Azərbaycanda hüquq şirkətlərinə tələbat nədən artıb?
14:29 28-02-2014
CƏMİYYƏT
Azərbaycanda hüquq şirkətlərinə tələbat nədən artıb?
Hüquqşünas: “Bu sahədə ciddi canlanma var”
Hüquqşünas Pərviz Məmmədov “media forum” saytına açıqlamasında ölkədə hüquqi xidmətlər bazarının vəziyyətindən danışıb. O deyib ki, hüquqi xidmətlər bazarında dünyada tanınan xarici şirkətlərin yerli ofisləri, yerli hüquq şirkətləri və fiziki şəxslər fəaliyyət göstərir: “Xarici hüquq şirkətlərinin əsas müştəriləri iri xarici şirkətlər və bir neçə aparıcı yerli şirkətdir. Bu hüquq şirkətləri öz xidmətlərini yerli bazar üçün nisbətən baha təklif etdiyi üçün əksər hüquqi və fiziki şəxslər bu xidmətləri almaq imkanına malik deyil.
Yerli hüquq şirkətləri əsasən ölkə daxilində fəaliyyət göstərən şirkətlərə və fiziki şəxslərə xidmət təqdim edir. Fiziki şəxslər də fərdi qaydada hüquqi xidmətlər göstərir. Onların müştəriləri də əsasən fiziki şəxslər olur, bəzən də yerli şirkətlərə də xidmət göstərməyə çalışırlar”.
Pərviz Məmmədov rəhbərlik etdiyi “CLC” hüquq şirkətindən də söz açıb. “Bizim şirkət bir qayda olaraq hüquqi şəxslərə xidmət göstərir. Xidmət göstərdiyimiz şirkətlərin fəaliyyət sferasına daxil olan bütün istiqamətlər üzrə hüquqi risklərin idarə olunmasını həyata keçiririk. Bəzən şirkət rəhbərliyində belə bir fikir olur ki, hüquq şirkəti yalnız məhkəmə və digər dövlət orqanları qarşısında şirkətin mənafeyini müdafiə etməlidir. Lakin bu belə deyil, bizim hüquqşünaslar həm dövlət orqanları, həm bank və sığorta şirkətləri, həm icarədarlar və təchizatçılar, həm də şirkətin müştəriləri ilə münasibətlərdə şirkətin maraq və mənafelərini müdafiə edirlər.
Hər bir peşəkar xidmət sektorunda olduğu kimi hüququn da müxtəlif sahələri var. Eyni hüquqşünas və ya hüquq şirkəti həm cinayət işləri, həm ailə-nikah məsələləri, həm mülki hüquqi məsələlər üzrə yüksək səviyyədə xidmət təqdim edə bilməz. Düşünürəm ki, hüquq xidmətləri göstərən şirkətlər və fiziki şəxslər özlərini konkret bir və ya bir neçə sahə üzrə təkmilləşdirsələr, bu onların özləri üçün və xidmət göstərdikləri müştərilər üçün də yaxşı nəticələnər. Biz şirkət daxilində də hüququn müxtəlif praktik sahələri üzrə ixtisaslaşmış qruplar formalaşdırırıq. Bu, müştərilərimizə daha keyfiyyətli hüquq xidmətləri təqdim etməyə imkan verir. Hər bir praktiki qrup üçün fərqli təlimlər və inkişaf planları təsdiqlənir və icra olunur”.
Hüquqşünas qeyd edib ki, Azərbaycanda hüquqi xidmətlər bazarı əvvəlki dövrlərlə müqayisədə getdikcə genişlənib və bu sahədə ciddi canlanma var: “Bu da şirkətlərin çoxalması, iqtisadi münasibətlərin iştirakçılarının artması, yeni qanunvericilik aktlarının qəbul olunması ilə bağlıdır. Əvvəllər şirkət rəhbərləri bir çox məsələləri hüquqşünasın rəyi olmadan həll etməyə çalışırdı, amma qanunvericilikdə dəyişikliklər artdıqca, qanunların tətbiqinə nəzarət gücləndikcə əksər şirkətlər hüquq şirkətlərinə üz tutur. Şirkət rəhbərləri hüquqşünasların rəyi olmadan addım atmamağa çalışırlar. Hüquq xidmətləri bazarı da buna görə genişlənir, hüquq şirkətlərinə, vəkilliklə məşğul olan şəxslərə müraciətlər artır.
Həmçinin məhkəmə işlərinin həcmi artıb. Son dövrlərdə Azərbaycanda məhkəmələrin sayı artıb, ixtisaslaşmış yeni məhkəmələr yaranıb ki, bunlar da keyfiyyətli hüquqi xidmətlərə tələbatın artmasına səbəb olur”.
Aliyə
Digər Xəbərlər
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29