DÇ-2014: A və B qruplarında kimlər şanslıdır?
12:07 06-06-2014
İDMAN
DÇ-2014: A və B qruplarında kimlər şanslıdır?
Bu sayımızdan etibarən iyunun 12-dən iyulun 13-nə kimi Braziliyada keçiriləcək futbol üzrə XX dünya çempionatında komandaların şanslarını dəyərləndirməyə başlayırıq.
Xatırladaq ki, planetin ən mötəbər futbol turnirində 32 komanda hərəsində dörd iştirakçı olmaqla 8 qrupda yarışacaq və qruplarda ilk iki yeri tutanlar sonra mübarizəni 1/8 finalda "uduzan çıxır" prinsipiylə davam etdirəcəklər.
Beləliklə, bu gün A və B qruplarındakı yığmaların şansları haqqında futbol icmalçısı Rasim Mövsümzadənin dəyərləndirmələrini təqdim edirik.
A qrupu haqqında
- Braziliya, Xorvatiya, Meksika və Kamerunun mübarizə aparacağı A qrupunun aşkar favoriti meydan sahibləridir. Braziliya millisi DÇ-1978-dən sonra bütün mundiallarda istisnasız qrup qalibi olur. Braziliyalıların qrup mərhələsində son məğlubiyyəti isə DÇ-1998-də qeydə alınıb. Amma o da qrup mərhələsinin son turunda, nəticəsi əhəmiyyət kəsb etməyən oyunda baş verib. Həmçinin o vaxt Mərakeşin pley-offa yüksəlməməsi üçün Braziliyanın Norveçə bilərəkdən uduzduğu söhbəti vardı...
Bununla belə, beşqat dünya çempionlarının rəqibləri ilə əvvəlki görüşlərinə nəzər saldıqda bəzi maraqlı faktlar diqqəti çəkir. Məsələn, Braziliya yığması Kamerunla son oyununda - Konfederasiyalar kuboku-2003-ün qrup mərhələsində məğlub olub (0:1). Elə Meksika da dəfələrlə braziliyalılara qalib gələ bilib, o cümlədən də 2012-ci ilin iyununda ABŞ-da yoldaşlıq görüşündə - 2:0.
Pley-offa çıxmaq məsələsində Braziliyaya yol yoldaşı ola biləcək komandaya gəlincə, fikrimcə, Xorvatiyanın qrupda 2-ci yeri tutmaq şansı daha yüksəkdir. Xorvatlar heyətlərinə görə rəqiblərindən fərqlənirlər. Bu komandada Luka Modriç ("Real"), İvan Rakitiç ("Sevilya"), İvitsa Oliç ("Volfsburq") və Mario Mandjukiç ("Bavariya") kimi oyunun taleyini həll edə biləcək futbolçular var. Yeri gəlmişkən, Mandjukiçin cəza səbəbindən Braziliya ilə ilk qarşılaşmanı buraxacağını da xatırladaq.
Meksika millisi yalnız pley-offda Yeni Zelandiyaya qalib gələrək DÇ-2014-ə güclə çıxıb. Heyətində yalnız bir ulduz futbolçu var ki, o da "Mançester Yunayted"in forvardı Xavier Hernandezdir.
Kamerun isə son iki Afrika Millətlər kubokunun final mərhələsinə çıxa bilməyən komandadır. Heyətində də yalnız iki futbolçunu - "Çelsi"nin hücumçusu Samuel EtoO və "Barselona"nın yarımmüdafiəçisi Aleks Sonqu fərqləndirmək olar.
B qrupu haqqında
- İspaniya, Hollandiya, Çili və Avstraliyanın yarışacağı B qrupunda mübarizənin gərgin keçəcəyini güman etmək olar. İspaniya dünya çempionu, FİFA-nın son reytinqində lider olan komandadır. İspanlar statuslarına görə qrup mərhələsini qalib kimi tamamlamağa məcburdurlar. Amma bu komandanın heyətlə bağlı problemlərinin də olduğunu unutmayaq. İlk növbədə hücum xəttində liderin olmaması İspaniya millisinə çətin anlar yaşada bilər: Fernando Torres ("Çelsi") və David Vilya ("Atletiko") son illərdə dişsiz çıxış edirlər, ötən mövsümün kəşfi Dieqo Kostanın ("Atletiko") isə zədəsi tam sağalmayıb. Komandanın əsas qapıçısı İker Kasilyas ("Real") da əvvəlki kimi inamlı çıxış etmir, kobud səhvlər buraxır.
Həmçinin rəqiblərlə də bağlı əndişələr var. Hollandiya İspaniya üçün son illər çətin rəqibə çevrilib. Bu komandaların son 5 qarşılaşmasından yalnız birində ispanlar qələbəyə seviniblər, o da güclə: DÇ-2010-un finalında əlavə vaxtda vurulan qol sayəsində (1:0).
İspaniya indiyədək Çiliyə məğlub olmasa da, son vaxtlar bu komandanı çətinliklə udur və ya heç-heçə edir: DÇ-2010-un qrup mərhələsində 2:1, 2011-ci ildə yoldaşlıq görüşündə 3:2 və 2013-cü ildə 2:2.
Avro-2012-də üç məğlubiyyətlə qrupda qalmış Hollandiya millisi isə mundialın ən gənc komandalarından biridir. Orta yaşı 26-dan bir qədər çox olan bu yığmanın əsas ümidi yaşları 30 olan yarımmüdafiəçilər Uesli Sneyder ("Qalatasaray"), Aryen Robben ("Bavariya"), hücumçular Robin van Persi ("Mançester Yunayted") və Klaas-Yan Huntelaardır ("Şalke"). DÇ-2010-da finala çıxan Hollandiya millisinin həmin nailiyyəti təkrarlayacağı inandırıcı görünmür.
Çili son illər yüksəlişdə olan komandadır. Bu yığmanın əsas ümidləri isə yarımmüdafiəçi Arturo Vidal ("Yuventus") və hücumçu Aleksis Sançesdir ("Barselona"). Xüsusilə birinci futbolçu, dizinin zədəsi hələ tam sağalmasa da, son vaxtlar dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olduğu barədə iddiaları doğrultmağa çalışacaq.
İlk baxışdan Avstraliya millisinin qrupun autsayderi olacağını güman etmək mümkündür. Amma unutmayaq ki, "kenqurular ölkəsi"nin təmsilçisi DÇ-2006 və DÇ-2010-da 4 xal toplaya bilib.
Hazırladı:
İlkin Həsənoğlu
Digər Xəbərlər
2024-12-25 11:27:00
2024-12-24 23:55:16
2024-12-24 23:41:31
2024-12-24 23:06:26
2024-12-24 21:50:16
2024-12-24 21:20:12
2024-12-24 20:40:42
2024-12-24 19:58:40
2024-12-24 19:21:08
2024-12-24 18:09:50
2024-12-24 17:55:05
2024-12-24 17:18:37
2024-12-24 16:26:00
2024-12-24 15:32:19
2024-12-24 15:11:45
2024-12-24 14:44:55
2024-12-24 14:38:49
2024-12-24 14:25:00
2024-12-24 13:56:29