Prezident İlham Əliyev: "Təhsil, müasir texnologiyalar, kosmik sənaye və digər sahələrə qoyulan sərmayə Azərbaycanı gələcəyə aparır"
11:11 04-06-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev: "Təhsil, müasir texnologiyalar, kosmik sənaye və digər sahələrə qoyulan sərmayə Azərbaycanı gələcəyə aparır"
Xəzər neft-qaz sərgisi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışınbda çıxış edərkən bildirib.
Dövlət başçısı deyib: "Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci, ən önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir, sərgiyə maraq azalmır, artır və bu gün 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edirlər, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır. İldən-ilə sərgidə iştirak edən şirkətlərin sayı artmaqdadır və bu, çox gözəl hadisədir, çox önəmli əlamətdir, çünki Azərbaycanın neft-qaz sektoru öz imkanlarını genişləndirir və ildən-ilə öz fəaliyyətimizi biz genişləndiririk".
Dövlət başçısı bildirib ki, qarşıda duran vəzifələr icra edilir, yeni vəzifələr ortaya çıxır: "Biz çalışacağıq ki, eyni qətiyyətlə, eyni səmərə ilə bütün vəzifələri icra edək. Əlbəttə ki, sərginin önəmini artıran amil ondan ibarətdir ki, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Prezidenti və Baş naziri sərgiyə öz təbriklərini göndərirlər. Bu, sərginin önəmini böyük dərəcədə artırır, çünki dünyanın iki aparıcı dövlətinin dövlət və hökumət başçıları öz diqqətlərini sərgiyə əsirgəmirlər və hesab edirəm ki, dünya miqyasında bizim sərgimiz öz unikal rolunu saxlamaqdadır".
Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan son illər ərzində əldə edilmiş uğurları tərəfdaşları ilə birgə qazanıb, çünki 1994-cü ildə Azərbaycan haqqında dünyada təsəvvür o qədər də geniş deyildi: "Azərbaycan gənc müstəqil dövlət idi və müstəqilliyimizin ilk illəri ölkəmiz üçün, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, daxili qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, iqtisadi tənəzzül, bütün bunlar bizim hamımızın yadındadır. Və 1993-cü il əslində müstəqil və gənc Azərbaycan dövlətinin inkişafında bir dönüş ili kimi yadda qalacaqdır. Çünki o ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yoluna qədər qoymuşdur, ulu öndər Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə etmişdir, o cümlədən Azərbaycanın neft strategiyası məhz o illərdə müəyyən edilmişdir və bu günə qədər uğurla icra edilir".
Prezident İlham Əliyev deyib ki, 1994-cü ildə sərginin 1-ci tədbiri, əlbəttə ki, dünyanın neft-qaz şirkətlərinin Azərbaycanın iqtisadiyyatına diqqətini artırıb və bu diqqət bu günə qədər qüvvədədir. Son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə, əlbəttə ki, diqqət mərkəzindədir.
Dövlət başçısı xatırladıb ki, 1994-cü ildə ilk sərgi keçirilib və ondan bir neçə ay sonra Azərbaycanın bugünkü uğurlu inkişafını böyük dərəcədə müəyyən edən "Əsrin müqaviləsi" imzalanıb.
İlham Əliyev qeyd edib ki, bu, tarixi hadisə idi, çünki bu gün təsəvvür etmək çətindir ki, əgər "Əsrin müqaviləsi" imzalanmasaydı, Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi və bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı idi: "Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə, bütün investorlara öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etmişlər".
Azərbaycan Prezidenti BP şirkətinin fəaliyyətini xüsusilə qeyd edib və bildirib ki, BP Azərbaycanın ən böyük investoru və tərəfdaşıdır: "20 ildir ki, bu tərəfdaşlıq uğurla davam edir və bu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, ən azı 20 il, bəlkə ondan da çox bundan sonra da BP-SOCAR əməkdaşlığı, partnyorluğu Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcək. Mən çox şadam ki, bizim BP kimi tərəfdaşımız var və biz birlikdə bütün layihələrdə çiyin-çiyinə iştirak edirik və bütün əsas iqtisadi və texniki riskləri də öz üzərimizə götürürük".
Dövlət başçısı deyib ki, 1994-cü ildə Azərbaycan yeni siyasətə qədəm qoydu və o ildən başlayaraq bu günə qədər ölkə neft-qaz sektorunda böyük uğurlara imza atıb: "Deyə bilərəm ki, dünya tarixində bəlkə də ən qısa müddət ərzində kontrakt imzalanandan sonra ilk neftin çıxarılmasına qədər cəmi 3 il vaxt keçmişdir. Bu da dünya miqyasında rekord göstəricidir. 1997-ci ildə "Çıraq" platformasından ilk neft çıxarılmışdır və mən o günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu, nəyə gətirib çıxaracaq. Ancaq bugünkü reallıq, bugünkü Azərbaycanın uğurlu inkişafı məhz o ildən, o gündən başlamışdır. Ondan sonra ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başlamışdır".
Prezident İlham Əliyev qeyd edib ki, Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dəniz ilə neft kəməri vasitəsilə birləşdi: "Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilmişdir. Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Və dəhliz yaradıldı. Beləliklə, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır və Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət göstərir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır və bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini göstərir və Azərbaycan üzərindən keçən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan etibarlı tranzit ölkəsidir: "Hesab edirəm ki, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşıq, bizim sözümüz imzamız qədər dəyərlidir və biz verdiyimiz sözə həmişə sadiq qalmışıq. Beləliklə, Azərbaycan neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış gözəl investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan gözəl beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etmişdir".
Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün imkanlarımız nəinki ölkə daxilində məsələlərin həlli üçün, eyni zamanda, regionda və geniş mənada bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır: "Azərbaycan getdikcə öz imkanlarını, əlbəttə ki, genişləndirəcəkdir. Hesab edirəm ki, bizim neft siyasətimizin önəmli əlaməti ondan ibarətdir ki, biz həmişə çalışırıq ki, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir-biri ilə bağlayaq ki, burada heç bir ziddiyyət olmasın, burada hər tərəf ancaq fayda götürsün və hesab edirəm ki, buna biz nail ola bilmişik. Digər əlamət ondan ibarətdir ki, biz öz neft və qaz imkanlarımızdan hansısa başqa məqsədlər üçün heç vaxt istifadə etməmişik və sadəcə olaraq öz resurslarımızı dünya bazarlarına və regional bazarlara çıxarmaqla əməkdaşlığı dərinləşdirmişik və bu gün gözəl bir əməkdaşlıq mühiti var və getdikcə bu əməkdaşlıq mühitinin coğrafiyası da genişlənir. Çünki növbəti illərdə biz yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dünyada neft ölkəsi kimi tanınır: "Bildiyiniz kimi, dünyada ilk neft Azərbaycanda hasil edilmişdir və dəniz yataqlarından da ilk neft məhz Azərbaycanda "Neft Daşları"nda çıxarılmışdır. Bu gün Azərbaycanın neft ölkəsi kimi şöhrəti tam şəkildə bərpa edilib və əvvəlki illərdən daha da çox özünü biruzə verir".
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24