Ramil Usubov DİN-də “təmizləmə əməliyyatına” başladı
Ramil Usubov DİN-də “təmizləmə əməliyyatına” başladı
Bir polis rəisi işdən azad olundu, ikisinin fəaliyyəti isə ciddi şəkildə nəzarətə götürüldü

Daxili işlər naziri Ramil Usubov fəaliyyətində qüsurlar aşkarlanan polis rəisləri ilə bağlı sərt tədbirlərə əl atıb. Belə ki, dünən Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi reallaşıb ki, bunları da məhz həmin tədbirlərin davamı saymaq olar.
Daxili İşlər Nazirliyində ötən gün keçirilən geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə rayonun polis rəisinin fəaliyyətini ciddi tənqid edib. Bunun ardınca isə R. Usubov Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb. M. Mikayılovun səlahiyyətlərini isə hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir.
R. Usubov, həmçinin Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun də fəaliyyətini ciddi tənqid edib və onların rəhbəri olduğu polis şöbələrində yoxlamaların aparılması barədə aidiyyəti şəxslərə tapşırıq verib. Yoxlamaların nəticəsindən asılı olaraq həmin polis rəisləri barəsində də ölçü götürüləcəyi bildirilib.
Bundan başqa, Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəisi Qomboy Zeynalov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin idarənin rəisi vəzifəsini icra etmək Əkbər Ələkbərliyə həvalə olunub. Bütün bu tədblər isə Daxili İşlər Nazirliyində həyata keçiriləcək daha böyük miqyaslı kadr islahatlarının anonsu sayıla bilər. Bu tədbirlər çərçivəsində bəzi vəzifə sahiblərinin cəzalandırılması belə istisna olunmur.
“İnformasiya xidməti”