Azərbaycan Qəbələ RLS-in ləğv olunması qərarı verdi
14:21 08-04-2014
CƏMİYYƏT
Azərbaycan Qəbələ RLS-in ləğv olunması qərarı verdi
Qabil Hüseynli :“Azərbaycanın Müdafiə Nazirliyinin də bundan hərbi obyekt kimi istifadə etmək imkanlarına malik deyil. Yəni, bu dəqiqə onun hərbi təyinatı demək olar ki, yox səviyyəsindədir”
Fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılmış və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınmış Qəbələ radiolokasiya stansiyası ("Daryal "RLS) Azərbaycan Silahlı Qüvvələrinin balansından çıxarılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə əlaqədar Rusiyanın stansiyanın istismarının dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim etdiyi 10 dekabr 2012-ci il tarixindən stansiyanın fəaliyyəti tam dayandırılıb.
RLS-nın əmlakı və ərazisi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub. "Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli sərəncamı ilə RLS-in bağlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə Komissiyanın tərkibi müəyyən edilib və aidiyyəti dövlət orqanları bu Komissiyanın işindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələləri həll edib. Qəbələ RLS-in təhvil-təslimi üçün yaradılmış dövlət komissiyası qarşıya qoyulan bütün məsələləri tam başa çatdırıb. Keçmiş Qəbələ RLS-nın əmlakının və ərazisinin gələcəkdə istifadəsi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub", - deyə məlumatda qeyd olunub. APA-nın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Qəbələ RLS Müdafiə Nazirliyinin balansından çıxarıldıqdan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilib. Hazırda stansiyanın ərazisinin və qalan əmlakının mühafizəsi mühafizə polisi tərəfindən həyata keçirilir. Stansiyanın ərazisində minatəmizləmə əməliyyatları, radioloji və ekoloji monitorinqlər tamamlandıqdan sonra ərazinin gələcək taleyi barədə qərar qəbul ediləcək.
Qeyd edək ki, Qəbələ RLS Azərbaycan müstəqilliyini elan etdikdən sonra Rusiyanın istifadəsində olub. "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş" 2002-ci ildə imzalanıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, 2012-ci ilin dekabrında dayandırılmış və 2013-cu ilin ortalarında Rusiyadan təhvil alınmış Qəbələ RLS-in ləğv olunması sürpriz bir şey deyil. Onun sözlərinə görə, mütəxəssislər Qəbələ RLS-də işlədilər və yəqin ki, belə bir qərarın verilməsi məqsədəuyğun sayılıb: "Əvvəla onu deyim ki, rusiyalı mütəxəssislər ordakı müşahidə və izləmə avadanlıqlarını söküb apardılar və orada quru, boş bir bina qalıb. Azərbaycanın Müdafiə Nazirliyinin də bundan hərbi obyekt kimi istifadə etmək imkanlarına malik deyil. Yəni, bu dəqiqə onun hərbi təyinatı demək olar ki, yox səviyyəsindədir. Belə olan tərzdə onun yalnız əmlak hissəsi qalır. Bu nöqteyi nəzərdən, onun Əmlak Məslələri uzrə Dövlət Komitəsinin balansına verilməsi təbiidir. Bundan sonra Əmlak Komitəsi Qəbələ RLS-in binasını sata bilər. Eyni zamandə, onu xarici investorlara da sata bilərlər, yaxud turizm məqsədiylə də hər hansı bir sahibkara icarəyə verilməsi, yaxud satılması mümkündür".
Müsahibimiz onu da vurğulayıb ki, hazırda Azərbaycanın RLS sistemlərinə ehtiyacı yoxdur. Nüvə dövləti olmadığımızı xatırladan politoloq deyib ki, başqa dövlətin də Qəbələ RLS-i icarəyə götürməyə maraqlı olmadığına görə stansiyanın ləğv edilməsi zərurəti yaranıb.
O fikirlər də səslənir ki, Azərbaycan bu obyekti Rusiyadan başqa ölkəyə icarəyə vermək marağında olsa da, Kremlin təzyiqlərinə məruz qalmamaq üçün bu fikirindən daşınıb. Q.Hüseynli isə bu versiyanı irəli sürənlərin yanlış mövqedə olduqlarını bildirib: "Bilirsiniz,hazırda Qəbələ RLS nəslində olan sistemlər hərbi sahədə istifadə edilmir. İndi daha çox mobil RLS sistemləri, havada uçan RLS sistemləri döyüş təyinatına görə, daha səmərəli hesab edilir. Rusiya da ona görə Qəbələ RLS-də qalmaq istəmədi ki, daha modern və mobil RLS sistemləri yaratmağa başlamışdı. Yəni, Rusiyaya əl versəydi, Azərbaycan mətbuatında yazılan qiymətlərdən ən azı iki-üç dəfə ucuz qiymətə icarəyə verərdi. Yəni, Rusiyanın özü də Qəbələ RLS-ni istəmədi. Üstəlik də ki, RLS-in ekologiyaya, ətraf mühitə vurduğu zərəri nəzərə alsaq, RLS sisteminin olmasındansa, təyinatının dəyişdirlməsi daha məqsədə uyğundur".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49