Dostoyevski Göbbelsi “rəşadətə necə ilhamlandırırmış”?
13:20 01-03-2014
CƏMİYYƏT
Dostoyevski Göbbelsi “rəşadətə necə ilhamlandırırmış”?
Nasist canisi də dünya ədəbiyyatının ən nəhənglərindən birini oxuyurdu
(əvvəli ötən şənbə və çərşənbəgünki “Qələmdan”da)
Dostoyevski əsərlərinin qiraəti əsnasında ruhən təmizləndiyini vaxtaşırı vurğulayan Göbbels həm də bu zaman duyduğu ekstaz durumlarından, beynində baş verən "çevrilişlərdən", rus yazıçısına gerçək dini rəhbər kimi yanaşan oxucunun beynində "minlərlə yeni üfüq açıldığından" da bəhs edir.
Belə aktlar zamanı bu gənc üsyançı yaşadığı nifrət dolu reallığa tam zidd olan "yeni dünya"ya köklənir və bu zaman sevimli yazarının qələmindən (eynilə Tanrının öz əlləriylə yaratdığı insanlar kimi) şairanə üslubda çıxan personajları əsas götürür. Şairi sözün romantik mənasında demiurqa, Yaradana bənzədən və onu, Nitsşenin arzuladığı kimi, ilahi qəhrəman və xilaskar səviyyəsinə qaldıran Göbbels Dostoyevskiyə mədhiyyə xarakterli aşağıdakı misraları həsr eləmişdi:
“Ey peyğəmbər və Tanrı!
Ey sonsuz üfüqlərin carçısı,
gələcək dünyamızı, o lal, donuq dünyanı
sən əlində tutmusan
Sənin dilinlə danışır ölümsüz ruhun ruhu
və insana xas heç nə
sənə əsla yad deyil.
Buna rəğmən, sən zaman və məkanın fövqündəsən.
Xalqa görünməmiş iman gücünü də,
şəkli də, tanrını da, dünyanı da sən bəxş etmisən.
Sonra sən təkrar göylərə millənmisən,
yəni Ruhunun gəldiyi o yerə”.
Göbbelsin gündəliyindəki pafoslu və nəsr janrındakı qeydlər də sübut edir ki, onu valeh edən təkcə Dostoyevskinin ədəbi istedadı deyildir.
Bir iddiaya görə, guya yazar inanırmış ki, "XIX yüzildə qəhrəman və peyğəmbər olmaq üçün yazmaqdan başqa bir yol qalmır". Göbbelsə görə, həmin dönəmdə rus belletristi hər şeydən əvvəl öz millətinə onun müqəddəratını (missiyasını), izaholunmaz və yüksək qutsallıqla yoğrulmuş yeni həyatın yolunu göstərən düha idi.
Dostoyevskinin millətçiliklə bağlı, dini təməllərə əsaslanan öyüdünün meydana çıxmasının səbəbini də Göbbels bədiilikdən daha çox, onun mistik öncəgörməsi ilə izah eləyirdi: "O, yazır ki, onun beynini və ruhunu Demon, İblis yaxıb-yandırıb… Yazmasınının səbəbi kimi isə o, Rusiyaya bəslədiyi sevgini və düşmənlərə duyduğu nifrəti göstərir, həm ilhamı, həm də içindəki (İlahidən qaynaqlanan) od onun ruhunu rahat buraxmır".
Gündəliyinin digər səhifələrində Dostoyevskiyə yönələn çağırışın İlahidən gəldiyini iddia edən Göbbelsin bu çağırışı bəzən şeytaniliklə də bağlaması xristianlığın həqiqi dəyərləriylə zahirən əsla uzlaşmır. Dostoyevskinin doğma vətəninə bəslədiyi atəşin sevginin və yadlara duyduğu amansız nifrətin ikili xarakterini izah etməyə çalışan gələcək nasist rəhbər öz içindəki, şeytani şiddətlə alovlanan millətçilik hisslərini bəzən yazara da aid edir.
Bütün hallarda bu abzasın onun gündəliyindəki qeydləri arasında peyda olması Dostoyevskinin ortaya atdığı xristian sosializminin təkcə Rusiya üçün deyil, elə Almaniya üçün də qurtuluş yolu olduğunu dərk elədiyi vaxta təsadüf eləyir. O, rus utopiyasını alman milli sosializmi ideyası ilə birləşdirməyə çalışırdı və bu nəzəriyyədə artıq xristian tanrısına hər hansı yer, ehtiyac qalmırdı.
Gənc Göbbelsin bu təsəvvürlərinin əsasən "ədəbi xarakter" daşıması ondan qaynaqlanırdı ki, o, təkcə bütövlükdə rus xalqına, onun tərifini göylərə qaldıran Dostoyevskiyə və Tolstoya deyil, həm onların real həmvətənlərinə, həm də bu yazarların yaratdığı, uydurduğu personajlara da rəğbət bəsləyirdi. Məsələn, parlaq, lakin adamın canını çəkən bir epos saydığı "Hərb və sülh"ün bütün müsbət və mənfi qəhrəmanlarını o, eyni dərəcədə sevirdi, çünki onların hamısı tipik ruslardır, misilsiz, impulsuv (çılğın), səbirli, atəşin və səmimi insanlardır!"
1923-cü ilin payızında "İdiot" romanını oxuyub bitirəndən sonra o, bu əsərin müəllifi barədə fikirlərini belə qələmə almışdı: "Belə bir peyğəmbər yetişdirən xalq necə də böyükdür və necə parlaq gələcəyə sahibdir!"
Sonrakı ilin əvvəlində həmin kitabı bir daha oxuyan Göbbels bu mövzu ilə bağlı yazmışdı: "Onu yetişdirən xalq necə də bəxtəvərdir! Yeni dinin, yeni ehtirasın, yeni fanatizmin, bir sözlə, yeni dünyanın qurucusu bu xalq da olmayıb, başqa kim olacaq?!"
Bir il sonra "Alçaldılmışlar və təhqir olunmuşlar" əsərini oxuyan bu sütül nasist aşağıdakı heyrət dolu nida cümləsinə imza atmışdı: "Bizlər bu misilsiz xalqdan, görün, hələ nə qədər geridəyik. Ex oriente lux!"
Çevirdi: Azad Yaşar
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49