Hakimiyyəti zəlil, vətəndaşları səfil ölkə nəyə güvənir?

Hakimiyyəti zəlil, vətəndaşları səfil ölkə nəyə güvənir?

Ermənistan prezidenti Serj Sarkisyanın görmə qabiliyyətinin necə olduğunu dəyərləndirmək bir qədər çətindir. Lakin o, ölkə ətrafındakı hadisələrin və bilavasitə Yerevanla bağlı olayların fövqəladə dərəcədə dinamik inkişaf etdiyini görmürsə, yəqin, kordur.

Yaxud da Sarkisyan bu olayları görməməzliyə vuraraq baş verənlərin təhlükəsini vətəndaşlarına anlatmaq istəmir.
Hadisələrsə gərginləşib. Əslində, ermənilər bütün bunları görürlər. Hakimiyyət dairələri xarici siyasətdəki problemləri ölkə daxilində opponentlərə qarşı alətə çevirməyə çalışır, Sarkisyan rejiminin yarıtmaz siyasət yürütdüyünü deyənləri "düşmən dəyirmanına su tökməkdə" suçlayırlar.
Erməni müxalifəti Yerevan iqtidarını heç olmasa indi idiotik hərəkətlər etməməyə, sərsəm siyasəti ilə ölkəni uçuruma aparmamağa çağırır.
Müxalifətçilər Sarkisyan iqtidarının istefasını tələb edirlər.
İllər əvvəl olduğu kimi.
Tələblə yanaşı, Yerevandakı hakimiyyətin bu bəyanatlara münasibəti də qətiyyən dəyişməyib.
Halbuki xarici siyasətdəki problemlər və daxili siyasətdəki çətinliklər miqyasla ağırlığından asılı olmayaraq normal ölkələrdə köklü dəyişikliklər və sıçrayışlı inkişafı üçün stimul rolunu da oynayır. Belə ki, böhranlı vəziyyətlər durumun yenidən dəyərləndirilməsi üçün səbəbə çevrilir, kütlə illərdən bəri mübtəla olduğu yuxudan ayılır.
Mahiyyət etibarilə, Ermənistanın düşdüyü vəziyyəti qaya üstündəki iki insan barədə qədim Çin rəvayəti ilə müqayisə etmək olar.
Uca qayanın başında, uçurumun kənarında durmuş insanlardan birində yüksəklik qanad çalmaq, səmada süzmək istəyi yaradırsa, digəri aşağı düşəcəyindən qorxaraq geri çəkilir.
Ermənistandakı hakimiyyət xalqına heç bir seçim vermir. Qaya üstündəki adamın yeganə yolu aşağı kəlləmayallaq düşməkdir.
Ermənilərin problemi düşdükləri vəziyyət, ağır geosiyasi durumları, Dağlıq Qarabağ münaqişəsi, Türkiyə ilə sərhədin bağlı olması, nəqliyyat blokadası və s. deyil.
Əsas problem hakimiyyət rıçaqlarına və pula malik insanlardır.
Onların beyinləri yalnız özlərini və ailələrini təmin etmək istiqamətində çalışdığından adi erməni, orta statistik vətəndaş belələrini əsla maraqlandırmır.
Belə vəziyyətdə Ermənistandakı rus generallar da marazma qapılırlar.
Məsələn, Rusiyanın Ermənistandakı hərbi bazasının, yəni Gümrü şəhərindəki 102-ci bazasının komandiri Ruzinski Yerevanda bildirmişdi ki, "əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə çalışarsa, onda MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çərçivəsindəki öhdəliklərə uyğun olaraq bazanın qüvvələrindən erməniləri qorumaq üçün istifadə ediləcək".
Bu açıqlama erməniləri vəcdə gətirmiş, ölkədə az qala bayram əhval-ruhiyyəsi yaratmışdı. Niyə də yox: ermənilər ağalarının, yəni Rusiyanın belə dəstəyinin reallığına şübhə etdikləri halda, Ruzinski onların şübhələrini puç etmiş, erməniləri sevindirmişdi.
Ermənilər gerçəkdən də şadyanalıq edirdilər və Yerevandakı media da bildirirdi ki, əslində, başqa cür ola da bilməz, Rusiya Ermənistanı heç zaman darda qoymaz, ermənilər də buna görə Rusiyaya minnətdar olmalıdırlar.
Ermənistan iqtisadiyyatının ən önəmli sahələrinə Rusiyanın nəzarət etməsi, ölkənin daxili və xarici siyasətinin Moskvanın tam nəzarətində olması, prezident Serj Sarkisyanın çoxdan bəri "şimaldakı ağanın" marionetkasına dönməsinə belə, ermənilər dözməyə hazır olduqlarını dedilər.
Təki 102-ci bazadakı hərbçilər onları qorusunlar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenidən hərbi əməliyyatlar başlarsa, ermənilərə yiyəlik etsinlər.
Alınmadı, ermənilərin hədsiz sevinci çox çəkmədi.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu sözügedən açıqlama ilə bağlı bildirdi ki, Ruzinskinin dediklərini erməni mediası təhrif edib. Yəni Gümrüdəki bazanın komandiri heç vaxt o sözləri deməyib və deyə də bilməz.
Daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Nikişin bildirdi: "Biz de-fakto və de-yure olaraq postsovet ölkələri ilə münaqişəyə başlaya bilmərik".
Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi səfəri əsnasında general Ruzinskinin bəyanatının, daha doğrusu, bu bəyanatın erməni yozumunun üçüncü dəfə təkzib ediləcəyi şübhə doğurmur.
Başqa cür ola da bilməz.
Çünki Ermənistana rəsmi səfərə yollanana qədər Rusiya prezidenti Vladimir Putin strateji müttəfiq və tərəfdaş saydığı Türkiyə ilə Azərbaycanı qıcıqlandıracaq bəyanatlar verib addımlar atmamalı, Ankara və Bakını inandırmalıdır ki, onun Yerevana səfəri Azərbaycanla Türkiyənin maraqlarına qarşı yönəlməyib, əksinə, Ankara-Bakı tandemi ilə anlaşmaların şərtlərini pozmur.
Rusiyanın başlıca məqsədi ABŞ və Avropa Birliyinin Cənubi Qafqaz regionunda daha da möhkəmlənməsinə, geosiyasi təsir gücünün artmasına yol verməməkdir.
Moskva bölgədəki problemləri sakit şəkildə həll etmək istəyir.
Bəhs etdiyimiz situasiyada isə Rusiyanın Ermənistandakı bazası məqamından ermənilərin aqressiv açıqlamaları üçün alət qismində istifadə olunması Moskvanın planlarına qətiyyən uyğun deyil.
Azərbaycana silah və hərbi texnika satan, Türkiyə iləsə münasibətləri sürətlə və geniş miqyasda inkişaf etdirməyə çalışan Moskva ermənilərə görə Bakı və Ankara ilə münasibətlərini sərinləşdirmək ehtimallarını ümumiyyətlə minimallaşdırmağa çalışır.
Ermənistan faktiki olaraq Cənubi Qafqazın Kubasına çevrilib, Rusiyaya yalnız silah və raketlər yerləşdirmək üçün poliqon təki gərəkdir. Halbuki ermənilər indiyədək bəlağətlə, şövqlə deyirdilər ki, "Ermənistan Cənubi Qafqazın İsveçrəsinə çevrilə bilər".
Olmadı.
Ermənistan indi bölgənin ən pis vəziyyətdəki ölkəsinə, vətəndaşlarının hakimiyyətə nifrət etdiyi məkana, işsizlikdən tutmuş qadın alverinədək ən ağır sosial problemlərin partlayış həddinə çatdığı yerə dönüb.
Postsovet məkanında mühacirətin miqyasına görə Ermənistanla Tacikistan "lider" mövqelərini bölüşdürürlər.
İqtisadiyyatı zəlil, vətəndaşlarının tam əksəriyyəti isə səfil olan ölkə hansı qüvvəsinə, potensialına arxalanaraq aqressiv mövqe tutur - yəqin, bəllidir.
Amma tarix göstərir ki, hamiyə güvənən ölkələrin hakimiyyətləri bütün hallarda peşman qalırlar.
Pərişan və naçar vəziyyətdə.

Elçin Alıoğlu