ABŞ hökuməti İranla düşmən münasibətlərə son qoymaq istəyir
10:59 27-11-2013
İQTİSADİYYAT
ABŞ hökuməti İranla düşmən
münasibətlərə son qoymaq istəyir
Tehranla Cenevrə razılaşmasının tənqidçiləri artır
Bu gün 1979-cu ilin noyabr hadisələrini az adam xatırlayır. İranda İslam inqilabından sonra Amerikanın Tehrandakı Səfirliyinə basqın edilir və 52 Amerika diplomatı girov götürülür. Amerikalı diplomatlar 444 gün girov saxlandıqdan sonra ABŞ-ın hərbi əməliyyatı nəticəsində azad edilirlər.
Girov böhranı ABŞ-la İran arasında 3 onillikdən bəri davam edən düşmənçiliyə yol açır. Nəhayət, 34 il sonra ABŞ və İran prezidentlərinin ilk tarixi görüşünün baş tutması üçün şərait yaranır. Bu ilin sentyabrında, BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün eyni vaxtda, eyni binada olan hər 2 prezident ilk, tarixi görüşü keçirməyə cəhd göstərirlər.
Gözləntilərin əksinə olaraq, Ruhani-Obama görüşü baş tutmadı, bununla belə hər 2 lider ABŞ-İran münasibətlərində dəyişiklik etmək iradəsini nümayiş etdirdi. Bu iradənin olması şübhə doğurmur. Lakin onillər boyu təsbit olunmuş düşmən stereotipini dağıtmağın hər 2 tərəf üçün necə çətin olması heç kimə sirr deyil.
Prezidentlərin görüşü baş tutmasa da, 2 ölkənin xarici siyasət idarəsinin apardığı danışıqlar nəticə verir. Artıq 2 ay sonra Cenevrədə İranla bağlı tarixi razılaşma imzalanır. Qərbi bu razılaşmada maraqlandıran İranın nüvə proqramına son qoymaqdırsa, Tehran isə ölkə iqtiasadiyyatına milyonlarla dollar ziyan vuran ticarət sanksiyalarından yaxa qurtarmağa çalışır. Hər iki tərəf başa düşür ki, çıxış yolu qarşılıqlı düşmənçiliyə son qoymaqdan keçir.
Antaqonist qarşıdurmanın keçmişə yazılmasından sadə adamlar da mənfəətlənərdilər. Amerikada yaşayan İranlılar və İrana səfər etmək istəyən amerikalılar bunu casus adlandırılmaq qorxusu olmadan edə bilərdilər. Lakin barışıq müqaviləsini bayram etmək hələ tezdir. Amerikanın həm daxilində, həm də xaricində İranla barışığa etiraz edənlərin güclü reaksiyası bu yolun asan olmayacağına dəlalət edir.
İran 5 faizə qədər
zənginləşdirilmiş uranın istehsalını artıracaq
İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, "altılıq"la razılaşmadan sonra ölkəsi 5%-ə qədər zənginləşdirilmiş uranın istehsalını artırmaq fikrindədir.
"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, Ə. Ə. Salehi deyib ki, 5%-ə qədər zənginləşdirilmiş uranın istehsalı azalmayacaq, əksinə, artacaq: "Lakin biz qarşıdakı altı ay ərzində uranı 20 faizə qədər zənginləşdirməməliyik".
Ə. Ə. Salehi qeyd edib ki, imzalanan razılaşmadan İran heç nə itirməyib və ölkəyə qarşı sanksiyalar sistemi laxlayıb: "İran sadəcə, uranın 20 faizə qədər zənginləşdirilməsini dayandırmağa razılıq verib. Bu, kran kimidir. Əgər Qərb ölkələri öz öhdəliklərini yerinə yetirməsələr, biz bu kranı açacağıq".
İranla "Cenevrə
razılaşması" dünya gündəmində!
"Bu çox pis razılaşmadır, çünki İran üzərindən təzyiqləri götürür, ancaq əvəzində konkret nəsə vermir. Beləcə banklara gülən, iranlılar, öz aralarında bu razılaşmanın onları xilas etdiyini deyir. Əziz dostlar, dünən (srağagün - red.) axşam ABŞ prezidenti Barak Obamayla bu barədə danışmışam. İranla bağlı yekun sazişi ABŞ-da müzakirə etmək üçün Milli TƏhlükəsizlik Müşaviri Yossi Kohenin başçılığı altında nümayəndə heyətinin bir neçə günə ABŞ-a yollanmasına razılaşdıq. Yekun sazişin yalnız bir nəticəsi olmalıdır: İranın nüvə silahı yaratmaq potensialı yox edilməlidir". Bu bəyanatla İsrail baş naziri Benyamin Netanyahu çıxış edib.
O, son üç gündə ikinci dəfə İranla əldə olunan razılaşmalara görə bir daha narahatlığını bildirib. Netanyahu sazişi növbəti dəfə tənqid edərək, onunla İranın dünya banklarını gülərək ələ saldığını deyib. İsrail parlamentindəki çıxışında baş nazir rəsmi Vaşinqtonla Cenevrə sazişini daha ətraflı müzakirə etmək üçün ABŞ-a nümayəndə heyəti yollayacağını bildirib.
Bundan əvvəl bazar günü Netanyahu İranın nüvə razılaşmasını "tarixi səhv" kimi dəyərləndirmişdi.
Xatırladaq ki, Cenevrədə imzalanan sazişin açıqlanmış təfərrüatlarına görə, İran uran zəngilləşdirilməsini 20 faizdə saxlayacaq, əvəzində İran iqtisadiyatına ciddi ziyan vurmuş Qərb sanksiyaları qismən qaldırılacaq.
Britaniyanın xarici işlə naziri Vilyam Heyq isə Britaniya parlamentində razılaşma ilə bağlı hesabat verib. Heyq belə sazişin həm tənqidçilərinin, həm də oponentlərinin ortaya çıxacağının gözlənilən olduğunu deyib. Danışıqlarda iştirak edən ölkələrə təşəkkürünü bildirən Heyq, yekun sazişin qarşıdakı aylarda imzalanacağına ümidvar olduğunu ifadə edib: "Az qala son 10 ildə ilk dəfə olaraq, İranın nüvə proqramını dayandırmağa nail olmağımız, bu işin mümkünsüz olmadığına və daha geniş saziş bağlamağın mümkün olduğuna dair bizi ürəkləndirməlidir".
Bir vaxtlar İsrailin Milli Təhlükəsizlik Şurası üçün İran nüvə proqramının monitorinqini aparmış Yoel Quzanski isə İranın razılaşmadakı öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, İsrailin masada olan bütün variantları, o cümlədən hərbi zərbə məsələsini nəzərdən keçirəcəyini bildirib: "İranın necə deyərlər cığallığ etdiyi faktı ortaya çıxarsa, necə ki, əvvələr də bunu görmüşdük - bu israilə təkbaşın hərəkətə keçmək üçün , nüvə obyektlərinə hərbi əməliyyat keçirmək üçün daha geniş legitimlik verə bilər".
Quzanski Səudiyyə Ərəbstanının da yeni razılaşmadan narahat olduğunu, onun İranın nüfuzunu artıracağını və onun Körfəzdə hegemon dövlətə çevrilmək arzusuna çatdıracağından ehtiyat etdiyini hesab edir.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53