Ziya Məmmədovun "Ağdaş ifşası"
18:35 03-05-2014
İQTİSADİYYAT
Ziya Məmmədovun "Ağdaş ifşası"
Prezidentin göstərişlərini qulaqardına vuran nəqliyyat naziri özünü pis vəziyyətdə qoydu
Prezident İlham Əliyev: "Yaxşı ki, mən gəldim və bu sxemi gördüm..."
Məlum olduğu kimi, Azərbaycan dövləti ekoloji layihələrə xüsusi önəm verir və bu istiqamətdə dəyəri milyardlarla ölçülən iri həcmli layihələrə start verib.
Ərazilərimizin səhralaşmasının qarşısını almaq məqsədilə hər il ölkə ərazisində minlərlə yeni tinglər əkilir, park və xiyabanların salınması prioritet istiqamət elan olunub, tullantılar mənbəyinə çevrilmiş göllərin işlənməsi və yenidən qurulması yönündə də inanılmaz addımlar atılır. Elə bu yaxınlarda ölkə prezidenti, cənab İlham Əliyev bir daha həyata keçirilən ekoloji layihələrin vacibliyindən söz açaraq həmin tədbirlərin bundan sonar da davam etdiriləcəyini xüsusi vurğulamışdı.
Etiraf olunmalıdır ki, hökumətin bu yöndə atdığı addımlar olduqca mütərəqqi mahiyyət daşıyır və bütün dünyanın ekoloji fəlakət anonsu verdiyi indiki dövrdə olduqca önəmlidir. Bununla belə təəssüf hissiylə bir məqamı da vurğulamamaq olmur ki, şəxsən prezident İlham Əliyevin təşəbbüsüylə reallaşan böyük ekoloji layihələr irili-xırdalı bəzi məmurların səhlənkarlığı və şəxsi maraqlarını təmin etmək istəməsi səbəbindən maneələrə rast gəlir. Bir də görürsən ki, haradasa böyük bir yaşıllıq massivi gecəykən qırılır və sonradan həmin ərazidə ticarət obyektləri peyda olmağa başlayır. Bu isə hər şeydən öncə prezident tərəfindən yürüdülən və cəmiyyətdə böyük məmnunluqla qarşılanan siyasətə qarşı çıxmaq deməkdir. Bu məmur özbaşınalığı və məmur cinayətidir.
Mövcud yaşıllıqların qorunması yönündə dövlət səviyyəli tədbirlərin gücləndirildiyi bir vaxtda isə nəqliyyat naziri Ziya Məmmədovun "yaşıl terrora" dəstəkçi qismində çıxış etməsi yalnız təəssüf doğurur. Hər halda prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri çərçivəsində aşkarlanan fakt belə düşünməyə əsas verir. Məlumat üçün bildirək ki, dövlət başçısı Ağdaş rayon Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib və burada dövlət başçısına Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib.
Nəqliyyat naziri Ziya Məmmədov prezidentə məlumat verərək bildirib ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq. Ziya Məmmədovun təqdimatına dərhal reaksiya verən prezident İlham Əliyev isə ona təqdim olunan layihəyə öz etirazını bildirərək aşağıdakıları söyləyib: "Yol dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm".
Məsələnin maraqlı tərəflərindən biri isə budur ki, məgər nəqliyyat naziri Ziya Məmmədov ağacların kəsilməsinin yolverilməz olduğunu və bu kimi hallara qarşı dövlət səviyyəsində mübarizə aparıldığını bilmirmi? Axı, hər şeyə prezident şəxsən özü nəzarət edəcəkdisə bəs Ziya Məmmədov nazir postunda niyə oturub? Digər tərəfdən, prezidentin özünün də ifadə etdiyi kimi, tutaq ki, İlham Əliyev həmin gün Ağdaşa səfər etməzdi, heç həmin sxemi də görməzdi, bu zaman nə baş verəcəkdi? Sualın cavabı o qədər də çətin deyil: Ziya Məmmədov heç nəyə məhəl qoymadan yaşıllıqların doğranmasına sərəncam verəcək və bununla da iş bitəcəkdi. Bu isə yuxarıda da qeyd etdiyimiz kimi, birbaşa olaraq dövlət siyasətinin əleyhinə çıxmaq deməkdir. Hər halda prezidentin müdaxiləsindən sonra Ziya Məmmədovun Ağdaşda planlaşdırdığı "yaşıl terror" baş tutmadı. Amma onun indiyə qədər digər yerlərdə bunu edib-etmədiyi də kifayət qədər şübhəlidir.
Düşünürük ki, nəqliyyat nazirinin "Ağdaş ifşası" həm onun özünə, həm də digər məmurlara ciddi xəbərdarlıq sayılmalıdır. Əks halda prosesin nəylə yekunlaşacağını təxmin etmək o qədər də çətin deyil.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53