Bolqarıstanın “Levski” komandasının üç futbolçusu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Sabah”a qarşı keçiriləcək cavab oyununu zədə səbəbindən buraxa bilər.
"Unikal" xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin baş məşqçisi Xulio Velaskes mətbuat konfransında məlumat verib.
O, komandanın hücumçusu Mustafa Sanqarenin durumunun yaxşı olmadığını bildirib.
İspaniyalı mütəxəssis ilk matçda oynamayan Georgi Kostadinovun vəziyyətini yaxından izlədiklərini söyləyib. Bolqarıstan millisinin yarımmüdafiəçisi barədə son qərar oyuna az qalmış veriləcək.
Baş məşqçinin sözlərinə görə, ilk görüşün ikinci yarısında meydana daxil olan forvard Karl Fabienin cavab oyununa start heyətində başlamaq ehtimalı var.
Qeyd edək ki, Bolqarıstanda keçirilmiş ilk matçda “Levski” 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 14-də Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək.