Qarabağ müharibəsinin bir addımlığında
11:38 28-01-2014
İQTİSADİYYAT
Qarabağ müharibəsinin bir addımlığında
Ukraynada atılan atəşin səsi Dağlıq Qarabağdan gəlir
Dağlıq Qarabağda durum günbə-gün ağırlaşır. Artıq bir neçə gündür ki, sistemli şəkildə erməni diversiya qrupları cəbhə xəttini keçməyə çalışır və bunun qarşısı Azərbaycan ordusu tərəfindən alınır. Hətta iş o yerə çatıb ki, cəbhə bölgəsində bir nömrəli döyüş hazırlığı vəziyyəti elan edilib. Maraqlıdır, həqiqətənmi müharibənin astanasındayıq və Ermənistan risk edərək belə addım ata bilər?
İlk atəşi kim açdı?
Müharibəni başlayan tərəf beynəlxalq ictimaiət tərəfindən ciddi embarqolarla üz-üzə qalacaq. Çünki istər Azərbaycan, istərsə də Ermənistan Avropa Şurası qarşısında öhdəlik götürüblər və bu səbəbdən atəşkəsi pozacaq tərəf hədəfə gələcək. Amma iş ondadır ki, “ilk atəşi kim açdı”-sualına cavab vermək çox çətindir. İlk növbədə ona görə ki, son bir neçə gün ərzində hər iki ölkənin Müdafiə Nazirliyi fərqli açıqlamalarla çıxış etdilər və bir-birilərini atəşkəsi pozmaqda ittiham etdilər. Ekspertlər hesab edir ki, bu səbəbdən yuxarıdakı suala cavab vermək çətin olacaq və nəticədə haqlı haqsız möveləri müəyyənləşdirmək olmayacaq. Məhz bu cür, dezinformasiya imkanlarını səfərbər edən Ermənistan münaqişəyə gedə bilər. Amma maraqlı bir neçə məqam var ki, bunu aydınlaşdırmaq lazımdır. Sirr deyil ki, Azərbaycan ordusu Ermənistan ordusundan dəfələrlə güclüdür və savaş başlayarsa Azərbaycan ordusu qısa müddətdə istədiyinə nail ola bilər və Ermənistan ordusunu bütövlükdə Dağlıq Qarabağdan da qova bilər. Yaxşı əgər Ermənistan bunu bilirsə onda nədən belə riskli addım atmağa həvəslidir? Ortada yalnız bir fakt var,oda Rusiya faktorudur. Bir tərəfdən son iki il ərzində Rusiya Ermənistandakı bazasını bir neçə dəfə böyütdü və savaş başlayarsa sözsüz ki, bu güc Ermənistanın ixtiyarına veriləcək. İkinci mühüm məqam Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv olmasıdır. Əgər savaş başlayarsa bu təşkilatın hərbi birləşmələri Ermənistanla sərhəd bölgəsinə yerləşdirilə bilinər. İddia edə bilərik ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə edə bilməz. Amma bir məqamı unutmayaq. Hazırda gördüyümüz kimi Ermənistan atəşkəsi əsasən Dağlı Qarabağ mövqelərindən yox, Tovuz bölgəsindən pozur. Bu isə sübutlayır ki, Ermənistan münaqişəni Dağlıq Qarabağdan kənarda həyata keçirir və bununla da Kollektiv Təhlükəsizlik Müaviləsi Təşkilatının regiona müdaxiləsinə imkan yaradır. Məhz bu amillərə görə Ermənistan təhlükəli oyuna baş qoşub. Həmçinin sirr deyil ki, Ermənistan belə addımları Rusiyanın icazəsi olmadan ata bilməzdi.Bu arada Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının kəşfiyyat bölmələrinin 600-ə yaxın hərbçisi dağlıq ərazidə yerləşən poliqonda hərbi təlimə başlayıb. Hərbi təlim zamanı Rusiya hərbçiləri xüsusi kəşfiyyat zolağını keçmək, gündüz və gecə vaxtı hədəflərə atəş açmaq, düşmənin diversiya qruplarını zərərsizləşdirmək və əlbəyaxa döyüş məşqləri edəcəklər.Təlimlərin birinci günündə yeni metodika -sərt dağlıq ərazidən üzüaşağı xizəklə sürüşərkən hədəfə sürətli atəş açmaq sınaqdan çıxarılacaq. Bu, hərbi təlimlərdə ilk dəfə tətbiq olunur. Kəşfiyyatçılar ballistik düzəlişləri nəzərə almaqla xizək üstündə hədəfə sürətli atəş açacaqlar. Bu zaman həm tək hədəflər, həm də qrup halında hədəflər atəş altında olacaq. Hərbi təlimlər xüsusi döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə başa çatdırılacaq. Qeyd edək ki, bu təlimlərdə təsadüfdən olunmur və Azərbaycana bir mesajdır ki, istənilən an Rusiya prosesə əlini qoya bilər. Hərbi mütəxəssislər bildirir ki, həyata keçirilən təlimlər əslində Dağlıq Qarabağ mühiti üçün hesablanmış bir mühitdir.
Rusiyanın yeni oyunu
Ekspertlər hesab edir ki, əslində bu Ermənistanın yox, Rusiyanın projesidir və regionda güc nümayiş etdirməyə başlayıb. Belə ki, Rusiya artıq Ukraynanı itirmək üzrədir və buna görə Dağlıq Qarabağ savaşını başlamaqla Avropanı danışıqlar masası arxasında oturtmağa çalışır. Çünki Dağlıq Qarabağ müharibəsinin başlanması regionun itirilməsi deməkdir və qərb bu savaş nəticəsində enerji resurslarından da məhrum olacaq. Buna görə də Rusiya ən sərt üsuldan yararlanmağa start verib. Həmçinin Rusiya bu addımla həm də Azərbaycanı fakt qarşısında qoyur. Məlum olduğu kimi Azərbaycan Avrasiya İttifaqına üzv olmayacağını bəyan edib və bununla da Rusiyanın planlarını alt-üst edib. Bu gün isə Rusiya Azərbaycanı cazalandırmaq üçün fürsət tapib və hazırda bu proses davam etdirilir. Siyasi texnoloqların fikrincə yaxın günlərdə Ukrayna problemi həll olunmasa Rusiya Qafqaz planını işə salacaq. Hələlik isə beynəlxalq təşkilatlar bəyanat verməklə kifayətlənirlər. Çünki diqqət Ukraynaya yönəlib və qısa zaman ərzində bu problemi aradan qaldırmağa çalışırlar. Ukraynada baş verənlər isə get-gedə formasını dəyişir.
Suriya variantı
Bu gün Ukraynada baş verənləri təhlil edəndə ortaya maraqlı bir məqam çıxır. Görünən budur ki, Rusiya bütün gücünü səfərbər edərək Ukraynadakı hadisələrin daha da kriminallaşmasına və prosesin uzanmasına çalışır. Bu isə əslində Ukraynada Suriya variantının tətbiqi deməkdir. Belə ki, Ukraynanın şimal bölgəsi Rusiyaya daha meyillidir və hazırda Rusiyanın niyyəti budur ki, bu bölgə aktivləşsin. Səbəb isə məlumdur ki, ilk növbədə Yanukoviçə dəstək vermək üçün, digər tərəfdən isə Yanukoviçi saxlamaq mümkün olmazsa onda şimal bölgəsinin ayrıca müstəqil bir dövlət kimi tanınmasına nail olsunlar. Necə ki, Rusiya bunu Abxaziya və Dağlıq Qarabağ nümunəsində yarada bilib. Buna görə də hazırda bu istiqamətdə təxribat xarakterli addımlar atmaqdadır. Bundan başqa kölgədə durmağa çalışan Rusiya hazırda meydanın mərkəzinə gəlir və sözsüz ki, hadisələrin gedişatına ciddi təsir götərəcək. İlk addım isə Rusiya xarici işlər nazirinin NATO-un baş katibi ilə görüşməsi ilə başlayır.Ukraynada durum isə hər an demək olar ki, nəzarətdən çıxa bilər. Çünki siyasi toqquşmalar artıq hərbi toqquşmalarla əvəzlənir və görünür bu səbəbdən də Lvov şəhərində “Ukrayna Milli Qvardiyası” adlı birlik yaradılıb. Bu barədə “Vqolos” nəşrinə təşəbbüs qrupunun üzvü Svyatoslav Yavorivski bildirib ki, “Ukrayna Milli Qvardiyası”na odlu silaha icazəsi olan insanlar daxil olacaq. Onlar yerli vətəndaşların müdafiəsi ilə məşğul olacaq.Bunu da qeyd edək ki, ədliyyə naziri Yelena Lukaş ölkədə fövqəladə vəziyyət elan edib. O deyib ki, müxalifət fəalları Ədliyyə Nazirliyinin binasını boşaltmasalar, Milli Təhlükəsizlik və Müdafiə Şurasına fövqəladə vəziyyət tətbiqi üçün müraciət edəcək, prezident Viktor Yanukoviçi isə müxalifətlə danışıqları dayandırmağa çağıracaq. Nazir əlavə edib ki, binada siyasi böhrandan çıxmaq üçün iş, o cümlədən amnistiya və Ukrayna Konstitusiyasına dəyişiklik layihələri üzərində çalışma aparılırdı. Amma vəziyyət daha da pisləşir. Çünki Ukrayna prezidenti Yanukoviç ən uğurlu güzəşt olaraq bəyan etdi ki, Nazirlər Kabinetini bütünlüklə müxalifətin ixtiyarına verə bilər. Hətta baş nazir və birinci müavininində müxalifətdən olmasına razılıq verib. Amma müxalifət bu təklifi də qəbul etmədi. Ekspertlər hesab edir ki, hazırda Yanukoviç hər gün demək olar ki, mövqelərini itirir və müxalifət də çalışır ki, şəraitdən istifadə edərək hakimiyyəti növbədənkənar seçkilərə məcbur etsin. Növbədənkənar seçkilər keçirilərsə Yanukoviçin qalib gəlməsi faktiki mümkünsüzdür. Bununla yanaşı demək olar ki, hər gün hansısa dövlət binası müxalifətçilər tərəfindən tutulur ki, buda özlüyündə hakimiyyətin işini tam iflas halına salır. Başqa bir tərəfdən ümumtətillərin keçirilməsi də Ukrayna iqtisadiyyatını demək olar ki, iflic edib və nəticədə ölkə sosial partlayışa doğru gedir. Avropa və ABŞ isə Ukrayna hökumətini tam gərginlikdə saxlayır və başa düşülən budur ki, artıq Yanukoviçin qələmi qırılıb.
Qayıdaq
Dağlıq Qarabağa
Beləliklə Ukraynada baş verənlərdən çıxan nəticə budur ki, Rusiya qərbdə ki, son qalasını tam olaraq itirmək astanasındadır. Amma hələ ki, başqa bir qaladan Azərbaycandan əl çəkmək niyyətində deyil. Bəs Azərbaycan belə təzyiqlərə duruş gətirə biləcəkmi? Ekspertlər hesab edir ki, hələ ki, Azərbaycan tərəfi normal xətt tutub və Dağlıq Qarabağ savaşının daha da gərginləşməsinə maraq göstərmir. Bununla yanaşı hərbi səfərbərlik təmin edilib və demək olar ki, sərhəd boyu istənilən təxribatın qarşısını almağa gücü var. Bunu da qeyd edək ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq və buna görə də hesab edilir ki, Dağlıq Qarabağ savaşına imkan verilməyəcək. Elə ATƏT-in Minsk qrupunun da aktivləşməsi bununla bağlıdır. Bu arada ekspertlər hesab edir ki, Rusiya həm də Türkiyənin düşdüyü siyasi vəziyyətdən istifadə edərək Azərbaycana təzyiqləri artırır. Xatırladaq ki, Türkiyə hazırda siyasi böhran yaşayır və buna görə də xarici siyasətində daha çox ehtiyatlı olmağa çalışır. Bu isə Rusiyaya imkan verir ki, regiona təsir gücünü daha da artırsın. Beləliklə hesab etmək olar ki, Azərbaycan 2014-cü ildə çox ciddi sınaqlardan çıxmalı olacaq. Sonda bunu da unutmayaq ki, Rusiya Azərbaycan müxalifətinin bir hissəsini də təsir altına sala bilib və yəqin ki, onlardan da istifadə olunacaq. Elə Rəsul Quliyevin son bəyanatı da buna misaldır. Belə ki, o bəyan edib ki, Ukrayna olayları Azərbaycanda da təkrarlanacaq. Amma hansı səbəbdən-sualına cavab verə bilmir. Görünür bu hələ ki, sadəcə arzudur.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17