Azərbaycan hazırda Avropa Birliyi ilə saziş imzalayarsa...
11:10 27-11-2013
CƏMİYYƏT
Azərbaycan hazırda Avropa Birliyi ilə saziş imzalayarsa...
“Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, politoloq Razi Nurullayev deyib: “Azərbaycanın “Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ sazişi imzalamaq üçün sənədləri tam olaraq hazır deyil. Çünki Azərbaycan bu məsələ ilə bağlı çox da tərəqqi əldə etməyib. Yeganə hazır olan vizanın liberallaşdırılmasıdır. Yəqin ki, Vilnüsdə Azərbaycanla Avropa Birliyi arasında vizanın sadələşdirilməsi ilə bağlı saziş imzalanacaq”.
Onun sözlərinə görə, “Azərbaycan hazırda Avropa Birliyi ilə saziş imzalayarsa, Rusiya gözlənilməz addımlar ata bilər. Azərbaycanın iqtisadiyyatının çökdürülməsi üçün tranzit xətləri bağlanılması, iqtisadi əlaqələrin kəsilməsi, azərbaycanlı miqrantların Rusiyadan köçürülməsi kimi hadisələr baş verə bilər. Düşünürəm ki, Azərbaycan Rusiya və Avropa Birliyi ilə eyni məsafədə dayanmağı üstün tutacaq. Azərbaycan bu məsələdə balans yaratmaq istəyir. Məsələ ondadır ki, nə Rusiya, nə də Avropa Birliyi Azərbaycanın balansını qəbul etmək istəyir. İndi Azərbaycan məqbul bir variant axtarır ki, tərəfləri razı salsın. Hesab edirəm ki, Azərbaycan qəti mövqeyini açıqlamayacaq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qəmbərli “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Rusiyanın bütün təzyiqlərinə və potensial təhdidlərinə baxmayaraq, Azərbaycanın Avrasiya və Gömrük Birliklərinə daxil olacağını zənn etmirəm. Avrasiya Birliyinin real qüvvəyə çevriləcəyi ehtimalı çox azdır. Vaxtilə dağılmış SSRİ-nin əvəzinə Müstəqil Dövlətlər Birliyi yaradılarkən Moskva eyni illüziyalarla yaşayırdı. Zaman keçdikcə bu birlik gerçəklikdə özünü doğrultmadı və sadəcə karikatura olara qaldı. Mənə elə gəlir ki, Rusiya prezidenti Putinin də böyük ciddi-cəhdlə yaratmağa çalışdığı Avrasiya İttifaqı da eyni aqibəti yaşayacaq. Sadəcə, Azərbaycan bu illüziyanın öz yerini tutması üçün vaxt udmağa və Rusiyadan qaynaqlana biləcək ziyanları neytrallaşdırmağa çalışmalıdır”.
Sədr müavininin sözlərinə görə, “Azərbaycan Qərb strukturlarına inteqrasiya olunmaq xətti götürüb və prezident seçkilərindən sonra hiss olunur ki, dövlət başçısı yaxın beşilllikdə ölkədə güclü islahatlar keçirtmək niyyətindədir. Bu islahatlar isə Azərbaycanın Qərb qurumlarına qoşulması üçün real zəmin hazırlayacaq”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan Gömrük İttifaqı ilə yanaşı Avropa Birliyi ilə də assosiativ üzvlüyü imzalamağa çalışmır.
Onun “Unikal”a söylədiyinə görə, “Bununla da Azərbaycan neytral siyasət yürüdür. Ancaq bu arada Rusiyanın Azərbaycana təzyiqləri də artır. Ermənistandan fərqli olaraq Ukrayna da təzyiqlərə davam gətirir”. Politoloq bildirib ki, Azərbaycan yalnız bir istək əsasında Gömrük Birliyinə daxil ola bilər.
“Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirsə, işğal altındakı torpaqların boşaldılmasında rol oynasa, Azərbaycan da Gömrük İttifaqına üzv ola bilər. Qarabağ konfliktinin çözümündə Rusiya müsbət addımlar atmasa, Azərbaycan da Kremlin yaratdığı birliyə qoşulmayacaq. Mən inanmıram ki, Bakı bu şərtlər daxilində Gömrük İttifaqına yaşıl işıq yandırar”, - deyə siyasi təhlilçi qeyd edib.
Azərbaycanın Avropa Birliyinə assosiativ üzvlük məsələsini də şərh edən E. Şahinoğlu vurğulayıb ki, bu sazişin imzalanması Bakının xeyrinə işləyə bilər. “Çox təəssüf ki, Azərbaycan hakimiyyəti çox fərqli siyasət yürüdür. Hələ ki, Azərbaycan Avropa Birliyi ilə assosiativ anlaşma imzalamağa tələsmir. Bunun əvəzinə ola bilər ki, vizaların sadələşdirilməsi ilə bağlı Azərbaycan Avropa Birliyi ilə razılıq əldə edə bilər”.
Siyasi şərhçinin fikrincə, “Azərbaycanın gələcəyi, siyasi perspektivi bütün hallarda Aİ-lə inteqrasiyadan keçir. O söyləyib ki, Azərbaycanın yaxın müttəfiqləri olan Gürcüstan, Ukrayna, Moldova Aİ-lə adıçəkilən sazişi imzalasa, rəsmi Bakının da belə addım atacağı qaçılmaz olacaq”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00