Etibar Pirverdiyevin qar kimi ağ yalanları necə faş oldu
15:21 01-02-2014
İQTİSADİYYAT
Etibar Pirverdiyevin qar kimi ağ yalanları necə faş oldu
“Azərenerji” ASC ölkənin enerji təminatına məsul olan dövlət qurumudur. Bu sahədəki problemləri aradan qaldırmaq, yeni enerji stansiyalarının tikintisini təmin etmək məqsədilə hər il dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaitləri ayrılır. Azərbaycan dövləti bu məqsədlə büdcədən maliyyə ayırmalarını artırması isə əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədinə yönəlib. Bəs, nə baş verir ki, ayrılan bu vəsaitin qarşılığında “Azərenerji”nin fəaliyyətini elə ilk qardaca iflic vurur? Elə dünən ölkə ərazisinə yağan ilk qar zamanı da anoloji vəziyyətlə qarşılaşdıq. Bu haqda bir qədər sonra daha ətraflı bəhs edəcəyik, hələliksə....
“Azərenerji” ASC
milyonları hara sərf edir?
Məlumat üçün bildirək ki, “Azərenerji” ASC iri vergi ödəyicisidir. Qazancının kifayət qədər çox olmasına baxmayaraq adıçəkilən qurumun kifayət qədər borcu var və bu böyük şübhələrə səbəb olmaqdadır. Əgər “Azərenerji” ASC izafi xərcləri azaltmaq hesabına büdcəyə olan vergi borclarını ödəməyi düşünsəydi dövlət üçün daha faydalı olardı. Məlumdur ki, ASC illərdi ki, büdcə proqnozunu yerinə yetirə bilmir və ən böyük borc sahiblərindən biridir. Üstəlik, abonentlərdən ödəmələri 98 faizə çatdırsalar da, büdcədən asılılıqları bu gün da davam edir.
Yeri gəlmişkən, 2007-ci ildə elektrik enerjisinin topdansatış və pərakəndə qiymətlərinin artırılmasından sonra 1 kVt/s elektrik enerjisi üçün 0,043 manat (üç dəfə artım), bütün qrup istehlakçılar üçün 0,06 manat (əhali üçün üç dəfə, büdcə və sənaye obyektləri üçün 2,3 dəfə, kommersiya obyektləri üçün 20 faiz artım) qiymət müəyyən edilib. O zaman bahalaşma subsidiyaları azaltmaqla dövlət büdcəsini yükdən azad etmək,eləcə də əhalini keyfiyyətli enerji ilə təmin etməklə əsaslandırılmışdı. Maraqlıdır, ötən müddət ərzində nə subsidiyalar azalıb, nə də əhali keyfiyyətli enerji ilə təmin olunub. Bütün bunlar isə ASC rəhbəri Etibar Pirverdiyevin maliyyə fəaliyyətini heç də şəffaf qurmamasından xəbər verir. Bunun acısını isə bu qarlı-şaxtalı havada evində donan sıravi Azərbaycan vətəndaşları çəkir. Hər halda srağagün gecədən sərtləşən hava şəraitindən sonra bütün ölkəboyu müşahidə edilən enerji böhranı belə düşünməyə əsas verir.
“Azərenerji” qışa
hazır deyilmiş: yalan
çıxan vəd
Havaların qəfil və kəskin şəkildə soyuması “Azərenerji” ASC-nin indiyə qədər gördüyü işlərin böyük əksəriyyətinin üzərindən xətt çəkdi. Məlum oldu ki, bütün bölgələr qışa hazır deyilmiş. Bunun ən bariz nümunəsi isə qar yağan kimi, əksər yaşayış məntəqələrində elektrikin kəsilməsi oldu.
Amma hələ ötən ilin sonlarında mətbuata açıqlama verən "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev rəhbərlik etdiyi qurumun qışa tam hazır olduğunu bəyan etmişdi. O ardınca da bu hazırlığın heç də etibarlı olmadığını özü də etiraf etmişdi. ASC sədri bildirmişdi ki, ölkənin enerji sisteminin qış mövsümünə hazırlığı barədə son illər ərzində Azərbaycanda yeni elektrik ötürücü xətlərin və yeni elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlərə əsasən də fikir söyləmək olar: "Lakin dünyada heç bir enerji sistemi qış mövsümünə tam hazırlıqdan danışa bilməz. Çünki daim elektrik enerjisinin verilişində fasilələrə səbəb ola biləcək qeyri-sabit hava şəraiti ilə əlaqədar fövqəladə hallar baş verir".
İlk qar və donan
ümidlər...
Etibar Pirverdiyevin nəzərdə tutduğu “bəzi fövqəladə vəziyyət” dünən tam çılpaqlığı ilə müşahidə olundu. Sübut olundu ki, əslində ölkənin enerji təchizatında çox ciddi problemlər var. Ciddi və fövqəladə sayıla biləcək nəsə də baş verməmişdi. Sadəcə olaraq havanın temperaturu bir qədər aşağı düşmüş və qar yağmışdı-məgər, qışda qar yağması fövqəladə vəziyyət sayıla bilərmi? Təbii ki, yox və Etibar Pirverdiyev sadəcə olaraq yuxarıda təqdim etdiyimiz açıqlamasıyla eyiblərini ört-basdır etməyə çalışıb.
Dünən “Unikal” qəzetinin redaksiyasına telefonla müraciət edən çoxsaylı oxucularımızdan aldığımız xəbərlər isə rayonlarda əsl enerji rəzalətinin yaşandığını göstərirdi. Həmin məlumatlara görə, Abşeronun bir sıra kəndlərində srağagün gecədən etibarən elektrik enerjisinin verilməsində problem yaranıb. Oxucularımızın bildirdiyinə görə, gecə qar yağmağa başladıqdan bir neçə saat sonra işıqlar sönüb: “Hazırda Xırdalanda, Mehidabad, Digah, Məhəmmədi və Fatmayi kəndlərində, Müşfiqabad qəsəbəsində işıq yoxdur. Kənd sakinləri soyuqdan donur. Evdə körpə uşaqlar var və bu vəziyyəti daha da dözülməz edir”.
Rayonlar da qaranlığa qərq olub...
Respublikanın əyalətlərinə gəldikdə isə durum da daha vahiməlidir. Bir sıra rayonlardan daxil olan məlumatlarda vurğulanır ki, əksər rayonlarda elektrik enerjisinin verilməsində ciddi böhran yaşanır. Rayonlarda hava şəraitinin da kəskin olması elektrik enerjisinin verilməsində ciddi axsamalara səbəb olub. Ölkənin qərb rayonlarında problemin daha ciddi olduğu bildirilir. Eyni zamanda cənub rayonlarında da vəziyyətin dözülməz olduğu haqda informasiyalar daxil olmaqdadır.
Bütün bunlar isə “Azərenerji” ASC-nin yalanını ifşa etməklə yanaşı, ölkənin enerji təminatındakı ciddi problemlərdən xəbər verməkdədir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53