Ukrayna və Ermənistan prezidentləri təhqir olundu
10:53 30-11-2013
İQTİSADİYYAT
Ukrayna və Ermənistan prezidentləri təhqir olundu
“Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən zirvə toplantısı maraqlı olaylarla yadda qaldı. İlk növbədə diqqəti cəlb edən an Ukrayna və Ermənistan prezidentlərinə olan münasibət idi. Azərbaycan,Moldova və Gürcüstan prezidentləri Avropa Birliyinin rəhbərləri ilə ön cərgədə əyləşsələdə Ukrayna və Ermənistan prezidentləri arxa sırada otuzdurulmuşdular. Bundan başqa demək olar ki, hər iki prezident tam oyundan kənar duruma salınmışdlar. Avroa Birliyi ilə rəsmi razılaşmadan imtina edən Ukrayna prezidenti toplantıda bir addım geri çəkildi.
“Mən Ukraynanın yaxın perspektivdə assosiasiya sazişi imzalamaq
niyyətini təsdiqləyirəm”
Ukrayna prezidenti Viktor Yanukoviç ölkəsinin yaxın perspektivdə Avropa Birliyi ilə assosiasiya sazişinə imza atmaq niyyətini təsdiqləyib. V. Yanukoviç “Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən zirvə toplantısının plenar iclasında çıxış edib. O bildirib ki, Ukrayna və AB assosiasiya sazişinin yekun mərhələsindədir: “Əminəm ki, bu, Ukrayna dövlətinin inkişafında yeni səhifə açacaq, bizim AB və üzv dövlətlərlə münasibətlərimizi keyfiyyətcə eyni mərhələyə çıxaracaq. Mən Ukraynanın yaxın perspektivdə assosiasiya sazişi imzalamaq niyyətini təsdiqləyirəm”.
V. Yanukoviç xatırladıb ki, ölkəsi AB ilə 6 ildən çoxdur mürəkkəb danışıqlar aparır və kompromislər axtarışındadır. O, tərəflərin bu yekun mərhələni layiqincə keçəcəyinə əmindir: “Bu yolda yalnız bir neçə qəti addım atmağımız qalıb. Başlıca vəzifə Ukrayna iqtisadiyyatının yeni reallıqlara uyğunlaşdırılmasına yönəlmiş proqramın yerinə yetirilməsidir. Ukrayna bu gün təkcə assosiasiya sazişinin vaxtında implementasiyasına deyil, həm də ilkin mərhələnin aztəminatlı əhali təbəqələrinə neqativ nəticələrini minimuma endirməyə hazırlaşmalıdır. Bu, Ukraynaya iqtisadi yardım proqramı üzərində birgə iş tələb edir ki, bu da bizim assosiasiya sazişinin imzalanmasına hazır olmağımıza imkan yaradacaq. Əminəm ki, birgə işin nəticəsində mövcud fikir ayrılıqları aradan qaldırılacaq və bunun nəticəsində sazişi imzalamaq və Ukrayna iqtisadiyyatı üçün ciddi itkilər olmadan Avropaya inteqrasiya kursu istiqamətində irəliləmək mümkün olacaq”.
Vilnüs Sammitində İlham Əliyevi təbrik etdilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Litva Prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçılarını qarşılayıblar.
Sammiti hazırda Aİ-yə sədrlik edən Litvanın Prezidenti Darya Qribauskayte açaraq bütün tərəfdaş ölkələrin dövlət və hökumət başçılarını salamlayıb. O, Sammit çərçivəsində imzalanacaq sənədlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Həmin sənədlərin xalqlar arasında əlaqələrin də möhkəmlənməsinə töhfə verəcəyini deyən Litva Prezidenti onların real həyatda əks olunması üçün güclü siyasi iradəyə ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy sənədlərin imzalanması münasibətilə tərəfdaş ölkələrin dövlət başçılarını təbrik edib. Herman Van Rompuy Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutan Sazişin imzalanması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Aİ Şurasının prezidenti bu sənədin imzalanmasını Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdıran mühüm addım kimi qiymətləndirib. Bildirilib ki, “Şərq tərəfdaşlığı”na üzv ölkələr ilə imzalanacaq digər sənədlər də bu prosesə töhfəsini verəcək.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu da sənədlərin imzalanması münasibətilə təbriklərini çatdırıb, bu Sammiti əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirib.
Ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığına yönələn səylərini alqışladığını deyən Xose Manuel Barrozu bir daha əminliyini ifadə etdi ki, III Sammit “Şərq tərəfdaşlığı” proqramının nailiyyətlərini daha da artıracaq.
“Şərq tərəfdaşlığı” Sammitinin ruhunu əks etdirən musiqi kompozisiyası nümayiş etdirildikdən sonra sənədlərin imzalanması mərasimi olub.
Mərasimdə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalanıb.
Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus və təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzalayıblar.
“Viza rejiminin
sadələşdirilməsi
haqqında saziş
Azərbaycanı Avropa
Birliyinə yaxınlaşdıran daha bir addımdır”
“Viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması Azərbaycanı Avropa Birliyinə yaxınlaşdıran daha bir addımdır”.Bunu Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey Vilnüsdə keçirilən “Şərq tərəfdaşlığı” sammitində çıxışında deyib. O, Azərbaycan prezidentini sazişin imzalanması münasibətilə təbrik edib: “Biz yaxın vaxtlarda readmissiya və mobil tərəfdaşlıq haqda sazişin imzalanmasını səbirsizliklə gözləyirik”.
“Dağlıq Qarabağ
münaqişəsi
“Şərq tərəfdaşlığı”
proqramının inkişafına da əngəl törədir”
“Şərq tərəfdaşlığı” sammitində iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açıqlama verib.
S. Seyidov zirvə toplantısı çərçivəsində Avropa ölkələri və Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramı ölkələrinin parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin iclasının keçirildiyini deyib: “Azərbaycan öz mövqeyini konkret ortaya qoyub və bildirib ki, Azərbaycanın Avropa istiqamətində inteqrasiyası hamı üçün aydın və heç bir mübahisə yaratmayan bir məsələdir. Bu nöqteyi-nəzərdən Avropa strukturları və Avropa dəyərləri məsələsinə aydınlıq gətirilməlidir. Azərbaycan Avropaya Avropa dəyərlərini mənimsəmək üçün, bu dəyərləri Azərbaycana gətirmək üçün inteqrasiya edir. Bunlar demokratiya, qanunun aliliyi və insan haqlarıdır. Lakin heç bir təşkilata, o cümlədən Avropada olan təşkilatlara bu dəyərləri öz dəyərləri kimi təqdim etmək ixtiyarı verilməməlidir. Yəni Azərbaycanın Avropaya inteqrasiyası hansısa beynəlxalq təşkilatla əlaqələr qurmaq naminə deyil, məhz Avropa dəyərlərini mənimsəmək və həmin sivil ölkələrdə qəbul olunmuş beynəlxalq qanunları, demokratiyanı, insan haqlarını Azərbaycanda yüksək səviyyədə tətbiq etmək üçündür”.
S. Seyidov qeyd edib ki, avropalı tərəfdaşlar “Şərq tərəfdaşlığı” proqramında iştirak edən ölkələrdə gedən prosesləri o qədər də ciddi təhlil etmirlər: “Avropa Birliyi, Avropa Parlamenti “Şərq tərəfdaşlığı” üzvləri olan ölkələrdə yalnız problemlər axtarmaqla məşğul olmamalıdır, o cümlədən bu qurumun “Şərq tərəfdaşlığı” proqramının belə ləng və bəzən düzgün olmayan istiqamətdə inkişaf etməsinin səbəbini axtarmalı, düzgün təhlil aparılmalı, məsələ və reallıq düzgün qiymətləndirilməli, ikili standartlar və bu kimi hallar olmamalıdır“.
S. Seyidov Azərbaycan üçün ən mühüm məsələnin Dağlıq Qarabağ məsələsi olduğunu vurğulayıb: “Azərbaycan regionun bütün sağlam qüvvələri ilə əlaqə yaratmaqda maraqlıdır. Lakin təəssüf ki, indiki vəziyyətdə belə regional əməkdaşlığa nail olmaq həlli çətin məsələdir. Dağlıq Qarabağ münaqişəsi bu əlaqələrin qarşısını alır və bu münaqişənin mövcudluğu əlaqələrin inkişafına mane olur. Bunu da yaddan çıxarmaq lazım deyil ki, bu münaqişə “Şərq tərəfdaşlığı” proqramının inkişafına da əngəl törədir”.
Gürcüstan və Moldova ilə Avropa Birliyi arasında assosiasiya sazişi rəsmən paraflanıb
Gürcüstan və Moldova “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti çərçivəsində Avropa Birliyi ilə assosiasiya sazişini paraflayıblar.
Texniki paraflanma bir gün əvvəl olsa da, rəsmi imzalar bu gün atılıb. Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili qısa çıxış edərək bu imzanın tarixi əhəmiyyətindən danışıb. Moldova baş naziri Yuri Lyanke də ölkəsi üçün çox önəmli an olduğunu vurğulayıb: “Moldova Avropa ölkəsidir və Avropa ilə eyni tarixə malikdir. Biz bir ailənin mənsublarıyıq”.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton Gürcüstanın böhran vəziyyətlərinin idarə olunmasında iştirakına dair çərçivə sazişi də imzalayıblar.
“Şərq tərəfdaşlığı”
sammitinin yekun
Bəyannaməsi
qəbul olunub
Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramını Vilnüsdə keçirilən III zirvə toplantısının yekun Bəyannaməsi qəbul olunub.
Sənəddə son 2 ildə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunmuş tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir.
AB və tərəfdaş ölkələr strateji baxımdan vacib sahələrdə sıx əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəklərini vurğulayıblar. Yaxın illər üçün qarşıya qoyulan məqsədlərə demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsi daxildir. Əsas diqqət müvafiq ölkələrlə assosiasiya sazişinin həyata keçirilməsinə yönələcək. Liberal viza rejiminin ciddi şəkildə inkişafı da proqramın gündəmində ön sıralarda qalacaq. Enerji təhlükəsizliyi qarşılıqlı olaraq gücləndiriləcək və qarşılıqlı enerji əlaqələri yenidən düzənlənəcək ki, şərq tərəfdaşları tədricən AB-nin enerji bazarına inteqrasiya olsunlar.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı”nın növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53