Bəzi nazirliklərin "mənzil tikintisi" planı baş tutmur
12:06 31-01-2014
İQTİSADİYYAT
Bəzi nazirliklərin "mənzil tikintisi" planı baş tutmur
Bu, həmin nazirliklərə rəhbərlik edənlərin hökumətdəki zəif mövqeləri ilə izah edilir
Uzun müddət hardasa çalışmağın əvəzində dövlət tərəfindən bu əziyyətin bəhrəsini görmək, pulsuz evlə təmin olunmaq çox keçmişdə qaldı. Artıq mənzil almaq istəyən işçi dövlət qurumundan heç nə ummamalı, öz cibinə güvənməlidir.
Axı indi çox az sayda dövlət qurumu var ki, öz işçilərinin mənzil şəraitini yaxşılaşdırmaq istiqamətində hansısa addım atır. Bir çox nazirliklərin bu istiqamətdə səyləri isə nəticəsiz qalır.
Hələ ilyarım öncə bununla bağlı nazirliklər arasında aparılan sorğuda maraqlı məqamlar ortaya çıxmışdı. Məsələn, məlum olmuşdu ki, İqtisadi İnkişaf Nazirliyi (hazırda İqtisadiyyat və Sənaye Nazirliyi) öz işçiləri üçün yaşayış binası tikmir və perspektivdə də bununla bağlı hər hansı plan yoxdur.
Gənclər və İdman Nazirliyindən də bildirilmişdi ki, nazirliyin belə bir təcrübəsi olmayıb. "Yaxın illərdə ev tikilməsi də nəzərdə tutulmur. Ümumiyyətlə nazirliyin belə
bir təcrübəsi yoxdur. Odur ki, nazirlik tərəfindən heç bir işçiyə ev verilməyib" - Azad Rəhimovun nazirliyindən bildirilmişdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə demişdilər ki, onlarda belə bir tikinti nə gedir, nə də yaxın illərdə belə bir tikinti nəzərdə tutulmur.
Kənd Təsərrüfatı Nazirliyinin işçilərinə isə Sovet dönəmində pulsuz ev verilsə də, bu iş 1993-cü ildən dayandırılıb. İndi nazirlik tərəfindən hər hansı yaşayış binası tikilmir. Heç bir işçiyə mənzil vermək isə hətta yaxın perspektivdə də mümkün görünmür.
Mədəniyyət və Turizm Nazirliyinin gündəmində də işçilərinə mənzil vermək məsələsi yoxdur. Oradan bildirmişdilər ki, əgər bu nazirliyin maliyyə saxlancı olduğu təqdirdə nazirlik əməkdaşlarının mənzillə təmin edilməsi niyə də olmasın: "Hələlik isə belə bir məsələ müzakirə edilməyib".
Qeyd edək ki, Nəqliyyat Nazirliyi daxil olmaqla bir çox nazirliklərin işçilərinə mənzil tikib paylaması təcrübəsi vardır. Həmin tikinti dövlət vəsaitləri hesabına aparılır, baxmayaraq ki, bir çox hallarda bu tikinti vəsaitinin həm şəffaf xərclənməsi, həm də mənzillərin ədalətli bölgüsü ilə bağlı ciddi problemlərin olduğu mətbuatdan məlumdur.
Bəs bir çox nazirliklərin mənzil tikintisinə "yaşıl işıq" yandırılsa da, bir çox digər nazirliklərin eyni imkanlara sahib olmaması nə ilə əlaqədardır? Ortada hansısa ayrı-seçkiliyin olmasından danışmaq mümkündürmü?
Mövzu ilə bağlı rəyini öyrəndiyimiz adının çəkilməsini istəməyən ekspert bildirir ki, hökumət içində bir çox nazirlər olduqca geniş təsir imkanlarına, nüfuza malikdirlər və onlar istənilən bir məsələ ilə bağlı öz təşəbbüslərini rahatlıqla həyata keçirirlər. "Görünür, işçilərinə mənzil tikib paylamaq imkanı tanınmayan nazirliklərin problemi onların rəhbərlərinin iqtidar içində zəif mövqelərə malik olması ilə əlaqədardır. Mətbuatda belə xəbərlər yayılır ki, bir çox nazirliklər işçilərinin sosial təminatlarının yaxşılaşdırılması, o cümlədən onların mənzil şəraitlərinin düzəldilməsi istiqamətində təşəbbüs göstərsələr də müsbət nəticə əldə edə bilmirlər. Halbuki bir çox başqa nazirlərin əlində bu, su içimi kimi bir işdir. Belə bir vəziyyətin ortaya çıxması da onu göstərir ki, işçilərinə mənzil tikib paylamaq imkanından məhrum olan nazirliklərin əsas "bəxtsizliyi" onların rəhbərlərinin hökumətdə güclü mövqelərə, geniş təsir imkanlarına malik olmaması ilə əlaqədardır" - deyə ekspert bildirib.
Təbii ki, dövlət və ictimai maraqların müdafiəsi baxımından dövlət qurumlarında çalışan şəxslərə mənzillərin verilməsi, onların sosial müdafiəsinin təşkili çox əlamətdar, eyni zamanda da müsbət haldır. Amma bu prosesin həm şəffaf və ədalətli, hər hansı korrupsiya şübhələri olmadan, həm də dövlət qurumları arasında ayrıseçkiliyə yol verilmədən həyata keçirilməsi daha vacib şərtlərdən biridir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17