Dövlət Miqrasiya Xidmətinin "əcnəbi həkim biznesi"
11:33 28-01-2014
İQTİSADİYYAT
Dövlət Miqrasiya Xidmətinin "əcnəbi həkim biznesi"
Qurumun əməkdaşları özəl klinikalarda fəaliyyət göstərən xaricilərdən necə pul qazanırlar?
Məlum olduğu kimi, hazırda paytaxtda fəaliyyət göstərən özəl klinikaların əksəriyyətində xarici ölkələrdən dəvət edilən mütəxəssis həkimlər müxtəlif cərrahi əməliyyatlar aparırlar. Dəvət olunan əcnəbi həkimlər isə çox zaman hər hansı müqavilə olmadan çalışırlar. Əslində isə bu işə həm Səhiyyə Nazirliyi, həm də Dövlət Miqrasiya Xidməti nəzarət etməlidir. Səhiyyə Nazirliyi həmin həkimlərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsində, Dövlət Miqrasiya Xidməti isə əmək miqrantları olan həmin həkimlərin ölkəmizdə qanuni fəaliyyətini təmin etməlidir?
Təəssüf hissiylə qeyd edək ki, hazırda bu sahədə çox ciddi boşluqlar var. Düzdür, Səhiyyə Nazirliyi artıq özəl tibb müəssisələrinə xarici dövlətlərdən həkim gətirilməsinə müəyyən məhdudiyyət qoyub. Bu məhdudiyyət ondan ibarətdir ki, heç bir müəssisə özbaşına, yəni Səhiyyə Nazirliyini məlumatlandırmadan ölkəyə xaricdən həkim gətirə bilməz. Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, nazirlik özəl tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib ki, dəvət olunan mütəxəssis barədə bir ay öncədən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinə məlumat versinlər.
Bundan əlavə, şöbəyə xarici mütəxəssisin dəvət olunmasının məqsədi, onun burada fəaliyyət göstərəcəyi müddət, əməkdaşlıq barədə bağlanan müqavilənin surəti və mütəxəssis barədə məlumatlardan ibarətdir. Məlumatda özəl müəssisə rəhbərinin nəzərinə təkrarən çatdırılır ki, Nazirlər Kabinetinin "Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında" 2001-ci ilin 7 noyabr tarixli 176 saylı qərarına əsasən, yuxarıda adları çəkilən təbəqələr yalnız Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli 80 saylı əmri ilə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında tibb müəssisəsində fəaliyyət göstərə və işə qəbul oluna bilər.
Digər tərəfdən isə Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq reydlər keçirməli və özəl klinikalarda çalışan əcnəbilərin əmək miqrantı kimi qanuni fəaliyyət göstərib-göstərmədiyini araşdırmalıdır. Bundan əlavə həmin xarici həkim Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən onun bu ölkədə çalışmasını təmin edən xüsusi şəhadətnamə aldıqdan sonra bu şəhadətnamənin əsasında Dövlət Miqrasiya xidmətindən əmək vizası alınmalı, daha sonra əmək müqaviləsi imzalanmalıdır.
Göründüyü kimi əcnəbi həkimlərin ölkəmizdə fəaliyyətini tənzim edən bütün qanunverici baza mövcuddur. Bəs, həmin qaydalara dəqiqliklə əməl olunurmu. "Unikal" qəzeti olaraq apardığımız müstəqil jurnalist araşdırması nəticəsində bəlli oldu ki, əslində bəzi hallarda bu qaydalar kimlərinsə varlanmasından başqa heç nəyə xidmət etmir. Belə ki, qəzetimizi məlumatlandıran və bu işlərlə yaxınlığı olan mənbənin sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları mütəmadi olaraq özəl klinikalarda yoxlamalar aparır. Tutaq ki, hansısa özəl klinikada qeyri-qanuni fəaliyyət göstərən xarici həkim aşkarlanırsa onun qarşısında iki şərt qoyulur: Ya yüksək məbləğli cəriməni ödəyərək, ölkədən deportasiya olunmalı ya da "razılığa" gələrək elə bu qaydada da işini davam etdirməlidir. Bütün qanuni prosedurlardan keçərək işləmək izni almaq əlavə xərc və vaxt itkisi olduğundan onların çoxu elə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə qeyri-rəsmi "razılaşma" əsasında işləməyi daha məqsədəuyğun sayırlar.Təkcə bu əməliyyat nəticəsində dövlət büdcəsindən kifayət qədər böyük məbləğlərin yayındığını iddia edən mənbəmiz bildirir ki, müvafiq orqanlar özəl klinikalarda araşdırma apararlarsa orada çoxsaylı xarici həkimlərin qanunsuz fəaliyyət göstərdiyinin şahidi olarlar.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53