Bəzi icra başçıları vətənpərvərliyə qarşı
11:22 30-01-2014
İQTİSADİYYAT
Bəzi icra başçıları vətənpərvərliyə qarşı
Bir çox rayonlarda şəxsi mənafe milli maraqlara necə qurban verilir?
Dünən Şamaxı rayonunun ziyalıları, ağsaqqalları, gəncləri və şəhid ailələri tərəfindən ölkə rəhbərliyinə ünvanlanan məktub yayılıb. Məktubda Şamaxı rayonundakı Şəhidlər xiyabanının bir neçə il bundan qabaq bərbad vəziyyətə düşməsindən və hələ də bərpa edilməməsindən ürək ağrısı ilə bəhs edilir.
Şikayətçilər yazırlar: “Baş daşları sınıb tökülmüş, qəbirlər sürüşərək yerindən oynamışdır. Dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinə və digər yuxarı orqanlara məlumat verilsə də, artıq 3 ilə yaxındır ki, Şəhidlər Xiyabanının girişində "Müvəqqəti təmirə dayandırılıb” lövhəsi vurularaq heç bir iş görülmür.Hər il 20 yanvar Şəhidlərinin anım günündə eləcədə başqa vaxtlarda şəhidləri ziyarət etmək istərkən, Xiyabanın ətrafında çəkilən hasara görə içəri daxil olmaq olmur. Şəhidlərimizin bizlərin yolunda canlarını verdiyini nəzərə alıb,onların nə qədər müqəddəs olduğunu anlayanda bu hərəkət onların ruhuna böyük hörmətsizlik olur. Azərbaycanın inkişaf etdiyi bir dövrdə, minlərlə tikintilərə külli miqdarda pul ayrıldığı bir vaxtda Şəhidlərimizin uyuduğu yeri bərpa etdirməmək nə dərəcədə doğrudur?”
Məktubda o da qeyd edilir ki, lazımsız yerlərə milyonlar xərcləyə bilirlər, amma kiçik Şəhidlər Xiyabanını təmir edə bilmirlər. Buranın rayonun girişi olduğunu nəzərə alsaq, gündə buradan digər rayonlara minlərlə insan keçir ki, onlarda Şamaxıda şəhidlərə belə kobud hörmətsizliyi necə qəbul edirlər bilmirik”.
“Unikal”ın araşdırması zamanı isə məlum olub ki, zaman-zaman Azərbaycanın müxtəlif bölgələrində Şəhidlər xiyabanlarının baxımsızlığı ilə bağlı narazılıqlar, etirazlar ortaya çıxıb. Məsələn, ötən ilin payızında Bərdə rayonundakı Şəhidlər Xiyabanının vəziyyəti ilə bağlı şikayət yayılmışdı. “Camaatın obyektlərini sökürlər, adını da qoyurlar abadlıq işləri. Ancaq rayondakı “Şəhidlər Xiyabanı” dağılıb gedir” - deyən şikayətçi, Bərdə sakini Kamil Əsədov bildirmişdi ki, “Mənim qardaşım
Qarabağ müharibəsində şəhid olub. Məzarı da həmin Xiyabandadır. Qəbirdaşı sınıq-sınıqdır. Təkcə onun qəbri yox, demək olar ki, bütün qəbirlər belə vəziyyətdədir. Xiyaban zibillikdən seçilmir. Təmizləyən, baxan yox, təmir edən yox. Bərdənin mərkəzini bəzəyirlər, Xiyabandan xəbərləri yoxdur. Milyonlarla puldan 3-5 manat da Xiyabanın təmirinə xərcləsinlər... 4 sırada məzar var. Bu baxımsızlıq çoxdandır davam edir. Dəfələrlə yerli icra hakimiyyətinə, bələdiyyəyə, rayondakı “Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinə də irad bildirmişəm. Qulaq asan yoxdur. Belə getsə, hərə öz əzizinin məzarını Xiyabandan köçürtməli olacaq. Belə münasibət şəhidə təhqirdir”.
“Sumqayıt şəhərinin də özünün qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanı var. Qeyd edək ki, Sumqayıtdakı Şəhidlər xiyabanı 1988-ci ildə yaradılıb. Xiyabanda yerləşən 20 Yanvar abidəsi 1990-cı ildə, Ulduzlar abidəsi isə 1992-ci ildə qoyulub. Bəs görəsən, bu məkan bizim müstəqilliyimiz, azadlığımız uğrunda canını qurban vermiş insanlar üçün ən azından onların adına layiq bir şəkildə qorunurmu? Elə bu düşüncə ilə də Sumqayıt Şəhidlər Xiyabanını ziyarət etmək qərarına gəldik. Gördüklərimiz heç də ürəkaçan olmadı. Xiyabana payızın şəhərimizə yenicə qədəm qoyduğu bir vaxtda getmişdik. Elə buna görə də yağışın burada yaratdığı görüntü doğrusu acınacaqlı idi. Şəhidlər xiyabanının baxımsız lövhəsi və axşamdan yağan yağışın əmələ gətirdiyi xoşagəlməz mənzərə fonunda iki baxımsız bulaq dediklərimizə bir sübüt ola bilər. Bu hələ xiyabana daxil olmadan rastlaşdığımız mənzərə idi. Girişdə qoyulmuş bu bulaqların isə heç birindən su gəlmirdi. Aidiyətti qurumların buraya diqqətsizliyi sayəsində ilk baxışdan onların bulaq olub olmaması da adamda şübhə oyadırdı. Lakin kranların birində olan pas izləri onun əvvəl bulaq olduğunu deməyə əsas verirdi. Ümumiyyətlə, ətrafdakı insanlardan maraqlanandan sonra bəlli oldu ki, xiyabanın giriş hissəsindəki bulaq bir neçə ildir ki, "bulaq statusu”nu itirib... Ulduzlar abidəsinin qarşısında olan məşəl isə neçə müddətdir ki, yanmır” - bunu isə ötən ilin oktyabrında ölkə saytlarından biri yazmışdı.
Göründüyü kimi belə nümunələrin sayını kifayət qədər artırmaq olar. Müharibə şəraitində, torpaqlarının 20 faizi işğal altında olan ölkənin vəzifəli şəxsləri vətənpərvərlik ruhunun artırılması əvəzinə sadəcə, öz mənafelərinin müdafiəçisinə çevrilməməlidirlər. Milli maraqları öndə tutmağı öyrənməlidirlər.
Əks halda belələri postlarında qaldıqca, xalqımızın, xüsusən gənclərin döyüş ruhunun, vətənpərvərlik hissinin gücləndirilməsindən danışmaq yersizdir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53