Azərbaycan “Coca-Cola”sına bağlanmaq təhlükəsi
11:31 25-01-2014
İQTİSADİYYAT
Azərbaycan “Coca-Cola”sına bağlanmaq təhlükəsi
Dünyanın ən dəyərli markası siyahısında geriləyən və bəzi ölkələrdə fabriklərini bağlayan şirkəti ölkəmizdə nə gözləyir?
Ən bahalı markalar siyahısında liderliyi əlindən verən “Coca Cola”nın İspaniyada 11 fabrikindən 4-nün bağlanacağı açıaqlanıb.
İspaniyada “ERE” adlı verilən qanundan yararlanaraq həmkarlar ittifaqına dünən bu barədə təklif verilib. Şirkətin maliyyəni azaldan proqram çərçivəsində “İberian Partners”, “Asturias”, “Palm de Mallorca”, “Alicante” və Madriddəki fabriklərini bağlamağı nəzərdə tutan plan açıqladığı bildirilib.
“Sky news” un xəbərinə görə, “Coca Cola”nın maliyyə xərclərini azaltmaq planı 1250 nəfər işçiyə təsir edəcək. Bağlanılacaq fabriklərdən 750 işçinin çıxarılması və 500-ə qədər işçinin də İspaniyada Seviliya, Barselona kimi digər fabriklərə köçürülməsi nəzərdə tutulur. “Coca Cola” İspaniyadakı 11 fabrikində cəmi 4 min 270 işçi işlədir.
Qeyd edək ki, “İnterbrand” in 2013-cü il üçün hazırladığı dünyanın ən dəyərli 100 markası siyahısında “Apple”, “Coca Cola”nı keçib. “Coca Cola” 13 ildən sonra zirvədən enərək 3-cü sıraya düşüb.
Qeyd edək ki, Azərbaycanda da “Coca-Cola” istehsalı həyata keçirilir. Son illərədək ölkənin sərinləşdirici içkilər bazarında xeyli üstün mövqelərə malik olan “Coca-Cola”nın hazırki satışının əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşdüyünə dair məlumatlar var.
Xüsusilə sərinləşdirici içkilər bazarında bu məhsulun yeni rəqiblərinin peyda olması onun mövqelərini əhəmiyyətli şəkildə sarsıdıb. Burada digər müxtəlif amillərin də rol oynadığı bildirilir. Bu amillərdən biri ümumiyyətlə, son dövrlərdə İslam ölkələrində “Coca-Cola” ilə bağlı xoşagəlməz rəyin formalaşmasıdır. Bir ara “Coca Cola” yazısının fərqli formada oxunuşunun müsəlmanların dininə qarşı təhqir mahiyyəti daşıdığı fikri ortaya atıldı və bu, geniş rezonans doğurdu. Elə Azərbaycanda da məhsulun populyarlığının əhəmiyyətli şəkildə azalmasında bu təbliğat ciddi rol oynayıb.
Başqa bir amil “Coca-Cola”nın müxtəlif öldürücü xəstəliklərin baiskarı kimi təqdim olunmasıdır. Xüsusilə iki il əvvəl yayılan və dünyanı çalxalayan bir xəbər Azərbaycanda da “Coca-Cola” həvəskarlarını təlaşlandırdı. Belə ki, ABŞ Qida və Dərman Dairəsində laboratoriya sınaqları zamanı “4-metilimidazol” maddəsinin siçanlarda xərçəngə yol açdığı bəlli olub. “4-metilimidazol” (4-MEI) maddəsi “E150 D” qida əlavəsinin tərkibində yer alır. Bu qida əlavəsi də Ümumdünya Səhiyyə Təşkilatının siyahısında, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyində istifadə zamanı insan orqanizminə zərərli təsir göstərməyən qida əlavələri sırasındadır. Ancaq məhz bu sınağın nəticələri məlum olandan sonra bu ilin fevral ayında Kaliforniya ştatının parlamenti bu maddəni xərçəngə yol açan maddələr siyahısına salıb. Qəbul edilən qanuna görə, içərisində bu maddə olan içkilərin üzərinə mütləq “Diqqət, xərçəng yarada bilər!” xəbərdarlığı yazılmalıdır. Bu da bütün diqqəti qazlı içki məhsulları sahəsində dünyanın iki ən böyük firması olan “Coca-Cola” və “Pepsi”-nin məhsullarına yönəldib. Çünki bu şirkətlər tərkibində “4-metilimidazol” (4-MEI) maddəsi olan “E150 D” qida əlavəsindən, yəni şəkər çalarından gen-bol istifadə edirlər. İçkilərə rəngi bu qida əlavəsi verir. Məhz bu qanundan sonra “Coca-Cola” və “Pepsi-Cola” şirkətləri on illərdir ki, istifadə etdikləri reseptləri dəyişdirəcəklərini, karamel rəngi verən “4-metilimidazol” maddəsindən müəyyən çərçivədə istifadə edəcəklərini, bunun miqdarını azaldacaqlarını açıqlayıblar. Hər iki şirkətin yaydığı və dünyanın nüfuzlu KİV-lərində dərc edilən açıqlamalarında qeyd olunub ki, Kaliforniyada yeni tərkibli içkilər satılacaq və bu yeni tərkibli içkilər bütün ABŞ ərazisində də satışa çıxarılacaq.
Belə qalmaqallı xəbərin ardından bütün dünyada, o cümlədən, Azərbaycanda “Coca-Cola” məhsuluna həvəs və marağın azalması təbiidir. O ki qaldı bu markanın reytinqlərdə geriləməsinə və bəzi ölkələrdə fabriklərini bağlamasına həm bunların, həm də ümumilikdə bu içkiyə tələbatın ölkəmizin özündə də azalması şirkətin Azərbaycandakı müəssisələrinin fəaliyyətinə neqativ təsir edib-etməyəcəyi, hər hansı təhlükə yaradıb-yaratmayacağını zaman göstərəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53