Rusiya prezidentindən Azərbaycana növbəti təhdid
12:20 04-12-2013
CƏMİYYƏT
Rusiya prezidentindən Azərbaycana növbəti təhdid
Dağlıq Qarabağda bundan sonra heç vaxt qan tökülməyəcək?
İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında bildirib: "İstərdik ki, Dağlıq Qarabağda bundan sonra heç vaxt heç kimin - həm azərbaycanlıların, həm də ermənilərin qanı tökülməsin".
O, "Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Rusiyanın reaksiyası necə olacaq?" sualını belə cavablandırıb: "Bu cür sözlər ucadan nə qədər səslənsə, münaqişənin sülh yolu ilə nizamlanması üçün şərait bir o qədər əlverişsiz olacaq. Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın yerləşən və Rusiya ilə sıx əlaqələrə malik olan bölgədə heç vaxt qan axmasın".
Doğrudanmı, Rusiya öz prezidentinin timsalında bu qədər humanistləşib?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının "Unikal"a bildirdiyinə görə, "Ruisya prezidentinin Güney Qafqazda sülhdən danışması və həm də bunu Güney Qafqazın ən aqressiv dövləti olan Ermənistanın paytaxtı İrəvanda bəyan etməsi, ən azı, gülməli görünür. Son iyirmi ildə Güney Qafqazda, yəni Dağlıq Qarabağda, o cümlədən Xocalıda, Abxaziyada, Cənubi Osetiyada tökülən qanların bir müəllifi var və bütün dünya bilir ki, bu cinayətlərin başında Rusiya durur. İndi Putinin İrəvanda oturub sülhdən danışması gülməli göründüyü qədər də təhlükəlidir. Yəni Rusiya prezidenti Azərbaycana eşitdirmək istəyir ki, Dağlıq Qarabağ probleminin indiki durumda qalması onu qane edir və bu status-kvonun dəyişilməsinə imkan verməyəcək. Putin Azərbaycana eşitdirirdi ki, Dağlıq Qarabağı və Ermənistanın işğal etdiyi digər rayonları Azərbaycanın müharibə yolu ilə azad etməsinə imkan verilməyəcək".
QAT sədrinin sözlərinə görə, "Rusiya prezidentinin İrəvana bu dəfəki səfərində çox da ciddi məsələlər müzakirə edilməyib. Bu səfər daha çox intim jest xarakteri daşıyırdı. Yəni Ermənistanın qeydsiz-şərtsiz Gömrük Birliyinə qoşulması Rusiyanı xeyli məmnun edib və hazırda Qərb dövlətləri ilə bu baxımdan problemlər yaşamaqda olan Rusiya itaətkarlığına görə Ermənistana bir daha minnətdarlığını bildirirdi".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "Unikal"a söylədiyinə görə, "Rusiya prezidentinin İrəvan səfəri bir çox baxımlardan diqqəti çəkir və əsas məsələ budur ki, Putin SSRİ-ni yeni formada bərpa etmək niyyətlərini bir daha nümayiş etdirdi. Rəsmi səfər zamanı iki dövlət arasında imzalanan sazişlər Ermənistanın Güney Qafqazdakı Rusiyaya söykəli mövqeyini daha da möhkəmlətdi. Buna görə də Azərbaycan üçün yaranan təhlükələrin siyahısına yeniləri əlavə olundu".
Partiya sədrinin sözlərinə görə, "Rusiya prezidenti bu səfəri ilə dünyaya bir daha nümayiş etdirdi ki, Güney Qafqaz tam şəkildə Rusiyanın nəzarəti altındadır və bu nəzarəti daha da möhkəmlətmək üçün real addımlar atır. Səfər zamanı müşahidə edilən ən maraqlı məqamlardan biri də Ermənistan müxalifətinin Avropaya inteqrasiya iradəsini nümayiş etdirən etiraz aksiyaları təşkil etməsi oldu. Yəni Ermənistan cəmiyyəti prezidentlərin görüşünün nəticələrindən asılı olmayaraq öz seçimini etdiyini dünya üçün sərgilədi və bir növ Ukrayna hadisələrinə səs vermiş oldu. Azərbaycan hökumətinin hazırda apardığı çoxvektorlu xarici siyasət zamanı gələndə çox problemlər yaradacaq. Buna görə də Azərbaycan cəmiyyətinin və müxalifətinin belə bir məsuliyyətli məqamda susması çox qəribə görünür".
Partiya sədri hesab edir ki, "Azərbaycan çox ciddi bir mərhələdən keçir və bu mərhələ yaxın yüz ildəki taleyimizi müəyyən edəcək. Keçmiş SSRİ məkanı dünya gücləri arasında yenidən bölünür. Təəssüf ki, bu prosesdə ən zəif iştirakçı olaraq Azərbaycan görünür. Bu passivliyi tarix bizə bağışlamayacaq və bir neçə aydan sonra Azərbaycan cəmiyyəti indiki passivliyinin ona nələrin bahasına başa gəldiyini konkret şəkildə anlamağa məcbur olacaq".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42