Ukraynada xalq Yanukoviçi devirməyə qalxdı
11:03 26-11-2013
İQTİSADİYYAT
Ukraynada xalq Yanukoviçi devirməyə qalxdı
Kiyevdə və ölkəboyu yüzminlərlə insan meydanda: Nazirlər Kabineti ələ keçirilmək istənildi
Ukraynanın paytaxtı Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyası toqquşmalarla nəticələnib.
100 minədək insanın toplaşdığı aksiyaya polis müdaxilə edib. Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşma olub, polis gözyaşardıcı qazdan istifadə edib. Aksiyanın dağıdılmasına "Berkut" xüsusi təyinatlı qüvvələri cəlb olunub, lakin onlar mitinqi dağıda bilməyiblər. Hələlik, yalnız aksiya iştirakçılarının Nazirlər Kabinetinə doğru hərəkətinin qarşısını almaq mümkün olub.
Axşam saatlarında müxalifət "Avropa" meydanında və Nazirlər Kabinetinin qarşısında çadırlar qurmağa başlayıb. Kiyev polisinin rəhbərliyi bəyan edib ki, çadır şəhərciyini sökmək niyyətində deyillər, amma hökumət müvafiq qərar qəbul etsə, ictimai asayişi bərpa etmək üçün bütün vasitələrə əl atmağa hazırdırlar.
Müxalifət Vilnüs sammitinə qədər "Avropa" meydanından çıxmayacağını bəyan edib. Bəyanatda bildirilir ki, əgər Ukrayna Vilnüs sammitində Avropa Birliyi ilə assosiativ saziş imzalamasa, aksiyalar nəticə əldə olunana kimi davam edəcək.
Hazırda əsas mitinq "Avropa" meydanında keçirilir. Kütlənin sıx olduğu yerlərə bir neçə dəfə qatı tüstü müşahidə olunub. Müxalifət qaz şaşkalarının Yanukoviçin lideri olduğu Regionlar Partiyasının atdığını bildirir.
Ukrayna Daxili İşlər Nazirliyi Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşmalarda bir "Berkut" xüsusi təyinatlısının yaralandığını bildirib.
Rəsmi məlumata görə, nümayişçilərdən xəsarət alan yoxdur. Hazırda hökumət binası qarşısında vəziyyət sabitdir. "Berkut" qüvvələri binanın mühafizəsini təmin edir. Nazirlər Kabinetinin qarşısında bir neçə yüz nəfər qalıb, aksiya iştirakçıları "Avropa" meydanına və Radaya doğru hərəkət etməyə başlayıblar.
Ukraynanın bütün şəhərlərində Avropaya inteqrasiya tərəfdarlarının mitinqləri keçirilir. Kiyevdən fərqli olaraq digər şəhərlərdə aksiya iştirakçılarının sayı nəzərəçarpacaq dərəcədə azdır.
Baş nazir:
"Avropa Birliyi ilə
assosiasiya sazişi
2014-cü ilin əvvəllərində imzalana bilər"
Bu arada Ukraynanın baş naziri Nikolay Azarov Avropa Birliyi ilə assosiasiya sazişinin 2014-cü ilin əvvəllərində keçiriləcək Ukrayna-Avropa Birliyi sammiti zamanı imzalana biləcəyini deyib.
UNİAN agentliyinin yaydığı xəbərə görə, N. Azarov Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin də bu cür bəyanat verdiyini xatırladaraq bildirib ki, müxalifətdən fərqli olaraq, Avropada Ukrayna hökumətinin avrointeqrasiyanı dayandırmaq qərarı faciə kimi qarşılanmayıb: "Bizim müxalifət sabitliyi pozmaq üçün hər cür bəhanədən istifadə edir. Avropa Birliyi bizim iqtisadi durumumuzu çox gözəl başa düşür. Fülenin bəyanatı onu göstərir ki, sağlam düşüncə var və biz düzgün qərar qəbul etmişik. Biz problemlərimizi həll edib, daha sonra assosiasiya sazişini imzalamalıyıq".
Ukrayna Avropa
İttifaqına inteqrasiyanı
niyə dayandırıb?
Xatırladaq ki, ötən həftə - noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib. Həmin vaxt verilən məlumata görə, qərar Rusiya Federasiyası və digər MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin itirilmiş istiqamətlərinin və istehsal həcminin bərpası üçün kompleks tədbirlərin daha dəqiq öyrənilməsi və işlənməsi məqsədilə qəbul olunub: "Dövlətin iqtisadi potensialının qorunması və möhkəmləndirilməsi məqsədilə Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlanması üçün fəal dialoq bərpa edilməlidir".
Digər bir qərar isə sabiq baş nazir Yuliya Timoşenkonun xaricdə müalicə almasına icazı verəcək qanun layihəsinin rədd edilməsi idi. Xatırladaq ki, AB assosiasiya sazişinin əsas şərti kimi sabiq baş nazir Timoşenkonun həbsdən buraxılaraq xaricdə müalicəyə göndərilməsini tələb edirdi.
Ukrayna rəhbərliyi əvvəlcə bu şərtə etiraz etməsə də, sonradan fikrindən daşınıb və Y. Timoşenko haqqında parlamentdə hazırlanan qanun layihələri hakimiyyətdəki Regionlar Partiyası və onun müttəfiqlərinin səsləri ilə rədd edilib.
Bu qərarların qəbul olunacağı ilə bağlı siqnallar artıq bir neçə müddət idi ki, verilirdi. Hələ ondan bir neçə gün əvvəl Ukrayna prezidentinin mətbuat xidməti prezident Viktor Yanukoviçin biznesmenlərlə görüşü ilə bağlı material yayımladı.
Görüşdə nüfuzlu biznesmenlər dövlət başçısından Avropa Birliyi ilə assosiativ sazişin imzalanmasını təxirə salmağı xahiş etmişdilər. Qeyd olunurdu ki, biznesmenlər Rusiya bazarını itirməmək və çətinliklərlə qarşılaşmamaq üçün V.Yanukovişdən belə bir xahiş edib.
Ukrayna baş naziri Nikolay Azarov da bildirmişdi ki, Avropa Birliyi ilə noyabr ayında imzalanması nəzərdə tutulan assosiativ saziş Rusiya ilə münasibətlərin pisləşməsinə görə gələcək itkiləri konpensasiya etməyəcək.
Təxminən iki həftə əvvəl isə hökumətin iclasında baş nazir Nikolay Azarov demişdi ki, "Ukrayna Rusiya ilə əməkdaşlıqdan imtina edə bilmir". Baş nazir Şərq qonşusu ilə münasibətləri yaxşılaşdırmaq ehtiyacının olduğunu dilə gətirdi.
Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti Üzrə komissarı Ştefan Füle Rusiyanın Ukraynaya iqtisadi təzyiqlərinin gücləndiyi bir vaxta qeyd etmişdi ki, Brüssel öz partnyorlarını tərk etməməlidir. O, Ukraynanın itkilərinin konpensasiya olunacağını da söyləmişdi. "Biz maliyyə yardımının və ticarət rejiminin təcili şəkildə sadələşdirilməsinə hazırlaşırıq.
"Ukrayna üçün qapılar açıq olaraq qalır", - bunu isə Avropa Parlamentinin almaniyalı deputatı Elmar Brok "Die Welt" qəzetinə müsahibəsində söyləmişdi. Ancaq görünən budur ki, Avropa indiyə kimi ona tərəf can atan Kiyevi Rusiyanın təzyiqlərindən xilas etmək üçün heç nə etməyib, yaxud da edə bilməyib. Əksinə, Kiyevin qarşısına Tikoşenko kimi hasar çəkib.
İki həftə ərzində Yanukoviçin Vladimir Putinlə görüş planlaşdırması da Qərbi şübhələndirmişdi. Onlardan ikisi - 25 oktyabrda Minskdə, 27 oktyabrda Soçidə nəzərdə tutulan görüşlər baş tutsa da, noyabrın 9-u əvvəlcədən elan edilməsinə baxmayaraq Moskvaya səfər reallaşmamışdı. Amma bununla belə Qərb diplomatlarının gəldiyi nəticəyə görə, Kiyevdə hökumətin "tonunun dəyişməsi" hiss edilirdi.
Qərbdə belə düşünürlər ki, Yanukoviç ölkənin gələcəyindən daha çox siyasi karyerasını düşünür. 2015-ci ildə Ukraynada prezident seçkiləridir. Hesab edilir ki, Yanukoviç Timoşenkonu azad etməklə gələcək siyasi karyerasının təhlükə altına düşəcəyindən qorxur. "Çünki, bu halda Brüssel dərhal sabiq baş nazir Timoşenkonun oyununa daxil edə bilərdi. Hansı ki, Timoşenko ölkədə kifayət qədər ciddi siyasi kapital və ictimai resursa malikdir. Yanukoviçin Timoşenkonu azad edilməsi ilə bağlı ilkin şərtin icrasından imtina etməsindən sonra Brüsselə aydın oldu ki, Kiyevdə Şərqə dönməyə hazırlaşır", - yenə keçən həftə əvvəl Latviyanın "İr" qəzeti yazmışdı.
Qəzet həmçinin yazmışdı ki, Rusiya prezidenti V.Putin imperiyanın bərpası üçün mübarizədə strateji müvəffəqiyyətə yaxındır. Keçən günlər Kiyevin Avropadan üzünü çevirəcəyinə daha bir işarə Ukrayna prokurorluğunun Timoşenkonun vəkilinə arvadını döyməsi ilə bağlı cinayət ittihamını irəli sürməsi idi. "Bütün bunlar isə onu deməyə əsas verir ki, Yanukoviç assosiativ müqavilənin uğursuzluğu üçün fon hazırlayır", -"İr" yazırdı.
Latviya qəzeti qeyd edirdi ki, elan edilmiş strateji hədəfdən Ukraynanın geri çəkilməsi Qərblə daha da inkişaf etdirilən "soyuq müharibə"də Putin üçün böyük psixoloji qələbə olacaq: "Sentyabrın əvvəlində Kreml Ermənistanın Aropa Birliyi ilə assosiativ müqavilədən imtina etməsinə nail ola bildi. Amma Şərq və Qərbin yarışında əsas mükafat Ukraynadır. ABŞ-ın keçmiş prezidenti Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Zbiqnev Bjezinski deyirdi ki, Rusiya Ukraynasız imperiya deyil. Ukraynanın Qərb yönümlü orientasiyadan imtinası vahid Avropanın yaradılması üçün ağır zərbə ola bilər. Bu həmdə qitənin sonrakı parçalanmasına imkan verəcək".
Bəli, görünən bu idi ki, Rusiya gücün əsas hissəsini Ukraynanı qazanmaq üçün sərf edirdi. Və buna nail oldu. Amma hələlik.
Proseslərin sonrakı gedişi artıq Ukrayna xalqının Yanukoviç hakimiyyətinə qarşı total etirazlarından əhəmiyyətli şəkildə asılı olacaq. Əksər ekspertlər hər bir halda Ukraynanın yaxın illərdə Avropa İttifaqının tamhüquqlu üzvünə çevriləcəyini istisna etmir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53