Minilliyin ən sərt qışı qapını kəsib
Minilliyin ən sərt qışı qapını kəsib

Hacıbala Abutalıbovun merlik etdiyi Bakı şəhəri sərt qışa necə hazırlaşıb,ekspertlər həyacan təbbi çaldılar

Ötən yayın istisinin yaşatdığı əhvaldan təzəcə ayrılmışdıq ki, ekspertlərin dediyinə görə, minilliyin Avropda qeydə alınan ən sərt qışı ilə üzləşdik.
Ekspertlərin fikrincə, Atlantik okeanında Qolfistrim isti cərəyanın sürəti 50 faiz azalıb və nəticədə bizi sərt bir qış gözləyir.
Atlantik okeanında nəhəng çaya bənzəyən, materiklərdəki çaylardan dəfələrlə çox su kütləsini hərəkətə gətirən Qolfistrim cərəyanı Avropanın şimalında havanın mülayimləşməsini şərtləndirir. Cərəyanın sürətinin 2 dəfəyə qədər azalması şimal qütbündən gələn soyuq havanın isinmədən Avropaya çatmasına səbəb olur.
Hazırda Avropa ölkələri və o cümlədən Türkiyə, Rusiya qışa ciddi şəkildə hazırlaşır. Evsiz insanların soyuqdan donmaması üçün tədbirlər görülür, istilik sistemləri təzədən yoxlanılır.
Bəs Hacıbala Abutalıbovun merlik etdiyi Bakı şəhəri minilliyin ən sərt qışına necə hazırlaşıb? Bu yöndə görülən tədbirlər qənaətbəxşdirmi?
Tanınmış kinorejissor Əbdül Mahmudbəyovun "Unikal"a dediyinə görə, "Hacıbala Abutalıbovu qışa hazırlıq yox, büdcədən pul çırpışdırmaq daha çox maraqlandırır. Məmur millətin və dövlətin mənafeyilə yaşamalıdır ki, onların qayğısına qalmaq həvəsi və istəyi olsun. Bu adam kasıbların evlərini başlarına uçurtmağı daha yaxşı bacarır. Abutalıbov guya ki, mənim evimin yanında qış parkı tikirdi. Qonşularımın evlərini söküb yurd-yuvalarından elədi, mənim mənzilimə ciddi zədə vurdu. Kimə üz tutdumsa, şikayətimə qulaq asan da olmadı. İndi isə məlum olur ki, bu park ümumiyyətlə, qış parkı deyilmiş. Əlqərəz, belə bir adamdan qışa hazırlıq gözləmək olarmı? Bu xalqı Allah dolandırır".
Tanınmış hüquq müdafiəçisi Elçin Behbudovun "Unikal"a bildirdiyinə görə, "Bakı şəhərinin sakini kimi bu ilki qış mənim üçün ciddi problemlər yaradıb. Peşə fəaliyyətimlə bağlı şəxsi avtomobilimdən istifadə etməli oluram. Şəhərdaxili yolların vəziyyəti və bu yolların ötürücülük imkanı çox aşağıdır. Ümumiyyətlə, hesab edirəm ki, son illərdə Bakı şəhəri heç zaman qışa hazır vəziyyətdə olmayıb. Telekanallar bu gün (dünən-red.) xəbər yayıblar ki, Bakı şəhər İcra Hakimiyyəti qışa tam hazır vəziyyətdə olduğunu açıqlayıb. Amma mən bu xəbərlərə inanmıram. Ötən illərin təcürbəsi mənə belə düşünməyə əsas verir".
Məzahir Avşar