Məmurların yeni və müdhiş qorxu yeri
11:16 23-01-2014
İQTİSADİYYAT
Məmurların yeni və müdhiş qorxu yeri
Onlar övladlarını niyə sosial şəbəkələrdən çıxarırlar?
Ötən ilin dekabrında, Elvin Nəbizadə adlı “feysbuk” istifadəçisi şəxsi səhifəsində paylaşdığı bahalı avtomobil şəkilləri və pul valyutaları ilə diqqət mərkəzinə düşdü.
Paylaşdığı şəkillərdə dəbdəbəli həyat tərzinə malik olduğunu nümayiş etdirən Elvin Nəbizadənin kimliyi o qədər də maraq doğurmazdı. Amma sosial şəbəkə istifadəçisinin öz səhifəsində iş yerini prokurorluq olaraq göstərməsi mətbuatın diqqətini çəkdi. Məlum oldu ki,
1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadə Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğludur.
Bir neçə gün əvvəl isə məlum oldu ki, övladı sosial şəbəkələrdə bahalı avtomobillərini nümayiş etdirən prokurorluq işçisi tutduğu vəzifədən azad edilib. Belə ki, Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev öz ərizəsi ilə işdən çıxdığı deyilsə də, KİV onun məhz övladının facebook sosial şəbəkəsində öz bahalı avtomobillərini nümayiş etdirməsinin güdazına getdiyi qənaətində həmfikirdir.
Onu da deyək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi, vəzifəsindən kənarlaşdırılan Aydın Bəşirovun da oğlunun sosial şəbəkələrdə qəribə fotoları yayılmışdı Fotolardan keçmiş məmur oğlunun silahlara və ova böyük maraq göstərdiyi məlum olur. Belə ki, oğul Bəşirov fotolarda əlindəki müxtəlif silahlarla görüntülənmişdi.
Əldə etdiyimiz məlumata görə, bu baş verənlərdən sonra bəzi məmurlarda ciddi narahatlıqlar yaranıb. Onlar öz komfortlu həyat tərzlərinin, bahalı avtomobil və mülklərinin deşifrə ediləcəyindən narahatlıq keçirərək övladlarını bəri başdan tənbehləyir, onlara məlum təcrübəni təkrarlamamaq barədə xəbərdarlıq edirlər.
Hətta deyilir ki, bir çox məmurlar övladlarına sosial şəbəkələrdən uzaq durmaq barədə göstəriş verirlər. Çünki əllərində təminat yoxdur ki, bir gün “beyni qızacaq” övladları kimlərinsə küyünə gedib öz cah-cəlallarını faş etməyəcək, beləliklə, vəzifəli valideynlərini pis vəziyyətdə qoymayacaq, onların karyeralarının sonlandırılmasına bais olmayacaqlar.
Qeyd edək ki, bir çox məmur övladlarının davranışları ilə bağlı cəmiyyətdə çoxdan narazılıqlar var, hətta bu barədə ölkə rəhbəri də bir neçə dəfə danışmış və öz sərt xəbərdarlığını etmişdi. “”Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq” - deyə ölkə başçısı ötən ilin fevralında keçirdiyi müşavirədə bildirmişdi.
Amma belə görünür ki, bir çox vəzifəli şəxslərin uşaqları hələ də nə dövlət rəhbərliyinin xəbərdarlığından, nə ictimiaiyyətin qınaqlarından lazımi nəticə çıxarmaq, özlərinə çəki-düzən vermək iqtidarında deyillər.
Bunun isə yekun nəticəsi əlbəttə, ilk növbədə onların valideynləri üçün ürəkaçan olmur və mənfi fəsadlara gətirib çıxarır. Elə buna görə də bəzi məmurların son baş verənlərdən sonra övladları ilə əlaqədar xüsusilə sosial şəbəkələrlə bağlı önləyici tədbirlər görmək istəməsini anlayışla qarşılamaq lazımdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53