Milyarderlər ... Onlar kimdirlər?
12:47 29-11-2013
İQTİSADİYYAT
Milyarderlər ... Onlar kimdirlər?
İndiki milyarderlərin 60%-i var-dövləti özü qazanıb, 40%-ə isə kimdənsə miras qalıb
İsveçrənin maliyyə şirkəti USB Sinqapurda fəaliyyət göstərən, varidatı 30 milyon dolları aşan insanlar barədə məlumatlar toplayan Wealth-X beynəlxalq konsaltinq şirkəti ilə birlikdə “Milyarderlərin siyahısı-2013” məruzəsini bu günlərdə dərc etdirib. Bu, planetin superzənginləri barədə özünəməxsus ilk araşdırmadır.
Hazırda dünyada 1 milyard və daha çox dolları olan 2170 adam var. Asiya milyarderlərinin ümumi sərvəti son bir il ərzində 13% artıb. Bu, dünyanın istənilən hissəsindəki artımdan çoxdur. Milyarderlərin son bir il ərzində azaldığı yeganə yer Avropa olub – 29 nəfər.
Proqnozlara görə, yaxın beş ildə Asiya milyaderlərinin sərvəti öz həcminə görə Şimali Amerika superzənginlərinin sərvəti ilə bərabərləşəcək. Son bir ildə Asiya milyarderlərinin sayı 3,5%-dən çox artıb. Məruzə müəlliflərinin fikrincə, bu, dünya iqtisadiyyatındakı “tektonik tərpənişlər”i əks etdirir.
Wealth-X-in icraçı direktoru Mikolas Rambus məruzəni təqdim edərkən son dörd ildə milyarderlərin sayının kəskin şəkildə artdığını vurğulayıb: -Dünya maliyyə böhranının sona çatdığı 2009-cu ildə milyarderlərin sayı 60% çoxalıb. Dəqiq deyilsə, o vaxtdan bəri 810 nəfər milyarder olub. O zamandan bəri milyarderlərin sərvəti iki dəfədən çox artıb. Bu məbləğ Amerikanın dövlət büdcəsindəki çatışmazlığı 2024-cü ilə qədər maliyyələşdirməyə bəs edir. Bu, Birləşmiş Ştatlar və Çin istisna olmaqla bütün ölkələrin Ümumi Daxili Məhsulunu (ÜDM) üstələyir.
Milyarderlərin son 12 ay ərzindəki işləri barədə məruzədən çıxan nəticələr bunlardır:
1.Milyarderlərin sayı yarım faiz, onların ümumi sərvəti 5,3% artıb.
2.Milyarderlərin çoxu Avropa ölkələrində yaşayır – 766. Lakin yenə də Şimali Amerika milyarderlərinin ümumi sərvəti çoxdur – 2 trilyon 158 milyard dollar.
3. Ən çox milyarder Asiyada meydana çıxıb – 18 nəfər, ikinci yerdə Şimali Amerikadır – 11 nəfər.
4.Latın Amerikası milyarderlərinin sərvəti daha ləng şəkildə çoxalıb – 2.3%.
5. Dünya üzrə milyarderlərin orta sərvəti 3 milyard dollar təşkil edir.
6. 111 nəfər 10 milyard dolları keçən varidata malikdir. Onların ümumi sərvəti 1 trilyon 900 milyard dollardır. Bu, Kanadanın ÜDM-dan çoxdur.
7. Şəxsi təyyarələrində həmişə dünyanı dolaşan milyarderlər barəsində kosmopolitlər kimi movcud olan təsəvvürlərə baxmayaraq, çoxusu anadan olduğu və böyüdüyü yerdə yaşayır.
8.İndiki milyarderlərin 60%-i var-dövləti özü qazanıb, 40%-ə isə kimdənsə miras qalıb.
9. Qadın milyarderlər arasında cəmi 17%-i müstəqil şəkildə varlanıb. Onarın 71%-i varis milyarderlərdir.
Ən çox milyarder Birləşmiş Ştatlarda (515) yaşayır. Çin ikinci (157), Almaniya üçüncü (148), Böyük Britaniya dördüncü (135) yerdədir. Rusiya 108 milyarderlə beşinci yerdədir. Onun ardınca keçmiş sovet respublikalarından Ukrayna gəlir – 18 milyarderlə 27-ci yer.
Latın Amerikası ölkəlrində Braziliya liderlik edir – 50 superzənginlə 11-ci yer.
Afrikada ən çox milyarder Misirdə yaşayır – 19 nəfər. Bu, ümumdünya reytinqində 26-cı yerdir.
Milyarderlər Nyu-Yorka üstünlük verirlər. Ardınca Honqkonq, sonra isə Moskva və London gəlir.
Daha bir neçə maraqlı fakt.
Orta milyarder – 67 yaşlı kişidir. Onun sərvətinin 18%-i nəqd haldadır (görünür, maliyyə böhranı təcrübəsi özünü büruzə verir). O, Harvardda təhsil alıb, incəsənəti, təyyarələri, mülkiyyəti, səyahəti, qolfu sevir. Milyarderlərin üstünlük verdiyi şeylər məhz bu qayda ilə düzülüb. Ailəlidir, iki övladı, hərəsinin dəyəri 20 milyon dollar olan dörd evi var, lakin vaxtının çoxunu öz şirkətinin ofisində keçirir.
Dünyadakı milyarderlərin yalnız 13%-i qadınlardır, lakin onların ümumi sərvəti orta səviyyəli milyarderin sərvətini 200 milyon dollar üstələyir.
Supermilyarderlərin hamısı sərvətini (50 milyard dollar və daha çox) özləri qazanıb. Onları sadalamaq da olar, çox deyillər: Bill Geyts, Karlos Slim, Amansio Orteqa və Uorren Bafet.
Milyarderlər dəbdəbə predmetləri ilə (yaxta, şəxsi təyyarə, kolleksiya avtomobilləri, zərgərlik bəzəkləri) maraqlanırlar, lakin xeyriyyəçiliyi də unutmurlar. Bunu Weailth-X-in prezidenti Devid Fridman deyir:
-Milyarderlər tərəfindən ianənin həcmi son illərdə nəzərə çarpacaq dərəcədə artıb. Bizim dəyərləndirməmizə görə, milyarderlər son üç il ərzində 69 milyard dollar, orta hesabla, hər milyarderə 32 milyon dollar düşməklə ianə ediblər. ABŞ Çin, Rusiya və Kanadanı qabaqlamaqla əvvəlki kimi ən çox donor milyarderlərin yaşadığı ölkə olaraq qalır.
Hər bir milyarder son 3 ildə orta hesabla 32 milyon dollar ianə verib. Amerika milyarderləri daha çox təhsil müəssisələrinə pul bağışlayırlar.
“Milyarderlərin siyahısı” müəlliflərinin proqnozlarına görə, 2020-ci ildə dünyada 3900 superzəngin olacaq.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53