Səlim Müslümov bu gün "VTEK" sədrlərini məhşər ayağına çəkəcək
12:44 29-11-2013
İQTİSADİYYAT
Səlim Müslümov bu gün "VTEK" sədrlərini məhşər ayağına çəkəcək
Nazirlikdə keçiriləcək iclasda sərt qərarların verilməsi gözlənilir
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iclasın keçirilməsi gözlənilir. Bu barədə qəzetimizə nazirliyə yaxın mənbələrdən məlumat verilib.
Mənbənin bildirdiyinə görə, iclasda müzakirə ediləcək əsas məsələlərdən biri nazirliyin tabeliyindəki Tibbi Sosial Ekspert Komissiyalarının (TSEK; xalq arasında isə "VTEK" kimi məşhurdur) fəaliyyəti ilə bağlı olacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bu postda ilk iclasının "VTEK" sədrləri üçün xüsusilə həyəcanlı keçəcəyini deyən qaynaq yeni nazirin rəhbərlik etdiyi strukturda köklü dəyişikliklər tərəfdarı olduğuna diqqət çəkib.
Qaynaq xatırladıb ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatları ilə bərabər, digər istiqamətlərdə də müsbət dəyişikliklər hiss edilir: "Məsələn, iki gün əvvəl Müslümovun göstərişi ilə Azərbaycanda ünvanlı sosial yardım alanların siyahısı ilk dəfə ictimailəşdirilib. Artıq hər bir kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı imkanlı şəxsin adının olub-olmadığını görə biləcək. Bu yardım özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan vətəndaşlar üçün nəzərdə tutulur. Amma heç kimə sirr deyil ki, bu gün Azərbaycanda 2 maşını, topdağıtmaz ev-eşiyi, geniş maddi imkanları olan onlarla vətəndaş ünvanlı dövlət sosial yardımı alır. Beləliklə də yeni nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bundan sonra daha şəffaf işləyəcəyini, ünvanlı dövlət sosial yardımının təyinatında ədalətsizliyin aradan qaldırılacağını nümayiş etdirib. Səlim Müslümovun sosial müdafiə sistemində kifayət qədər problemli istiqamətlərdən olan "VTEK"lərlə bağlı da reform planına əl atması gözləniləndir və ehtimal edilir ki, bu günki iclasda artıq həmin yöndə ilk addımların atılmasına start veriləcək".
Xatırladaq ki, TSEK-lər Azərbaycanda KİV-in ən çox tənqid etdikləri qurumlardan biridir. Adıçəkilən komissiyaların əksəriyyətinin rüşvət və korrupsiya bataqlığına çevrildiyini keçmiş nazir Füzuli Ələkbərovun vaxtında "VTEK" sədrlərinin və əməkdaşlarının kifayət qədər geniş yayılmış həbsləri, həyata keçirilən yoxlamalar zamanı çoxsaylı qanunsuzluq hallarının aşkarlanması kimi faktlar da təsdiqləyir.
Artıq yeni əmək və əhalinin sosial müdafiəsi naziri "VTEK"-lərin adı ətrafında bu cür xoş
olmayan təəssüratı dəyişmək və onların fəaliyyətində yeni, aşkar, şəffaf fəaliyyətə nail olmaq istəyir. Elə bu səbəbdən də nazirlikdə bu gün keçiriləcəyi gözlənilən iclasda xeyli TSEK sədrinin ciddi qınaq, tənqid və iradlarla qarşılaşacağı şübhəsizdir. Onların bəzilərinin elə iclasın gedişindəcə görəvdən alınması, bəzilərinə sonuncu dəfə xəbərdarlıq edilməsi, hətta bəziləri barədə daha sərt cəza tədbirləri görülməsi üçün barələrində hüquq-mühafizə orqanlarına təqdimatların verilməsi istisna olunmur.
Buna görə də iclasda "VTEK" rəhbərləri iynə üstündə oturmuş olacaqlar, özlərinin gələcək aqibətləri ilə bağlı ciddi narahatlıqlar keçirəcəklər.
Ümumiyyətlə gözləniləndir ki, TSEK-lər Səlim Müslümovun ciddi və sərt xəbərdarlıqları, dəyişiklik planları sayəsində özlərinin əvvəlki fəaliyyət prinsiplərindən imtina etmək məcburiyyətində qalacaq və kimlər üçünsə bu komissiyaların "qaz vurub, qazan doldurmaq" yerinə çevrilməsinə son qoyulacaq. Bugünki iclasda keçiriləcək müzakirələr və alınacaq qərarlar həmin istiqamətdə ilk addımlar kimi mühüm əhəmiyyət kəsb edəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53