Xəzərdə nə baş verir?
11:34 25-01-2014
İQTİSADİYYAT
Xəzərdə nə baş verir?
Astanadakı 35-ci iclas ərəfəsində gözləntilər
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 35-ci iclası gələn həftə Astanada keçiriləcək. Rusiyanın "Nezavisimaya gazeta" nəşrinin verdiyi məlumata görə, Xüsusi İşçi Qrupu regionun təhlükəsizliyi üzrə konvensiyanı hazırlayacaq və bir sıra aktual məsələləri müzakirə edəcək.
Qəzet Qazaxstan paytaxtında beş ölkə rəsmilərinin Xəzər dənizi ilə bağlı mübahisəli məsələlərin həlli üçün kompromis axtarışlarını davam etdirəcəyini qeyd edir. "Nezavisimaya gazeta" Rusiya xarici işlər naziri Sergey Lavrovun bu istiqamətdə son üç il ərzində atılan addımları müsbət qiymətləndirdiyini bildirib. Dövlət başçıları səviyyəsində son sammitin 2010-cu ildə Bakıda keçirildiyini xatırladan nazir növbəti sammitin 2014-cü ilin ikinci yarısında Həştərxanda keçirilə biləcəyini deyib.
"Cənubi Qafqaz" Politoloqları Klubunun rəhbəri İlqar Vəlizadə açıqlamasında Xəzər dənizi üzrə aktual məsələlərin həlli üçün siyasi şəraitin çox əlverişli lduğunu bildirib. "İrana tətbiq olunan beynəlxalq sanksiyaların zəifləməsi və İran rəhbərliyinin bütovlükdə praqmatik mövqeyi fonunda xarici siyasətin fəallığı ümid verir ki, bu il Xəzər dənizinin statusunun təyini məsələsində əhəmiyyətli nəticələr gözləmək olar", - İ.Vəlizadə deyib. Politoloq 2010-cu ildə keçirilən Bakı sammitində dəniz dibinin bölünməsi ilə bağlı vahid yanaşma sərgiləndiyini, ancaq bu yanaşmanın həyata keçiriləməsi metodikasında fikir müxtəlifliyinin müşahidə olunduğunu xatırladıb.
Rusiya Elmlər Akademiyası Şərqşünaslığı İnstitutunun Mərkəzi Asiya və Qafqazın öyrənilməsi Mərkəzinin eksperti Stanislav Pritçin hesab edir ki, Astanda texniki məsələlər həll ediləcək və tərəflər dənizin bölünməsi ilə bağlı məsələdə ümumi dili tapa biləcəklər. O, Rusiya, Azərbaycan və Qazaxıstanın orta xətt prinsipi üzrə dənizin şimal hissəsini böldüyünü, İranın dənizin 20 faizini tələb etdiyini, Türkmənistan isə aralıq mövqe tutduğunu vurğulayıb.
Mərkəzi Asiya və Orta Şərq üzrə rusiyalı ekspert Aleksandr Knyazev isə hesab edir ki, İranla bağlı təhlükəsizlik sahəsində prinsipial dəyişikliklərin olduğunu iddia etməyə tələsmək lazım deyil. "Genevrə danışıq prosesinin ikinci mərhələsi də göstərdi ki, prinsipial olaraq yeni heç nə yoxdur. ABŞ İranın konfransda iştirakını qəti şəkildə rədd etdi. Deməli, gec-tez İran-ABŞ münasibətlərində gərginliyin yeni dalğasını gözləmək lazımdır. Amma İran indiki fasilədən daxili, beynəlxalq və regional siyasətin ayrı-ayrı istiqamətləri üzrə mövqeyini gücləndirmək üçün istifadə edə bilər. Xəzər istiqamətində İran ətrafında ümumi dəyişikliyə məruz qalıb. İran-Azərbaycan ikitərəfli münasibətlərində gərginlik azalıb", - A.Knyazev deyib.
Rusiyalı ekspertin sözlərinə görə, İranla Qərb arasında danışıqlar başlayandan sonra Bakı anlamağa başladı ki, ABŞ və NATO istənilən məqamda dünənki müttəfiqlərindən imtina edə bilər və onların köməyinə bel bağlayaraq İranla qarşıdurmaya getməyə dəyməz."Bununla yanaşı, Tehranın Xəzərin bölünməsi ilə bağlı mövqeyi dəyişməyib, deməli yeni müzakirələrdə hər hansı irəliləyişin olacağını da gözləməyə dəyməz", -Knyazev belə hesab edir.
"Nezavisimaya gazeta" qeyd edir ki, Astanada keçirilən iclasda əsas gündəm ekoloji mövzu ola bilər. S.Pritçin bildirir ki, Xəzərin statusu üzrə Konvensiyanın imzalanması üçün bütün məsələləri həll etmək lazımdır. "Xəzəryanı ölkələr arasında ziddiyyətlər qalır. Amma ərazi iddiaları iqtisadi layihələrə və sahilboyu dövlətlərin başqa maraqlarına maneə olmamalıdır", - ekspert deyir.
Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərəfindən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yoxsa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradıb. Neft və təbii qaz ehtiyatları baxımından çox zəngin olması və kəşf edilməsini gözləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu ön plana çıxarır.
Xəzər dənizinin hüquqi statusunu təyin edilməsi zamanı 3 əsas yanaşma ortaya çıxıb. Bunlardan birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İkinci yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.
Azərbaycan Xəzəri bir "göl" olaraq qəbul edir və bu gölün sahil ölkələri arasında "milli sektorlara" uyğun olaraq bölünməsinin tərəfdarıdır. Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi "orta xəttin çəkilməsi" mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta xəttin çəkilməsi zamanı Abşeron yarımadasının nəzərə alınmamasın lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə "Kəpəz" və "Azəri-çıraq" yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində bu yataqlar Türkmənistanın iddiaları qəbul olunacağı halda Türkmənistana aid milli sektora daxil olacaq. Qazaxıstan Xəzərin şimalında Rusiya ilə yaşaya biləcəyi anlaşılmazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlamış, iki ölkə dəniz sərhədlərinin müəyyən olunmasında "orta xətt" prinsipinə söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsində razılaşmışdır. Qazaxıstan bənzər bir razılaşmanı Azərbaycan ilə də əldə edib. Yəni, Xəzərin şimalındakı bölgü istiqamətində bir konsensusun olduğu deyilə bilər.
İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması etirazla qarşılanır. İranın Xəzərdəki paylaşma mübarizəsi çərçivəsindəki hədəfinin Azərbaycana zərər vermək, bu ölkənin iqtisadi inkişafının arxasındakı ən əhəmiyyətli silah olan enerji ehtiyatlarının rolunu zəiflətmək olduğu da ortadadır. Bu baxımdan İranın Xəzərdə Azərbaycanla problem yaşayan Türkmənistana dəstək verdiyini də görürük. İran Azərbaycanın Xəzərdəki enerji ehtiyatları çərçivəsində Türkiyə, Avropa Birliyi və ABŞ ilə əməkdaşlıq etdiyini görür və bunun Rusiyada da narahatlıq doğurduğunu bildiyi üçün Rusiya ilə də Xəzər oxunda uyğunlaşmağa çalışır.
Avro-Atlantik İttifaqı Xəzər hövzəsinə Türkiyə, Azərbaycan və hətta Qazaxıstan ilə inkişaf etdirmək istədiyi əlaqələr vasitəsilə daxil olmağa çalışır. Ancaq Rusiya və İranın müqaviməti göstərir ki, bu cəhd olduqca çətin keçəcək və reallaşsa belə bu uzunmüddətli olacaq.
Ömər Dağlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53