Leyla Əliyeva: "Azərbaycan xalqının ruhunu heç vaxt heç kim heç nə ilə qıra bilməz"
13:08 01-03-2014
CƏMİYYƏT
Leyla Əliyeva: "Azərbaycan xalqının ruhunu heç vaxt heç kim heç nə ilə qıra bilməz"
Moskvada “AZIMUT Moscow Olympic Hotel” mehmanxanasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Mehmanxananın foyesində Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Uşaqlar və müharibə” mövzusunda rəsm sərgisində uşaq evləri yetirmələrinin əl işləri nümayiş etdirilmişdir. Balaca rəssamların əsərlərində müharibəyə, şərə və ədalətsizliyə etiraz öz əksini tapmışdır. Monitorda Azərbaycanın Qarabağ regionunun müharibə zamanı yandırılmış şəhər və kəndlərini əks etdirən kadrlar göstərilmişdir.
Salona toplaşanlar soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva tədbirdə çıxış edərək demişdir:
- Bu gün biz “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün toplaşmışıq. Bu kampaniya 5 il əvvəl Moskvada start götürmüşdür. Kampaniyanın başlıca məqsədi 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində törədilmiş faciə haqqında həqiqi informasiyanı dünya ictimaiyyətinə çatdırmaqdır. Artıq 5 ildir ki, bu fevral günlərində dünyanın 70-dən çox ölkəsində müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri Xocalı faciəsinin qurbanları barədə haqq səslərini ucaldırlar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərini ələ keçirdilər və nəticədə 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, min nəfərdən çox insan şikəst oldu. Bu faciə Azərbaycan tarixində ən dəhşətli, qanlı və müdhiş səhifələrdən biridir. Əlbəttə, bu gün biz nə etsək də o günahsız adamları həyata qaytara, öz yaxınlarını itirmiş insanların dərdini yüngülləşdirə, hər bir azərbaycanlının ürəyindəki yaranı sağalda bilməyəcəyik. Lakin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu müddət ərzində böyük iş görülmüş və nəticələr əldə edilmişdir. Mən son 5 ildə bu kampaniyanın başlıca layihələrindən və nailiyyətlərindən sizə danışmaq istərdim. Ötən 5 ildə dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunur. Kampaniyanın saytı 5 dildədir. Bu gün “Xocalıya ədalət!” kampaniyasının çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tribunalarından, dünyanın hər yerində universitetlərdə, gənclər klublarında, habelə məscidlərdə, kilsələrdə və sinaqoqlarda səslənir. Bu çağırış cavabsız qalmamışdır. Kampaniya nəticəsində 6 ölkənin və ABŞ-ın 14 ştatının parlamentləri Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır. Bir neçə gün bundan əvvəl İƏT-in üzvü olan 53 ölkənin parlamentləri xüsusi qətnamə ilə təsdiq etmişlər ki, Xocalıda soyqırımı törədilmişdir. Bundan əvvəl İƏT-in üzvü olan 57 dövlətin başçıları tərəfindən analoji sənədlər qəbul olunmuşdur. Ankara, Sarayevo, Haaqa, Mexiko şəhərlərində Xocalı abidələri ucaldılmışdır. Keçən il iyulun 9-da – Srebrenitsa qurbanlarının milli matəm günündə Sarayevonun mərkəzində bütün gün ərzində işıqlandırılmış monitorda Xocalıya ədalət çağırışı səslənmişdir. Xocalı haqqında müntəzəm olaraq kitablar çap edilir, bukletlər, məlumatlar nəşr olunur, filmlər çəkilir. Bu filmlərdən birinin qəhrəmanı, helikopter pilotu Leonid Kravets bu gün bizimlədir. Mən 1992-ci ildə günahsız insanları xilas edərkən göstərdiyi cəsarətə, bu faciə haqqında bütün həqiqəti danışmaqla nümayiş etdirdiyi igidliyə görə ona “çox sağ olun” deyirəm.
Bu gün kampaniyamızın fəaliyyətinin yeni mərhələsi başlanır. Biz əldə etdiklərimizlə kifayətlənmək niyyətində deyilik, irəlidə hələ çox layihələrimiz və tədbirlərimiz vardır. İnanıram ki, dünyada Xocalı hadisələrini soyqırımı kimi tanıyan ölkələrin sayı ildən-ilə artacaqdır. Tezliklə isə dünya birliyi bu faciəyə ədalətli hüquqi və mənəvi qiymət verəcəkdir.
XXI əsrdə kütləvi qətllərə, qanlı qırğına və soyqırımına yer olmamalıdır. Bu gün Azərbaycan müxtəlif sahələrdə uğurları ilə bütün dünyanı heyran qoyan, iqtisadiyyat, idman, mədəniyyət, elm sahələrində dinamik inkişaf edən, abadlaşan güclü, müasir və müstəqil dövlətdir. Azərbaycan regional liderdir. Zaman göstərmişdir ki, Azərbaycan xalqının ruhu qırılmamışdır. Çünki Azərbaycan xalqının ruhunu heç vaxt heç kim heç nə ilə qıra bilməz. İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, bütün qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına, doğma torpaqlarına qayıdacaqlar”.
Digər Xəbərlər
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33