Jurnalistikaya sığınmış daha bir agent ifşa olundu
11:37 22-04-2014
İQTİSADİYYAT
Jurnalistikaya sığınmış
daha bir agent ifşa olundu
Rauf Mirqədirovun erməni kəşfiyyatı ilə əlaqələri təsdiqlənir
Valeri Markaryan: "Rauf Mirqədirov Şahnazaryan və Babacanyanla yaxın dost idi"
Məlum olduğu kimi, Türkiyədə yaşayan azərbaycanlı jurnalist, siyasi icmalçı, "Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçiliyini həyata keçirən Rauf Mirqədirov həbs olunub və ona qarşı olduqca sərt ittiham - vətənə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. Baş verənlərin alt qatında yatan acı həqiqətlər haqda artıq ölkə ictimaiyyəti müəyyən qədər məlumatlıdır.
İlkin məlumatlara görə, Rauf Mirqədirovun həbsində Ermənistana etdiyi səfərlər və düşmən ölkədə keçirdiyi şübhəli görüşlər əsas rol oynayıb. Bu haqda daha ətraflı bir qədər sonra, indilikdə isə Mirqədirovun həbs olunmasından sonra "demokratiya cəfakeşləri"nin qaldırdığı "tozanaq"da həqiqətləri görməyə çalışaq. Beləliklə....
Mirqədirovun
"bulanıq suda balıq
tutmaq" sevdası...
Hər şeydən öncə bir məqamı vurğulayaq ki, Rauf Mirqədirov 2010-cu ildə ölkəni tərk edib və həmişəlik yaşamaq üçün Türkiyəni seçib. Azərbaycanda guya demokratiyanın və söz azadlığının məhdudlaşdırıldığını iddia edən jurnalist həmin vaxt Azərbaycanı tərk etməsini də bununla izah etməyə çalışıb. Amma görünən odur ki, bu onun bəhanəsindən başqa heç nə olmayıb. Çünki, Rauf Mirqədirov Azərbaycandan köçəndən sonra da Azərbaycan mətbuatı ilə əlaqələrini üzməyib və davamlı olaraq rusdilli "Zerkalo" qəzetində analitik yazılarla çıxış edib. Bir qayda olaraq Azərbaycan hakimiyyətinin yürütdüyü siyasəti tənqid edən Mirqədirova isə bütün bunlara görə bir dəfə də olsun "gözün üstə qaşın var" deyən olmayıb.
Yaxşı, gəlin bir anlıq düşünək ki, hər şey doğurdan da Rauf Mirqədirovun iddia etdiyi kimidir, yəni bu ölkədə fərqli fikirə yer yoxdur və bu adam da Azərbaycanı məhz buna görə tərk edib. Belə olan halda necə ola bilər ki, Rauf Mirqədirov hətta ölkədə yaşamaya-yaşamaya Azərbaycan hakimiyyətini tənqid edən yazılar yazır və həmin yazılar da Azərbaycan mətbuatında dərc olunur? Görürsünüzmü, onun dedikləri hətta kiçicik tənqidə belə dözməyən uğursuz şərləmədən başqa heç nə deyil. Əksinə, baş verənlər Azərbaycan mətbuatının və hakimiyyətinin fərqli fikrə dözümlülüyünün təsdiqi baxımdan diqqət çəkir. Odur ki, Rauf Mirqədirovun və onun tərəfdarlarının nə deməsindən asılı olmayaraq, məsələni siyasiləşdirməyə və bununla da "bulanıq suda balıq tutmağa" ehtiyac yoxdur. İndi isə onun həbsinin təfərrüatlarına göz ataq....
Türkiyədən də qaçmaq
istəyib, amma...
Türkiyədə yaşayan jurnalist Şeyda Nəsiblinin dediyinə görə, bir müddət əvvəl tanınmış jurnalistin Türkiyədə mətbuat təmsilçiliyi ləğv edilib. İki gün öncə, gecə saatlarında isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra avtobus saxladılıb, jurnalistə və ailə üzvlərinə Türkiyədən çıxışın qadağan olduğu bildirilib. Elə bundan sonra Rauf Mirqədirov avtobusdan endirilib. Daha sonra isə jurnalistin deportasiya proseduru üçün Əmniyyət İdarəsinin xarici vətəndaşlar şöbəsinə aparıldığı bildirilir.
Sonrası isə artıq hər kəsə bəllidir: Mirqədirov təyyarə ilə Bakıya göndərilir və hava limanındaca həbs olunur. Jurnalistin həbs olunduqdan sonra hara aparıldığı isə yalnız bir gündən sonra bilinib. Bu və digər məqamlar haqda ölkə mətbuatına vəkil Fuad Ağayev məlumat verib: "İdarənin müstəntiqi İbrahim Ləmbəranski mənə zəng edərək
Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işinin açıldığını və təqsirləndirilən şəxsin hüquqlarının mənim tərəfimdən müdafiə olunmasını istədiyini bildirdi".
F. Ağayev həmçinin jurnalistin saxlanıldığı yerin də artıq müəyyən edildiyini deyib: "Rauf Mirqədirov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır".
Erməni xüsusi
xidmət orqanlarıyla
əməkdaşlıq....
Həbs prosedurundan sonra verilən açıqlamalarda isə Rauf Mirqədirovun xarici xidmət orqanlarıyla əməkdaşlıq etməsi haqda məlumatlar dolaşmağa başladı. Təbii ki, hələ istintaq getdiyindən prosesləri qabaqlayaraq, onun hansı dövlətin xüsusi-xidmət orqanlarıyla əməkdaşlıq etdiyini iddia etmək niyyətindən uzağıq. Amma fakt bundan ibarətdir ki, Rauf Mirqədirov dəfələrlə açıq və gizli şəkildə Ermənistana səfərlər edib və burada müəyyən şübhəli görüşlərdə iştirakçı olub. Bu səfərləri isə heç Mirqədirovun özü də danmır. Dünən isə Ermənistandan da Mirqədirovun həbsinə reaksiyalar gəldi və açıqlanan məlumatlarda onun düşmən ölkənin müəyyən dairələri ilə dostluq münasibətlərində olması təsdiqləndi.
Belə ki, Facebook fəalı olan erməni Valeri Markaryan Rauf Mirqədirovun həbsiylə bağlı bunları yazıb: "Mirqədirovun problemi ondadır ki, o, erməni müxalifətçiləri Şahnazaryan və Arman Babacanyanla (1in.am saytı) ilə sıx münasibətlərdə idi. Şahnazaryan bir vaxtlar bizim (Ermənistanın-red.) xüsusi xidmət orqanlarının rəhbəri olub. Əlbəttə, Mirqədirov həmin adamlarla dostluq edirdi. Mirqədirova doğrudan da dəfələrlə xəbərdarlıq etmişdilər, demişdilər ki, Şahnazaryan dostluq ediləsi adam deyil. Amma Mirqədirov qulaq asmadı".
Leyla Yunus yenə ənənəvi ampulasında....
"Rauf Mirqədirov 2001-ci ildən etibarən hər il mənim rəhbərlik etdiyim Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edir". Bu açıqlamanı isə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus "Ayna-Zerkalo" qəzetinin siyasi icmalçısı Rauf Mirqədirovun həbsinə münasibət bildirərkən deyib. L.Yunus hüquq-mühafizə orqanlarını jurnalisti həbsdən azad etməyə çağırıb.
"Rauf Mirqədirovu niyə tutublar anlamıram. Gəlib məni həbs etsinlər". İnstitut rəhbəri bu vaxta qədər Ermənistanda keçirilən tədbirlərin NATO-nun Qafqaz ofisinin sponsorluğu ilə gerçəkləşdiyini bildirib.
"Biz həmin tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan edirik. Həmişə Gürcüstan və Azərbaycan nümayəndə heyəti birgə bəyanatla çıxış edir. İndi buna görə Rauf Mirqədirova dövlətə xəyanət maddəsi ilə cinayət işi açmaq çox gülməlidir. Mən ermənilərlə hər gün ünsiyyətdə oluram. Mən və ya Rauf Mirqədirov onlara hansı məlumatlar verə bilər?! Bizdə hansı dövlət sirri var ki?!",-deyə L.Yunus qeyd edib.
Xatırladaq ki, ermənipərəst mövqeyi ilə tanınan Leyla Yunus jurnalistin həbs edilməsini pisləyən bəyanat da yayıb. Bəyanatda R. Mirqədirovun cinayət tərkibi ola biləcək hər hansı addım atmadığı bildirilib.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17