Azərbaycan Yazıçılar Birliyi Anar Yazıçılar Birliyi olsun!
15:44 14-06-2014
CƏMİYYƏT
Azərbaycan Yazıçılar Birliyi Anar Yazıçılar Birliyi olsun!
Şair və yazıçılar Anarın yenidən sədr olmaq istəməsinə nə dedilər?
Yazıçı Anar Azərbaycan Yazıçılar Birliyinin sədri postunda qalmaq niyyətini açıqlayıb. Anar bunu "525-ci qəzet"in 13 iyun sayında dərc etdirdiyi yazısında elan edib.
"XII qurultayımız" adlı yazısında Anar bildirib: "Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaq üçün qərarımı qurultay ərəfəsində verəcəm - deyirdim. İndi qurultay ərəfəsində bildirirəm ki, qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram".
İyunun 17-si Bakıda, Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçiriləcək. Qurultayda sədr seçkisi də olacaq. Yazıçı Anar 1987-ci ildən Azərbaycan Yazıçılar İttifaqının sədridir.
Xatırladaq ki, Azərbaycan Yazıçılar İttifaqı 80 il əvvəl - 1934-cü il iyunun 13-də Bakıda yaradılıb. Quruma müxtəlif illərdə Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı rəhbərlik edib.
İndi isə sizə Anarın yenidən AYB sədri olmaq istəməsinə dair şair və yazıçıların reaksiyalarını təqdim edirik.
Yazıçı Etimad Başkeçid: "Anarın yenidən sədr olaçağı bəlliydi onsuz da. Qurultayın öz ənənəsinə uyğun şəkildə, aqressiv susqunluq şəraitində keçiriləcəyi də bəllidir. Anar müəllim II Fiopsun rekordunu təzələmək fikrinə düşsə belə, heç zaman heç bir maneə ilə üzləşməyəcək. yuxarılardan "Yaxşı yol!" diləkləri onun üzünə oxunmayınca. Ona görə də, bu qurultay nizamnaməyə dəyişiklik edib, Anar müəllimi ömürlük sədr təyin etsə daha məntiqli olar, yazarlar dağa-daşa düşməz, birdəfəlik işlərini bilərlər. Bir az da irəli gedib, Anar müəllimi "Bütün Qafqazın yazıçılar birliyinin sədri" elan etmək olar. Hər şey onu göstərir ki, Nəriman Əbdülrəhmanlının istefasına ironik münasibət (hərçənd bunu daha istedadlı ifadə etmək mümkün idi) sərgiləyən təşkilatımız yumor hissindən məhrum deyil".
Şair Zahir Əzəmət: "Hesab edirəm ki, Anar gəncdir, onun AYB sədri olması, yaradıcılığı üçün böyük stimul verər, tanınar, kitabları satılar. Ona görə dəstəkləyirəm. Ümumiyyətlə, təklif edirəm ki, qurumun adı bu qurultayda dəyişdirilsin və Anar Yazıçılar Birliyi olsun".
Yazıçı Əkrəm Əylisli: "Mənim üçün o anlaşılmazdır ki, 80 yaşına çatmış insan deyir ki, mən olmasam, AYB batar, bu, gülünc bir şeydir axı... Azərbaycan Yazıçılar Birliyinin qurultayındakı nümayəndələrin orta yaş həddi 60-dan yuxarıdır. Elə buna görə də, 80 yaşına çatmış sədrin yenidən namizəd olmasına təəccüblənmək lazım deyil. Əgər AYB fəallarının yaşı 60-dan yuxarıdırsa, bunun sədrinin 76 yaşı olmağı da təbiidir. Mən anlaya bilmirəm ki, 76 yaşı ərəfəsində Yazıçılar Birliyinin sədri kimi qalmaq ehtirası hansı məntiqdən, hansı düşüncədən doğur? Bunu necə izah eləmək olar? Qurultaya dəvət olunanların siyahısına baxın, görün, neçə faizi sovet dövründən qalandır. Bəs, müstəqillik dövründə yetişmiş nəsil haradadır? Ora yeni nəsil cəlb olunmalıdır ki, bir canlanma yaransın. Əgər, gənclik olmasa, nəyin hesabına yeni ədəbiyyat yaradacaqlar?"
Şair Elnur Astanbəyli: "AYB ədəbiyyatla əlaqələrini itirmiş, ədəbi prosesdən qopmuş, ölüvay bir qurumdur. Orada nə baş verdiyi şəxsən məni maraqlandırmır. Anar Rzayevin yenidən sədr olmaq istəməsinə isə təəccüblənmədim. O artıq həmin vəzifə olmadan yaşaya bilməz. Anar Rzayev bu gün özünü yalnız və yalnız "ədəbiyyat naziri" kimi təsəvvür edir, eyni zamanda başa düşür ki, həmin postdan kənarda onun varlığı mümkün deyil, unudulub gedəcək, kimsə haqqında danışmayacaq, yazmayacaq. Hərə bir nazirliyi qamarladığı kimi, Anar Rzayev də AYB-ni - bu qeyri-rəsmi Ədəbiyyat Nazirliyini öz mülkü hesab edir, fikirləşir ki, başqaları vəzifədə az qala ömürlük oturublarsa, o niyə yerindən dəbərməlidir. 21-ci əsrdə bu fəlsəfə və əxlaqla yaşayanlara görə ancaq utanmaq olar".
Şair Səlim Babullaoğlu: "Mən hesab edirəm ki indiki vəziyyətdə Anarın alternativi yoxdur. Yəni Anar dura-dura kiminsə öz namizədliyini irəli sürməsi bir qədər gülməli, bir qədər də uğursuzluqdur. Özünə hörmət edən adam bunu etməməlidir. Üstəgəl Anarın ədəbiyyat tariximiz və AYB tarixi üçün əvəzolunmaz xidmətləri var. Xeyr, mənim sözlərim elə başa düşülməməlidir ki, başqa adam olmamalıdır, yaxud olmayacaq. Əsla. Olacaq nə vaxtsa. Amma bu gün bu belə deyil. Mən Xalq yazıçısı Anara səs verəcəm".
AYO başqanı Namiq Hüseynov: "Bundan bir neçə gün öncə gənc AYB üzvü Kəramət Böyükçöl AYO haqda bir məqalə yazıb, burda əsasən gənclərin toplanmasını, hətta sədrin ən gənc üzvlər arasından seçilməsinə etiraz və ikrah tonunda bir yazı yazmışdı. Bir gəncin gəncliyə bu dərəcədə ikrahı əlbəttə məni üzdü. Soruşdum ki, Kəramət bəy, siz niyə gənc ola-ola AYB sədri olmayasınız? Neynəyəsən ki, başda Kəramət olmaqla bütün AYB-çilər deyirlər o vəzifəyə ən layiqli namizəd Anar müəllimdir. Bilirsiniz, AYB-də təqaüd deyilən bir maddi asılılıq var və onun varlığı təşkilatdakı demokratik mühiti tamam korlayır. Adamlar 200 manatı itirməmək üçün, hər şeyə göz yumurlar, elə eyni adamın dəfələrlə sədr seçilməsinə də. Təəssüf edirəm ki, yazarları belə çörəklə imtaha çəkirlər. Mən özüm və ümumilikdə AYO, AYB-dəki qurultayı, sədrliyə namizədləri, keçiriləcək səsvermələri və də qurultayın nəticələrini izləməyəcəyik, bizim üçün bu proses maraqsızdır, çünki hər şey əvvəldən o qədər aydındır ki. Sadəcə ölkədəki bütün təşkilatlara demokratik abu-havasına, söz və vicdan azadlığının tam qorunmasına görə nümunə olaraq AYO-nu göstərmək istərdim. Burda ildə bir dəfə şəffaf seçki keçirilir və adətən sədr gənc üzvlər arasından seçilir. AYB-də illər ərzində sədrlikdə qalan adamın yaşı get-gedə artıqca AYO-da hər il yeni sədr daha gənc olur".
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07