Rusiya əndazəni keçir
12:41 01-03-2014
CƏMİYYƏT
Rusiya əndazəni keçir
Dumaya əcaib qanun layihəsi təqdim edilib
Xarici dövlətin ərazisinin bir hissəsinin yeni subyekt qismində Rusiyanın tərkibinə sadələşdirilmiş şəkildə qəbul edilməsi qaydası haqqında qanun layihəsi Dövlət Dumasına təqdim olunub.
RİA Novosti-nin verdiyi məlumata görə, qanun layihəsinin müəllifləri başda Sergey Mironov olmaqla "Ədalətli Rusiya" fraksiyasının deputatlarıdır. Qanun layihəsinə əsasən, həmin ərazinin hakimiyyəti Rusiyaya qoşulmaq niyyətini təsdiq etməli və ya müvafiq müraciət qəbul olunmalıdır. Bundan sonra keçiriləcək referendumun nəticələrinə görə, həmin ərazi Rusiyanın tərkibinə qəbul edilə bilər. Rusiyanın tərkibinə qəbul edilən yeni subyektə respublika, diyar, vilayət, muxtar vilayət və ya muxtar dairə statusu veriləcək.
Göründüyü kimi, bu qanun layihəsi birinci növbədə Krım problemini “russayağı” həll etmək üçün nəzərdə tutulub. Lakin Dövlət Dumasında qəbul edilə biləcək qanunun həm Azərbaycan, həm də Gürcüstan üçün olduqca fəsadlı nəticələri ola bilər.
Sözügedən qanun layihəsini şərh etmək üçün politoloq Hikmət Hacızadəyə müraciət edərkən o, əvvəlcə xeyli güldü və bildirdi ki, “Rusiyada artıq başlarını itiriblər. Söz yox ki, qanun layihəsinin indiki vaxtda ortalığa çıxardılması birbaşa Ukrayna-Rusiya münasibətlərində yaşanan böhranla bağlıdır. Ukrayna barəsində tam şəkildə əliboş qalan Rusiya bu qayda ilə Ukraynaya problem yaratmaq niyyətindədir. Lakin güman etmirəm ki, qəbul edilsə belə, bu qanun layihəsi işlək mexanizmə çevrilə bilər. Çünki belə olarsa, dünya üzrə beynəlxalq hüququn normaları baş-ayaq olacaq. Qərb dövlətləri, hətta Çin də bu halın yaranmasına imkan verməzlər”.
Politoloqun sözlərinə görə, “Müvafiq beynəlxalq konvensiyalara əsasən, dünya dövlətlərinin hazırda tandığımız sərhədləri dəyişilməzdir və hamı tərəfindən qəbul edilir. Rusiya bu tezisə rəğmən öz bildiyi kimi hərəkət etməyə başlasa, birinci növbədə özünə böyük ziyan vuracaq. Çin ondan nümunə götürərək Yaponiyaya və Rusiyaya qarşı olan ərazi iddialarını təzələyə bilər. Yəni dünya bir-birinə qarışacaq. Bütün bunlara görə güman etmirəm ki, qanun qüvvəyə minə bilər. Hər necə olsa da, Rusiyanın Dövlət Dumasında Mironovlarla, Jirinovskilərlə bərabər azdan-çoxdan sağlam siyasi təfəkkürə malik olan siyasətçilər də var. Onlar belə bir anormal qanunun qəbul edilməsinə imkan verməzlər”.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev “Unikal”a açıqlamasında bildirdi ki, “Həmin qanun layihəsi, çox güman ki, qəbul ediləcək və bu o deməkdir ki, Rusiya XIX əsr çarizminin müstəmləkəçilik siyasətinə dönüş edir. XIX əsrdə Rusiya Orta Asiyanı və Cənubi Qafqazı da bu üsullarla işğal etmişdi və adını da qoymuşdu ki, guya bu xalqlar İranın əsarətindən qurtarmaq üçün Rusiyadan imdad diləyirlər. İndi də Rusiya bu metoda əl atır”.
Partiya sədrinin sözlərinə görə, “Bu cür işğal üsulu müasir dünyada geniş ayılıb və Rusiyanın bu niyyəti, əslində, Avropanın və Birləşmiş Ştatların Ukraynaya qarşı yanaşmasına adekvat cavabdır. Pisliyindən və yaxşılığından asılı olmayaraq Viktor Yanukoviç prezident seçkilərində Yuşşenkoya qalib gələrək Ukraynanın qanuni prezidenti olmuşdu. Bunun əvəzində qanundan və insan hüquqlarından dəqiqəbaşı dəm vuran Qərb neylədi? Qərb, faktiki olaraq, Ukraynada başa çatmış dövlət çevrilişində marağı olan tərəf kimi iştirak etdi və adını da qoydu ki, Ukrayna xalqı öz iradəsini ifadə edir. Bu məqamda Rusiya ilə Avropa Birliyinin bir fərqi varmı?”
Partiya sədri hesab edir ki, “Rusiyanın Dövlət Dumasında qəbul edilə biləcək qanun layihəsi böyük təhlükədir və bölgə dövlətləri üçün ciddi problemlər yarada bilər. Buna görə də birinci növbədə MDB-yə daxil olan dövlətlər və Rusiyanın sağlam siyasi qüvvələri bu qanun layihəsinin qəbul edilməsinə qarşı çıxmalıdırlar. Əks təqdirdə keçmiş SSRİ məkanında olduqca xoşagəlməz situasiyaların yaranmasının şahidi olacağıq”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06