Ukraynada qırğın başladı
11:17 23-01-2014
İQTİSADİYYAT
Ukraynada qırğın başladı
Kiyevdə xalq-hakimiyyət qarşıdurması qanlı müstəviyə keçdi
Ukraynada Yanukoviç hakimiyyəti əleyhinə keçirilən etiraz aksiyalarında ilk ölüm faktı qeydə alınıb. Adı açıqlanmayan mitinqçinin hansı şəraitdə öldüyü haqda ziddiyyətli məlumatlar var. BBC-nin Ukrayna müxbiri gənc nümayişçinin 4 güllə yarası aldığını və dünən səhər yerli vaxtla saat 07.30-da keçindiyini bildirib. Meyiti müayinə etmək üçün tibb məntəqəsinə tibbi ekspert və milis gəlib.
Ukrayna saytları isə gənc fəalın hökumət binasının yerləşdiyi Qruşevsk küçəsində nümayişçilərlə milis arasındakı toqquşma zamanı "Dinamo" stadionunun 13 metrlik sütunundan yerə düşdüyünü və yanvarın 21-də öldüyünü xəbər veriblər.
Dünən günorta saatlarında isə məlumat gəlib ki, Kiyevin Qruşevski küçəsində nümayişçilərlə təhlükəsizlik qüvvələrinin qarşıdurmasında ölənlərin sayı 4-ə çatıb. Bu barədə espreso.tv vəbər verib.
Yanvarın 22-də səhər saatlarında təhlükəsizlik qüvvələri "Dinamo" stadionu qarşısında toplaşan etirazçılara hücum edərək onları dağıdıb. Bütün gecəni qarşı-qarşıya duran etirazçılar və polis arasında əvvəlki günlərə nisbətən az toqquşmalar baş verib.
Xristian kilsəsinin nümayəndələri əllərində xaç bütün gecəni onların arasında duraraq tərəfləri sülhə çağırıb.
Səhər saatlarında güclü şaxtanın təsirindən etirazçıların sırası xeyli seyrəlib.
Ona görə də təhlükəsizlik qüvvələri asanlıqla onları ərazidən qovaraq Qruşevski küçəsində qurulan barrikadaları təmizləməyə başlayıb. Lakin bir qədər sonra Maydandan köməyə gələn etirazçılar polisi geri çəkilməyə məcbur edib.
Kiyev hadisələrində öldürülən erməni
ekstremist çıxdı
Ukraynalı politoloq Vladimir Kornilov Kiyevdəki hökumət əleyhinə baş tutan iğtişaşlarda həlak olan "qurban"ın əli avtomatlı fotolarını sosial şəbəkələrdə paylaşıb.
Ukrayna mətbuatının verdiyi xəbərə görə, ukraynalı məşhur politoloq Kiyevdəki iğtişaşlar zamanı ölən ilk nümayişçinin fotolarını "Facebook"da paylaşıb.
"Bu "sülpərvər" şəxs bu gün (22 yanvar - red.) "Avromaydan"da ölən Sergey Niqoyandır. Bu şəkil hər yerdən silinməmişdən əvvəl, onu hər ehtimala qarşı paylaşıram", - Kornilov fotoya yazdığı şərhdə bildirib.
Qeyd edək ki, 22 yaşlı erməni dünən "Dinamo" stadionun kolonnadasından yıxılaraq ölüb. Həmin stadionda polislə nümayişçilər arasında qanlı toqquşma olub, nümayişçilər polisə "Molotov kokteyli" atıb. Həmin vaxt Niqoyan hündürlükdən yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Ukrayna Baş Prokurorluğu: Gecə saatlarında Kiyevdə 50-dən çox adam oğurlandı
Dünən gecə Kiyevdə 50-dən çox adam oğurlanıb. Bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, gecə saatlarında şəhərin küçələrində naməlum şəxslər kütləvi talanlar ediblər, qapı və pəncərələri sındıraraq insanları oğurlayıblar. "Şahidlərin sözlərinə görə, oğurlanan adamları döyürdülər, sonra naməlum istiqamətdə aparırdılar. Bəziləri indi Həmkarlar İttifaqının binasındadır, digərlərinin harada olduğu məlum deyil. Şəhərdə gərginliyin artması üçün ekstremist qruplaşmalarının üzvləri paytaxt küçələrində vətəndaşlara xəsarətlər yetirirlər, avtomobilləri yandırırlar", - deyə məlumatda vurğulanır.
Həmçinin anonim zəngdən sonra səhər saatlarında Milli Elmlər Akademiyasının kitabxanasında kişi meyitinin aşkarlandığı məlum olub. O, başından və sinəsindən güllə yarası alıb.
Kitabxanada güllə yaraları alan daha birnəfər huşsuz vəziyyətə tapılıb. Sonradan o ölüb.
Hazırda hüquq-mühafizə orqanları sözügedən ölüm faktlarını araşdırır.
Ukrayna Daxili İşlər
Nazirliyi vətəndaşlara
Kiyevin mərkəzinə
getməməyi
məsləhət gördü
Ukrayna Daxili İşlər Nazirliyi Kiyevin mərkəzinə - etirazçılarla polis arasında toqquşmaların baş verdiyi əraziyə getməməyi məsləhət görüb. "RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir. "DİN vətəndaşlara Avropa meydanına və Qruşevski küçələsinə getməyi məsləhət görmür. Çünki orada kütləvi iğtişaşların iştirakçıları bədən xəsarətləri yetirə bilər", - deyə bəyanatda qeyd olunur.
Ukrayna Daxili İşlər Nazirliyi həmçinin bildirib ki, ictimai əsayişin qorunmasına cəlb olunmuş polis əməkdaşlarının üzərində odlu silah yoxdur. Lakin kütləvi aksiya iştirakçıları tərəfindən odlu silahdan istifadə halları təsdiqlənsə, hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq qanuna uyğun olaraq odlu silahdan istifadə edə biləcək.
Ukraynanın baş naziri Kiyevdəki nümayişçiləri terrorçu adlandırdı
Ukraynanın baş naziri Nikolay Azarov Kiyevin mərkəzində baş verən kütləvi qarışıqlığın iştirakçılarını terrorçu adlandırıb.
UNİAN-ın verdiyi məlumata görə, N. Azarov bildirib ki, "maydanın radikal hissəsinin ultra-sağ silahlıları" Kiyevin mərkəzində kütləvi iğtişaş törədib: "Terrorçuların mənəviyyatsızlığı və riyakarlığı o səviyyəyə çatıb ki, onlar insanlara "Molotov kokteyli" atır. Bu gün gecə isə terrorçular otellərə soxularaq öz opponentləri hesab etdikləri onlarla vətəndaşı amansızlıqla döyüblər".
N. Azarov qeyd edib ki, Qruşevsk küçəsində bir neçə gündür güc strukturlarına müqavimət göstərən fəalları dinc mitinqçi adlandırmaq olmaz: "Onlar cinayətkardır və öz əməllərinə görə cavab verməlidir".
Ukraynada yaşayan
azsaylı xalqlar Kiyevdə baş verən
hadisələrlə bağlı etiraz bəyanatı yaydı
Ukraynada yaşayan azsaylı xalqlar ölkədə baş verən kütləvi etiraz aksiyaları, qarşıdurmalar və yaranan xaosla bağlı bəyanat yayıblar.
Ukrayna Millətlər Assambleyasından (UMA) verilən məlumata görə, bəyanatda bildirilir ki, ölkə vətəndaşları olan etnik xalqlar paytaxt Kiyevdə baş verən zorakılığı, qarşıdurmanı pisləyir, bundan bərk narahat olduqlarını bildirir və bu hadisələrin etnik xalqların da həyat tərzinə, işgüzar mühitinə ciddi təsir göstərdiyini bəyan edir.
Bəyanatda bildirilir ki, ölkənin ictimai, siyasi və nəticədə iqtisadi vəziyyətinin destabilizisiyası yerli hakimiyyət orqanlarının, müəssisələrin və bütövlükdə ölkənin işinə mənfi təsir göstərir: "Bunların hamısı yaşadığımız ölkədə həyat üçün təhdiddir. Ukraynadakı vəziyyət ölkədəki tam əksəriyyət etnik xalqları özündə birləşdirən təşkilat kimi bizi çox narahat edir".
Assambleya bütün bu narahatlığın təcili aradan qaldırılması üçün ölkə siyasətçilərini təcili konstruktiv dialoqa və barışığa çağırır, Ukraynada insanların, vətəndaşların dinc toplaşma azadlığı və hüquqlarına, söz azadlığına, digər ümumbəşəri dəyərlərə şərtsiz riayət olunmasını tələb edir: "Biz Ukrayna rəhbərliyini vətəndaş cəmiyyətinin bölünməsinin, Ukrayna dövlətçiliyinin mütərəqqi inkişafına qarşı edilən qəsdlərin qarşısını almağa çağırırıq. Ukrayna Millətlər Assambleyası milliyyətindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşları Ukraynada əmin-amanlıq, sülh və stabilliyin qorunması naminə səylərini birləşdirməyə çağırır".
Qeyd edək ki, UMA-da Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və ölkədə yaşayan digər etnik xalqlara məxsus təşkilatlar birləşir. UMA-nın hazırkı prezidenti Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevdir.
Ukraynada yaşayan
azərbaycanlılara
müraciət olundu
Ukrayna Azərbaycanlıları Konqresi Kiyevdə baş verən qarşıdurmalarla bağlı bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib. Konqresin sədri Hikmət Cavadov ANS Kiyevdəki azərbaycanılara hadisələr baş verən yerlərə getməmələri ilə bağlı tövsiyyələr edildiyini bildirib.
O, qeyd edib ki, aksiyalarla əlaqədar olaraq hələ ki soydaşlarımız tərəfindən onlara müraciətlər daxil olmayıb: "Bizim ofisimiz də Maydanda yerləşir. Növbətçilərimiz vaxtaşırı Maydana çıxır və soydaşlarımızın vəziyyəti ilə maraqlanırlar. Hər şeyi nəzarətdə saxlamağa çalışırıq. Bu aksiyalar artıq təhlükəli aksiyalara çevrilib. Ona görə də biz soydaşlarımız tövsiyyəlrimizi nəzərə almağını məsləhət görürük".
H.Cavadov azərbaycanlıların Ukraynada küçələrə çıxmaları ilə bağlı elə bir problem olmadığını deyib. Onun sözlərinə görə, əsas hadisələr Dinamo Kiyev stadionunun qarşısında baş verir. Bu da onunla əlaqədardır ki, həmin küçə Ali Radanın Dövlət Orqanlarının yerləşdiyi küçədir. "Ona görə ora ciddi qorunur".
Azərbaycanın Ukraynadakı səfirliyi də Kiyevdəki qarşıdurmalar zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları olmadığını bildirib. Konsul məsələləri üzrə I katibi Asim Osmanov APA - ya açıqlamasında bildirib ki, bu cür hallar aşkarlanmayıb: "İşdir, əgər Azərbaycan vətəndaşı yaralansa, ya da xəsarət alsaydı, Ukrayna tərəfi bu barədə səfirliyə məlumat verərdi. Bu vaxtadək bu cür məlumat və müraciətlər daxil olmayıb".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53