Müxalifətin qış nağılı
12:10 31-01-2014
İQTİSADİYYAT
Müxalifətin qış nağılı
AXCP və Müsavatın "atəşkəs"indən reneqat Eldar Namazov istifadə etməyə çalışır
Azərbaycanın dağıdıcı müxalifətinin böyük ümidlərlə yaratdığı "Milli Şura" adlı qondarma, nominal qurum da iflasa uğradı. Aqressiv müxalifətin digər qurumları kimi, o da struktur olaraq fəaliyyət göstərmədi. Yarandığı gündən qalmaqal, dedi-qodu və anarxiya məskəni oldu. Sonu da hər kəsə bəlli.
Əli Kərimlinin yandırdığı alova Rauf Arifoğlu
benzin tökdü
Prezident seçkilərində ağır zərbə alan dağıcıdı müxalifət 2014-cü ilə "aktiv" başlamaq istədi. Yanvar ayında gündəmi yenə də AXCP ilə Müsavat Partiyası zəbt etdi. Amma bu onlara çox ağır başa gəldi. El içində bir-birini biabır edən iki partiya yetkililəri imkan olsaydı, bəlkə də bir-birini duelə də çağırardılar. Heç bir sirləri, paxırları qalmadı, hamısını açıb tökdülər. Bütün qəzetlərin arxivlərini ortaya çıxartdılar. Hətta sağlığında qiymət vermədikləri şəxsin qəbir evindəki ruhunu da incitdilər. Özləri haqda söylədikləri qarğışlar, söyüşlər, ittihamlar, hədə-qorxular tükəndikdən sonra mərhum Əfülfəz Elçibəyin vaxtı ilə səsləndirdiyi bəzi fikirləri əldə bayraq edib düşdülər ortalığa. İş o yerə çatdı ki, daim qalmaqallı yazılar axtarışında olan bəzi mətbu orqanlar da onların bu şousundan yazmaqdan bezdilər. İndi isə "atəşkəs" elan ediblər. Barışmağa yer axtarırlar əvvəlki illərdə olduğu kimi. Amma "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, bütün körpüləri AXCP sədri Əli Kərimli yandırdı. O da həmin alovun üstünə su əvəzinə benzin əlavə edib. Bundan sonra R.Arifoğlu AXCP sədrinə salam belə verməyəcək. Bu, onun artıq prinsipial qərarıdır. Bu, siyasi gündəmi zəbt etmək istəyənlərin birinci şousu idi. İki partiya arasındakı "atəşkəs"dən ilk olaraq reneqat Eldar Namazov yararlanmaq iddiasına düşüb. "Milli Şura" üçün ayrılan maliyyə vəsaitini rahatca mənimsəyərək bir kənara çəkilən Namazovun, görəsən, növbəti hiyləsi nədir?
Qoca kinorejissorun
göndərdiyi 100 min
hara xərcləndi
"Milli Şura" oyununda hər kəsə bəllidir ki, partiyalar arasında "pay bölgüsünü" aparan Eldar Namazov idi. Məhz onun ədalətsiz bölgüsü "Milli Şura"ya parçalanma toxumunu səpdi. Öncə bu qondarma şuranın "virtual namizədi" olan qoca kinorejissor Rüstəm İbrahimbəyovun söylədiyi bir neçə fikrinə nəzər salaq: "Mən bizim siyasi partiyaların "lider"lərindən soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Deməli, o vəsaiti kimsə təşkil eləməlidir. Vəsaitsiz necə seçki kampaniyası aparmaq olar? Təcrübə göstərir ki, seçki kampaniyası aparmaq üçün bir neçə milyon pul lazımdır. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək? Camaatın pulu yoxdur. Siz bunu bilə-bilə niyə mənim gəlməməyim məsələsini qabardırsınız". Rejissorun adından bu fikirləri səsləndirən R.İbrahimbəyovun Azərbaycandakı təmsilçisi "EL"in rəhbəri Eldar Namazov idi. Bütün danışıqları, görüşləri bu reneqat aparırdı. "Milli Şura"da parçalanma başladıqdan sonra hər şey çılpaqlığı ilə üzə çıxdı və hətta onun təşkilatından istefa vermiş Əflan İbrahimov bəzi faktları açıqlamaqla Eldar Namazovu ifşa etdi. Əflan İsmayılovun mətbuata verdiyi açıqlamadan qısa sətirlər: "...Mən İbrahimbəyova zəng edib dedim ki, pul göndərirsən, sənin pulunu yeyirlər... Çünki Eldəniz Quliyevin yanından ona zəng edəndə dedi ki, bu beş ayda Eldar Namazova yüz minə yaxın pul yollamışam..."
Bu faktlar dağıdıcı müxalifətin seçki, mitinq hazırlıqlarını da alt-üst etdi. Ayrılan vəsaitdən pay almayan Müsavat Partiyası, demək olar ki, icazəli mitinqləri belə üstüörtülü şəkildə boykot etdi. Aqressiv qüvvələr arasında narazılıq sonda acı məğlubiyyətlə nəticələndi.
Reneqat Eldar
Namazovun yeni nağılı heç kimə maraqlı deyil
İndi reneqat Eldar Namazov "Yeni Müsavat" qəzetinə "Milli Şura" ilə bağlı maraqlı nağıl danışmağa başlayıb. Bu adam deyir ki, həqiqətən, "Milli Şura" ətrafında xeyli mif yaradılıb, həm də yalnız qurumun yaranması ilə deyil, qurumda gedən proseslərlə bağlı xeyli şişirdilmiş məlumatlar ortaya çıxıb. Guya "Milli Şura" və qurum daxilində gedən proseslərlə bağlı açıqlamalar verən insanların heç biri həmin prosesin içərisində olmayıblar. Bəlkə də proseslərin 5 faizindən xəbər tutublar. Deməli, kiçik bir qondarma qurum daxilində hər zaman gərginlik olub. Bu gərginliyi isə baş verən proseslərdən xəbərdar olan bir neçə şəxs məqsədli şəkildə yaradırmış ki, əldə olunan maliyyə vəsaiti elə onlar arasında bölünsün. Boş vədlərə aldanmış şəxslərin sonrakı aqibəti isə qətiyyən reneqatlar dəstəsinin üzvlərini maraqlandırmır.
Boş-boş fikirlərlə qəzet səhifələrində müsahibəsi dərc olunan Eldar Namazov yaxşı olardı ki, "Milli Şura"ya ayrılan vəsait, onun bölünməsi və Rüstəm İbrahimbəyovun 5 ayda göndərdiyi 100 minin hara və necə xərcləndiyini açıqlasın. Ölkə ictimaiyyəti onsuz da dağıdıcı müxalifətin çirkin əməllərindən və söylədikləri boş-boş nağıllara qulaq asmaqdan bezib.
Alı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53