifayət qədər aydındır. Birincisi, Azərbaycan nə NATO üzvüdür, nə də Rusiyanın müttəfiq bloklarında təmsil olunur. Bu, Bakını neytral platformaya çevirir.
İkincisi, Azərbaycan son illərdə müxtəlif beynəlxalq vasitəçilik proseslərinə ev sahibliyi edib. Türkiyə-İsrail, Rusiya-Qərb, İran-Qərb və digər istiqamətlərdə Bakının adı müxtəlif səviyyələrdə dialoq platforması kimi hallanıb.
Üçüncüsü, Azərbaycan təhlükəsizlik baxımından yüksək səviyyədə etibarlı ölkə hesab edilir. Dövlət protokolu, xüsusi xidmət orqanlarının imkanları və logistika belə görüşlərin keçirilməsi üçün əlverişli şərait yaradır.
Dördüncüsü, Bakı Avropa ilə Rusiya arasında birbaşa siyasi qarşıdurmanın mərkəzində yerləşmir. Bu da diqqəti minimuma endirməyə imkan verir.
Məhz buna görə son illərdə gizli diplomatiyanın müxtəlif elementləri üçün Bakı getdikcə daha çox seçilən ünvanlardan birinə çevrilir.
Görüşün məzmunu isə rəsmi şəkildə açıqlanmayıb.
Lakin iştirakçıların statusu və mövcud beynəlxalq vəziyyət nəzərə alındıqda bir neçə ehtimal ön plana çıxır.
Əvvəla, Ukrayna müharibəsinin gələcək mərhələsi və mümkün siyasi həll yolları müzakirə edilmiş ola bilər.
İkinci istiqamət Avropanın enerji təhlükəsizliyidir. Almaniya Rusiya qazından imtina etdikdən sonra yeni enerji balansı formalaşdırmağa çalışır. Moskva isə Avropa ilə gələcək iqtisadi münasibətlərin perspektivlərini qiymətləndirir.

Üçüncü mövzu ABŞ-də dəyişən siyasi vəziyyət fonunda Avropa-Rusiya münasibətlərinin gələcəyi ola bilər.
Dördüncü ehtimal humanitar və məhbus mübadiləsi, qeyri-rəsmi kommunikasiya kanallarının saxlanılması və gələcək rəsmi danışıqlar üçün zəmin hazırlanmasıdır.
Belə görüşlərdə adətən rəsmi qərarlar qəbul edilmir. Əsas məqsəd tərəflərin mövqelərini öyrənmək, qarşılıqlı mesajları çatdırmaq və gələcək siyasi proseslər üçün ilkin zəmin yaratmaq olur.
Bu hadisənin ən mühüm nəticəsi Azərbaycanın beynəlxalq nüfuzunun növbəti dəfə nümayiş etdirilməsidir.
Bir neçə il əvvəl Bakı əsasən regional diplomatiyanın mərkəzi hesab olunurdusa, artıq daha geniş geosiyasi proseslərdə də etibarlı platforma kimi qəbul edilir.
Azərbaycanın balanslaşdırılmış xarici siyasəti bunun əsas səbəblərindəndir. Rəsmi Bakı nə Qərblə münasibətləri qurban verir, nə də Rusiya ilə əlaqələri tamamilə kəsməyə çalışır. Eyni zamanda Türkiyə ilə strateji müttəfiqlik, Mərkəzi Asiya ilə inteqrasiya, Avropa İttifaqı ilə enerji əməkdaşlığı və Çinlə nəqliyyat layihələri Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirir.
Belə şəraitdə müxtəlif siyasi mərkəzlərin Bakını qeyri-rəsmi dialoq məkanı kimi seçməsi təsadüfi görünmür.
Ağarza Elçinoğlu
































.jpg)


.jpg)
.jpg)
















