Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır
12:39 01-03-2014
CƏMİYYƏT
Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır
Öncə qeyd edək ki, Azərbaycan tarixlər boyu milli-dini tolerantlığı qoruyan, millətlərarası münasibətlərin inkişafına müsbət təsir edən ölkə olub. Müasir zamanda da bu missiyanı həyata keçirir və hazırda bunun kökündə əsası ümumilli lider Heydər Əliyev tərəfindən formalaşan azərbaycançılıq ideologiyası dayanır. Azərbaycançılıq - svilizasiyaların vəhdətini, milli-dini tolerantlığı özündə əks etdirən bir ideologiyadır ki, bu da elmi şəkildə izah edilmişdir.
Akademik Ramiz Mehdiyevin bu mövzuda təhlili daha maraqlı və cəlbedicidir: “Azərbaycan Avropa ilə Asiyanın qovuşağunda yerləşən ölkədir. Bizim sivilizasiyamız əsasən iki güclü qüvvənin təsiri altında formalaşmışdır: Şərq təməli və Qərb təsiri. Məlumdur ki, xalqın ictimai-tarixi inkişafının başlıca istiqamətlərini, onun xarakterini, dünya siyasi meydanında davranışını ən çox coğrafi determinizm amili müəyyən edir. Mütəfəkkirlərin bir çoxu coğrafi mühiti siyasi həyat, dövlət quruluşu formalarının və milli varlığın digər formalarının determinantı kimi qiymətləndirir. Biz bu tədqiqatımız çərçivəsində milli ideologiya kimi azərbaycançılığın mahiyyətini təhlil etməyi qarşımıza məqsəd qoymuruq. İndi bu ideologiya dövlətçiliyimizin bir hissəsidir”.
Bəli, bu gün Azərbaycanın svilizasiyalara açıq olmasının əsl səbəbi də azərbaycançılıq ideologiyası ilə bir başa bağlıdır. Professor Rəbiyyət Aslanova apardığı elmi araşdırmalarla təsdiqləyir ki, bu gün Azərbaycan cəmiyyəti svilizasiyalararası münasibətlərin formalaşmasında aparıcı rol oynayır və bunun əsas səbəblərindən biri də Azərbaycanın fərqli mədəniyyətləri qəbul etməyə, inteqrasiya prosesinə hazır ölkə olması, bunun isə özünəinam və özünütəsdiq faktorlarından qaynaqlanmasıdır: “Dünyəvi dövlət həm sivilizasiyanın, həm də Azərbaycan xalqının ən mühüm nailiyyətidir. Dövlət-din münasibətlərinin konstitusion əsaslarla tənzimlənməsi dünyəviliyi təmin edən əsas məsələlərdən biridir. Müasir dövrdə mədəniyyətlərin, dinlərin və sivilizasiyaların dialoqu, insan hüquqlarının, dini-etiqad azadlığının təminatı ümumi məqsədlər sırasında dünyəviliyi ən mütərəqqi imperativ kimi irəli sürür. Azərbaycan milli reallıqdan çıxış edərək hüquqi islahatlara, qanunvericilik proseslərinə həm yaradıcı, həm də tənqidi yanaşır”.
Gördüyünüz kimi, Azərbaycanda tarix boyu formalaşan mədəniyyət, fəlsəfi yanaşma unikal haldadır və bu da svilizasiyalararası dialoqun formalaşmasına təsir edir. Digər tərəfdən, Azərbaycanda Şərq mədəniyyətinin, fəlsəfəsinin mövcudluğu, Qərb təfəkkürünün hakimliyi imkan verir ki, bəzi hallarda bir-birini qəbul etməyən svilizasiyaları bir araya gətirə bilsin. Diqqət edin, son on il ərzində Azərbaycan tək-tük ölkələrdən biri idi ki, dəfələrlə dinlərarası dialoqlar təşkil etməyə nail oldu, milli-dini tolerantlıqla bağlı beynəlxalq səviyyələrdə konfranslar, simpoziumlar təşkil etməklə bütün dünyada svilizasiyalararası, dinlərarası, milli-dini tolerantlıq proseslərini gücləndirmək üçün öz nümunəsini yaratdı. Bu işdə Heydər Əliyev Fondunun aktivliyi xüsusi olaraq qeyd edilməlidir. Çünki Heydər Əliyev Fondu bir sıra mühüm addımlar atmaqla bərabər, vətəndaş cəmiyyətini də bu istiqamətdə hazırladı.
Heydər Əliyev Fondunun son illər tək Azərbaycanda yox, həmçinin dünyanın ən aparıcı ölkələrində svilizasiyalararası dialoqa təkan verə biləcək aksiyalar həyata keçirməsi də ölkəmizə olan marağı artırdı. “Milli dəyərlər, bizim genetikamız hər zaman qorunmalı və bununla da dünyaya inteqrasiya olunmalıyıq” - deyən Fondun rəhbəri Mehriban xanım Əliyeva konkret fəaliyyət prinsipini ortaya qoydu.
Bəli, həm milli dəyərlər qorunmalı, həm də dünyaya çıxış etməliyik. Heydər Əliyev Fondunun bu prinsipini Mehriban xanım Əliyeva çıxışlarının birində aydın şəkildə belə izah edir: “Biz müstəqil ölkə kimi çox gəncik. Lakin Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir. Xəzər dənizinin sahilində yerləşən ölkəmiz əsrlər boyu Qərb və Şərq arasında körpü rolunu oynamışdır. Hələ eramızdan əvvəl II əsrdə Azərbaycanın ərazisindən Böyük İpək Yolu keçmişdir. Mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda bir çox qədim mədəniyyətlər öz izini qoyub. Biz bu izləri bu gün də görə bilərik. Bakının yaxınlığında yerləşən Qobustan qayalıqlarında Roma tarixinin izləri vardır. Bu qayaların üzərində eramızın I əsrində buradan Roma İmperatoru Germanikin legionunun keçdiyi əks olunub. Əsrlər boyu ölkəmizdə müxtəlif dillərdə danışan və müxtəlif dinləri təmsil edən insanlar qarşılıqlı hörmət və sülh şəraitində yaşayıb. Bu gün də dini dözümlülük, açıqlıq, tolerantlıq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir".
Beləliklə, gördüyünüz kimi, Azərbaycan dünyada gedən qloballaşmada, svilizasiyalararası dialoqların formalaşmasında, milli-dini tolerantlıq müstəvisində konkret konsepsiya ilə çıxış edir və buna özünəməxsus bir nümunə kimi də baxmaq olar. Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi konsepsiyanın əsas tezislərini belə sıralamaq olar:
- Azərbaycanın dünyəvi prinsiplərə sadiqliyini təmin etmək;
- Milli-mənəvi dəyərlərini qorumaqla paralel digər mədəniyyətlərə də açıq olmaq;
- Milli-dini tolerantlığın qorunmasını təmin etməklə yanaşı bunun cəmiyyətdə geniş təbliği;
- Ölkəmizdən kənarda svilizasiyalararası dialoqun formalaşması üçün Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən Azərbaycan modelinin dünyada təbliğini təmin etmək;
- Azərbaycanın qərbə inteqrasiyası ilə yanaşı şərqə bağlılığını da qoruyub saxlaması.
Bu sadalananlar Azərbaycanın əsas prinsipləridir və svilizasiyalararası dialoqların yaranmasında, bütövləşməsində əsas meyarlar kimi götürülür. Onu da qeyd edək ki, Azərbaycanın bu sahədəki prinsipial uğurlarının arxasında güclü qanuni bazanın olması, din və dövlət münasibətlərinin düzgün formalaşdırılması mühüm rol oynayıb. Bu gün də prezident İlham Əliyev öz fəaliyyətində bu dəyərlərin qorunmasına xüsusi önəm verir və dəfələrlə xüsusi olaraq vurğulayır ki, svilizasiyalararası dialoqun qorunması, milli-dini tolerantlıq Azərbaycanın əsas məqsədləridir: “Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz. Biz bu dəyəri qorumalıyıq və qoruyacağıq. Dövlət öz tərəfindən üzərinə düşən vəzifələri icra edir. Çox şadam ki, bütün dini icmalar, dini konfessiyalar da bu sahədə vahid mövqedən çıxış edirlər".
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın svilizasiyalararası dialoqun formalaşmasına, milli-dini tolerantlığa verdiyi töhfənin arxasında həm də həyata keçirilən siyasi və iqtisadi islahatlar dayanır. Azərbaycanın xarici siyasətində balanslaşdırılmış siyasətə üstünlük verməklə yanaşı heç bir hərbi blokda təmsil olunmadı. Bir neçə il öncə isə Tərəfsizlər İttifaqına qoşulmaqla hərbi bloklardan kənarda duracağını bəyan etdi.
Daha çox ikitərəfli əməkdaşlığa üstünlük verən Azərbaycan, bununla da etibarlı tərəfdaş kimi tanındı. Məhz bunun sayəsində ölkəmiz sivilizasiyalararası dialoqlarda ən uğurlu tərəfdaş kimi qəbul olunur.
Bundan başqa, Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələrin qlobal əhəmiyyətini də unutmaq olmaz. Ölkəmiz bu gün Qərbin enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP, Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi layihələr əminliklə demək olar ki, Qərblə Şərqin vəhdətini təşkil etməyə başlayıb.
Eyni zamanda, Azərbaycan bu gün region xalqlarının da taleyində ciddi rol oynayır. Məsələn, illər öncə Rusiya-Gürcüstan münasibətləri kəskinləşdiyi bir dövrdə şimal qonşumuz gürcü xalqını enerji ilə imtahana çəkərkən məhz prezident İlham Əliyevin cəsarətli addımı ilə gürcü xalqı ayağa qalxa bildi. Bu isə Azərbaycanın regiondakı sülh məqsədlərini açıq şəkildə nümayiş etdirir.
Bütün bu proseslərdə təklənən isə yenə də Ermənistan oldu. Azərbaycanın 20 faiz torpağını işğal edən bu ölkə regiondakı bütün beynəlxalq layihələrdən kənarda qaldı və artıq dövlət olaraq mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzədir. Bunun qarşılığında isə Azərbaycan daha da güclənir və qloballaşan dünyada özünə layiq yer tutur.
Bir sözlə, Azərbaycanın yerləşdiyi coğrafi məkan, həyata keçirilən siyasi-iqtisadi siyasət, mədəniyyəti, dinlərə yanaşması, millətlərarası münasibətlərə göstərdiyi müsbət təsir imkan verir deyək ki, ölkəmiz dünyada svilizasiyalararası dialoqun formalaşmasında əsas iştirakçıdır.
Sonda isə onu da qeyd edək ki, Azərbaycan 2015-ci ildə Avropa olimpiadasına ev sahibliyi etməklə bir daha Şərq ölkəsi olaraq Avropa kültürünə də sahib bir müasir dünya ölkəsi olduğunu nümayiş etdirəcək.
Eldəniz Əliyev
"Azərbaycan
Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə
təqdim etmək üçün”
Digər Xəbərlər
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51